Xəbərlər

İran ABŞ-dan qoşunlarını Suriyadan çıxarmağı tələb edib

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Saed İravani ABŞ-dan hərbi kontingentini Suriyadan çıxarmağı tələb edib.

“Füyuzat”ın məlumatına görə, bu sözləri Əmir Saed İrəvani BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar və siyasi vəziyyətlə bağlı iclasında bildirib.

“Suriyada sülh və sabitlik ABŞ qoşunlarının Suriyadan dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Onlar terrorçuluqla mübarizə aparmaq əvəzinə neft oğurluğuna, Suriya xalqını qarət etməyə və BMT-nin terrorçu elan etdiyi qruplara dəstək verməyə davam edirlər”, – İrəvani qeyd edib.

Diplomat vurğulayıb ki, beynəlxalq ictimaiyyət terrorizm, xarici işğal və iqtisadi terrorla mübarizədə Suriya xalqını tək buraxmamalıdır: “Böhranın səbəbi qanunsuz sanksiyalar idi”.

Hazırda Suriyada 900-ə yaxın ABŞ əsgəri var. Onlar bölgədə Dəməşqin razılığı və BMT Təhlükəsizlik Şurasının mandatı olmadan yerləşdirilib. 2015-ci ildən Pentaqon Suriya ərazisində 9 hərbi baza yaradıb. Onlardan ən böyüyü Tell Beydarda (Hasaka vilayəti) yerləşir.