Xəbərlər

İnsan Haqları Şurası Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İsrailin intensiv hücumları altında olan Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.

“Füyuzat”ın məlumatına görə, BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyası çərçivəsində “İnsan hüquqlarının vəziyyəti və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində hesabatlılıq və ədalətin təmin edilməsi öhdəliyi” adlı qətnamə layihəsi səsə qoyulub.

Səsvermədən əvvəl qanun layihəsi ilə bağlı danışan Pakistanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Bilal Əhməd bildirib:

“Qətnamə layihəsi, xüsusən də işğal olunmuş Fələstin ərazilərində üzləşdiyimiz geniş insan hüquqları pozuntularına cavab vermək üçün yenilənib. Mətn geniş və şəffaf məsləhətləşmələrin nəticəsidir. Qətnamənin preambulasında “İşğal olunmuş Fələstin” məsələsi öz əksini tapıb”.

Qeyd edək ki, Fələstinin BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi, səfir İbrahim Xrayşi Fələstində humanitar fəlakətin şahidi olduqlarını və minlərlə günahsız fələstinlinin öldürüldüyü hücumların dayandırılmasını tələb edib.