Mədinə Məcidli • Xəbərlər

Həyatın çətinlikləri insanı məğlub edə bilərmi? – “The Pursuit of Happyness”

Həyat hər zaman insanın istədiyi kimi davam etmir. Bəzən heç gözləmədiyimiz anda bütün planlarımız alt-üst olur, özümüzü çıxılmaz vəziyyətdə hiss edirik. Sahib olduğumuz hər şeyi itirsək belə, yenə də daxilimizdə kiçik bir ümid qalır. İnsanı həyatda saxlayan da məhz həmin ümiddir. Çünki xoşbəxtlik çətinliklərin içində belə gələcəyə inanmağı bacarmaqdır. “The Pursuit of Happyness” ( “Xoşbəxtliyin axtarışında”) filmi də bu mövzunu əhatə edir. Film 2006-cı ildə çəkilib və baş rolda Uill Smit yer alıb. Ən maraqlı tərəfi isə Kris Qardner adlı real bir insanın həyat hekayəsinə əsaslanmasıdır.

Filmin qəhrəmanı Kris Qardner maddi çətinliklər yaşayan, ailə problemləri ilə üzləşən və kiçik oğlu ilə birlikdə həyat mübarizəsi aparan atadır. O, bütün qazancını tibbi cihazların satışına yatırsa da, istədiyi uğuru əldə edə bilmir. Məhsullar satılmadığı üçün maddi vəziyyəti getdikcə ağırlaşır. Həyat yoldaşı onu tərk edir və Kris kiçik oğlu ilə tək qalır. Bir tərəfdən övladını böyütməli, digər tərəfdən isə özünə gələcək qurmalıdır. Onun həyatında ən ağır dövrlər başlayır. Bəzən qalmağa yerləri olmadığı üçün sığınacaqlarda, metro stansiyalarında və başqa müvəqqəti məkanlarda gecələyirlər. Təsəvvür edin, ata öz övladını qorumağa çalışır, amma ona rahat bir yataq belə təmin edə bilmir. Buna baxmayaraq, Kris oğlunun yanında güclü görünməyə çalışır.

Bir müddət sonra Kris şirkətdə təcrübə proqramına qəbul olunur. Lakin proqram ödənişsizdir və iştirakçılardan yalnız biri işə götürüləcəkdir. Kris bütün çətinliklərə baxmayaraq mübarizəsini davam etdirir. Nəhayət, zəhmətinin qarşılığını alır və işə qəbul olunur. Filmin ən təsirli tərəfi Kris-in bütün bunlara baxmayaraq özünə və gələcəyinə olan inamını itirməməsidir. O, hər gün eyni problemlərlə qarşılaşsa da, bir gün həyatının dəyişəcəyinə inanır. Filmdə onun oğluna söylədiyi fikirlər də çox düşündürücüdür:

“İnsan başqalarının onun arzularına mane olmasına icazə verməməlidir. Bəzən insanlar özlərinin bacarmadıqlarını başqalarının da bacarmayacağını düşünürlər.”

Pakistanlı Malala Yusifzay -nin hekayəsidə oxşarlıq təşkil edir. Malalanın mübarizəsi Kris-in mübarizəsindən fərqlidir, lakin hər ikisini birləşdirən əsas xüsusiyyət çətinliklər qarşısında geri çəkilməmələridir. Malala hələ uşaq yaşlarından təhsilə böyük maraq göstərirdi. O, Pakistanın Svat vadisində yaşayırdı. Həmin ərazidə Talibanın təsiri artdıqca qızların məktəbə getməsi qadağan edilməyə başladı. Məktəblər dağıdıldı, qızların təhsil almaq hüququ əllərindən alındı. Lakin Malala susmaq istəmirdi. O, cəmi 11 yaşında “BBC” üçün anonim gündəlik yazmağa başladı və yaşadığı ərazidə qızların təhsildən məhrum edilməsindən danışdı. 2012-ci il oktyabrın 9-da, məktəbdən evə qayıdarkən Malala başından güllə yarası aldı. Bir çox insan onun sağ qalacağına inanmırdı. Lakin Malala həyatda qalmağı bacardı. Daha sonra müalicə aldı və öz mübarizəsini davam etdirdi. Başına gələn hadisədən sonra qorxaraq susmağı seçmədi. Əksinə, təhsil hüququ uğrunda mübarizəsini daha geniş miqyasda davam etdirdi. 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatında çıxış etdi, 2014-cü ildə isə Nobel Sülh Mükafatına layiq görüldü. Malalanın hekayəsi mənə göstərir ki, bəzən balaca bir uşağın səsi milyonlarla insana təsir edə bilər. Onun uğrunda mübarizə apardığı şey dünyada təhsil almaq imkanı olmayan bütün qızların gələcəyi idi.

Kris Qardner və Malala Yusifzay-nin həyatlarına nəzər saldıqda onların fərqli ölkələrdə, fərqli şəraitlərdə yaşadıqlarını görürük. Biri yoxsulluqla və ailəsini dolandırmaqla mübarizə aparırdı, digəri isə təhsil hüququ uğrunda təhlükələrə baxmayaraq səsini dünyaya çatdırmağa çalışırdı. Lakin hər ikisi bizə eyni həqiqəti göstərir: insanın qarşısına çıxan çətinliklər onun arzularından daha böyük olmamalıdır.

Məncə, cəmiyyət olaraq bəzən insanların sadəcə uğurlu nəticələrini görürük. Halbuki hər uğurun arxasında görünməyən bir mübarizə dayanır. Əsas olan insanın özünə olan hörməti, məqsədləri və çətinliklər qarşısında göstərdiyi iradədir. Həyat hər zaman ədalətli olmaya bilər. Bəzən zəhmətimizin qarşılığını dərhal almırıq, bəzən çox istədiyimiz şeylərə gec çatırıq. Amma bu, arzularımızdan imtina etməyimiz üçün səbəb olmamalıdır.

“Heç vaxt arzularınızdan vaz keçməyin. Çünki bu gün yaşadığınız çətinliklər sabah yazacağınız uğur hekayəsinin başlanğıcı ola bilər.”