Ötən ilin sonlarından etibarən İranda vüsət alan etiraz dalğası və bu ilin fevral ayında başlayan ABŞ–İran müharibəsi unudulmuş bir fiquru – 1979-cu ildə böyük qəzəblə devrilmiş sonuncu İran şahı Məhəmməd Rza Şah Pəhləvinin oğlu Rza Pəhləvini yenidən gündəmə gəldi. Rza Pəhləvi sosial mediada və televiziya kanallarındakı çıxışları ilə son bir neçə aydır xaotik bəyanatlar verir, şirin vədləri arasında qapalı şəkildə babası və atası kimi şovinist mesajlar ötürür. Rzanın bu çıxışları marginal qüvvələri riqqətə gətirsə də, cənublu soydaşlarımız və digər mötədil qüvvələr tərəfindən qəzəblə qarşılandı.
Bəs hələ də Yaxın Şərqdə adı qara bulud kimi dolaşan “Pəhləvi” ailəsi necə ortaya çıxdı? Necə oldu ki, adı belə qondarma olan bir ailə Qacar xanədanını devirdi? Bütün bunları daha yaxşı anlamaq üçün tarixin səhifələrini bir az vərəqləməyə ehtiyac var.
1926-cı ilin aprel ayının 25-də İran tarixində paradiqmatik dəyişikliyə səbəb olan tacqoyma hadisəsi yaşanırdı. Qəznəvilərdən bu yana fasilələrlə, Səfəvilərdən sonra isə yüz illərdir dəyişməz olan türk hakimiyyəti İranda sona çatırdı. Xarici və daxili amillərin zəiflətdiyi Qacar xanədanı kazak polkunun komandiri Rza xan tərəfindən devrilmişdi.
Ruslar və ingilislərlə qurduğu diqqətli əlaqələr nəticəsində hakimiyyəti qəsb edən Rza xan Tehranda tacqoyma mərasimi keçirir və “Əlahəzrət” olurdu. Üstəlik, Rza xan İranda türk hakimiyyətinə son qoyduğunu göstərmək üçün “Pəhləvi” (“Parfiyalı”) soyadını özünə götürürdü. Özünü Əhəmənilərin mənəvi varisi hesab edən Rza şah bununla bir növ İranda türk hökmranlığının bitdiyini də bir növ elan edirdi. Rza xan əslində bu günləri lap əvvəldən planlamışdı, tarixi hadisələrdən şəxsi maraqları üçün istifadə etməyi gənc yaşlarından öyrənmişdi…
XIX əsr İranı: Böyük Oyunun qurbanı
1797-ci ildə Ağa Məhəmməd Şah Qacarın sui-qəsd nəticəsində öldürülməsi Qacar xanədanına hakimiyyətlə yanaşı, iki bədnam miras da buraxmışdı. Bunlardan ilki getdikcə güclənən Çar Rusiyası, digəri isə pusquda hazır gözləyən feodal özbaşınalığı idi.
Bu iki böyük problem ilk günlərdən Qacarlar sülaləsini qarabaqara izləməyə başladı. XIX əsrin ilk rübündə Qacarlar və Çar Rusiyası arasında 1804–1813 və 1826–1828-ci illərdə iki böyük müharibə yaşanmış və hər iki müharibə Qacarların məğlubiyyəti ilə sona çatmışdı. Qanlı müharibələr nəticəsində xəzinə boşalmış, feodal qruplaşmaların təşkil etdiyi ordu zəifləmiş, mərkəzi hakimiyyət geriləmişdi. İkibaşlı şimal qartalına qarşı təkbaşına mübarizənin mümkünsüz olduğunu görən Qacar şahları Qafqazda və Xorasanda artan Rusiya təhlükəsinə qarşı Britaniya imperiyası ilə yaxınlaşmağa başladılar. Ancaq bu yaxınlaşma Qacarları bir növ məngənə arasına salacaqdı…
Sənaye inqilabını qaçıran, mərkəzi dövlət, vahid maliyyə və ordu sistemi qura bilməyən Qacarlar dövləti tədricən Rusiya ilə Britaniya arasında XIX əsrin sonu və XX əsrin əvvəllərində Cənubi və Mərkəzi Asiyaya nəzarət uğrunda başlayan geosiyasi rəqabətin qurbanına çevrildi.
İranın şimalında Rusiyanın, cənubunda isə Britaniyanın təsir dairələri formalaşdı. Ölkə iqtisadiyyatı və ticarət sistemi xarici sərmayə sahiblərinin əlinə keçdi. Dövlətin düşdüyü bu faciəvi vəziyyət isə Qacarların nüfuzuna, şübhəsiz ki, mənfi təsir göstərdi. Ziyalı təbəqə, ruhanilər və sadə xalq kütlələri ilə Qacar sülaləsi arasında dərin uçurum formalaşmağa başladı. İranı tez-tez baş verən xalq üsyanları bürüdü.
Tarixi qırılma: Məşrutiyyətə gedən yol
XIX əsri təlatümlərlə başa vuran İran XX əsrə də eyni vəziyyətdə girirdi. İranın xarici qüvvələrdən birbaşa asılı olması, ölkənin de-fakto Rusiya və Britaniya tərəfindən ikiyə bölünməsi, ağır bürokratiya və mütləq yoxsulluq sosial partlayışa gətirib çıxardı. 1905-ci ildə başlayan üsyanlar qısa müddətdə ümummilli konstitusiya hərəkatına çevrildi. 1908-ci ildə xalq qəhrəmanı Səttar Xanın başçılıq etdiyi Təbriz üsyanı isə inqilabi proseslərin kulminasiya nöqtəsinə çevrildi. 1911-ci ilə qədər davam edən Məşrutə inqilabı özünün bütün məqsədlərinə çatmasa da, konstitusiya rolunu oynayan Qanuni-Əsasi və burjuaziyanın kölgəsində olsa da, parlamentin formalaşmasına gətirib çıxardı.
İnqilabi proseslər İranda Qacarların nüfuzunu daha da zəiflətdi. Birinci Dünya müharibəsi isə İran üzərində Rusiya və Britaniya hegemoniyasını pik həddə çatdırdı. Birinci Dünya müharibəsi nəticəsində Çar Rusiyası dağıldı. 1879-cu ildə çarın xeyir-duası ilə qurulmuş və bir növ Rusiyanın İrandakı beşinci kolonu sayılan kazak polku başsız qaldı. Rus zabitlərinin yerini yerli zabitlər tutdu. 16 yaşından polkda xidmət göstərən və rus silahlarından mahir istifadə etdiyinə görə “Rza Maksim” ləqəbi almış polkovnik Rza xan hərbi birləşmənin komandiri oldu. Beləcə, xaotik vəziyyətdəki İranda tək real hərbi gücə sahib olan şəxs Rza xan oldu. Çünki o dövrdə mərkəzi ordudan məhrum olan İranda silahlı qrupların mövcudluğu formal idi, hərbi qruplar tayfa rəhbərlərinin şəxsi dəstələrinə çevrilmişdi.
İranın elit ordu birliyi sayılan bu polk rus zabitləri tərəfindən yetişdirilirdi. Hərbi gücü əlində cəmləşdirən Rza xan 1920-ci ildə ingilislərlə vədləşərək Tehranda özünün kölgə hakimiyyətini qurdu. Ruslardan sonra ingilisləri də neytrallaşdıran Rza xan artıq ölkədə tək hakim olmaq üçün hərəkətə keçdi.
Mərkəzi hakimiyyətin zəiflədiyini dəqiqliklə görən və hərbi elitanın mühüm hissəsini arxasına alan Rza xan fürsəti qaçırmadı. 1921-ci il fevralın 21-dən 22-nə keçən gecə onun rəhbərlik etdiyi kazak briqadası, demək olar ki, bir güllə belə atmadan Tehrana daxil oldu. Paytaxt susqunluq içində əl dəyişdi. Əhməd şah Qacar qaçmağa cəhd etsə də, İngiltərə səfiri israrla onu geri çəkilməyə məcbur etdi. Şah taxtını qorumaq üçün üsyançılara güzəştə getdi: Seyid Ziyaəddin Təbatəbai baş nazir, Rza xan isə hərbi nazir oldu.
Çevriliş baş tutduqdan sonra Qacar sülaləsinə qarşı görünməmiş təzyiqlər başladı. Qacar xanədanının çoxsaylı üzvləri və sülaləyə yaxın şəxslər həbs edildi, bir hissəsi isə ölkədən qaçmaq məcburiyyətində qaldı. Çevrilişdən qısa müddət sonra Rza xan və Seyid Ziyaəddin arasında fikir ayrılıqları yarandı, hakimiyyət uğrunda mübarizə sonuncunun istefası ilə yekunlaşdı. Seyid Ziyaəddinin istefasından sonra Rza xan özü baş nazir oldu. 1923-cü ildə baş nazirlik istəyinə çatan Rza xanın önündə sadəcə bir əngəl qalırdı: Əhməd şah.
Əhməd şah Tehranda olarkən rahat şəkildə məqsədinə çata bilməyəcəyini anlayan Rza xan şahı Avropaya getməyə məcbur etdi. Şahı Tehrandan uzaqlaşdıran Rza xan artıq Qacarlar sülaləsini devirmək üçün son hazırlığa başladı. Qacarlar əleyhinə İran daxilində qarayaxma kampaniyası başladan Rza xan iki il ərzində ölkədə istədiyi əhval-ruhiyyəni formalaşdırmağa nail oldu.
İki il, demək olar ki, sürgündə yaşayan Əhməd şah hakimiyyətini bərpa etmək üçün son dəfə cəhd göstərdi və 1925-ci ilin oktyabrında Tehrana qayıdacağını açıqladı. Lakin şah üçün artıq geri dönüş yolu qalmamışdı. Baş nazirin göstərişi ilə paytaxtda şah əleyhinə mitinqlər təşkil olundu, mətbuat Əhməd şaha qarşı hərəkətə keçdi. Ölkəyə qayıda bilməyən şah Fransada qalmaqda davam etdi. Bununla da Qacarlar sülaləsinin taleyi faktiki olaraq həll edildi. İran parlamenti Əhməd şahı və Qacarları hakimiyyətdən məhrum etdi. Yeni şah isə hazır idi: Rza xan qanunverici hakimiyyətin dəstəyi ilə şahənşah elan edildi. Beləliklə, İranda çoxəsrlik türk hakimiyyətinə son qoyuldu.
1926-cı il aprelin 25-də Rza Pəhləvi üçün tacqoyma mərasimi təşkil edildi. Tacını da əldə edən Rza şah radikal islahatlar və şovinist-millətçi siyasət xəttini tutdu. Rza şah bir növ İranın tarixinə və milli-mənəvi dəyərlərinə qarşı “müharibə” elan etdi…
Kazım Kazımov



