Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Polşanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
“Füyuzat”ın məlumatına görə, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də iki ölkə arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlət başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.
Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib.
Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlara səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
Söhbət zamanı münasibətlərin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.