Xəbərlər

İrəvanda Paşinyanın istefası tələbi ilə etirazlar və tətillər başlayıb

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi və tətillər başlayıb.

“Füyuzat”ın məlumatına görə, etiraz aksiyaları yerli xəbər portallarında real vaxt rejimində yayımlanır.

Ermənistan müxalifəti hələ baş nazirliyə namizədlə bağlı qərar verməyib. Həmçinin, müxalifət parlamentdə Paşinyana qarşı impiçment proseduruna başlayıb.

“Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Srbazanın rəhbərlik etdiyi minlərlə nəfərlik yürüş universitetlərə çataraq tələbələri mübarizəyə qoşulmağa çağırır.

İrəvan Dövlət Universitetinin tələbə şurasının rəhbəri Xaçik Abajyanın sözlərinə görə, ölkənin əsas universitetində tədris prosesi dayandırılıb, tələbələr tətilə çıxıb və müxalifətin yürüşünə qoşulublar.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti etirazçılara qanunsuz hərəkətlərinə görə qarşı xəbərdarlıq edib, konstitusiya quruluşunu təhdid edən istənilən qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə nəzarət altına alınacağını bildirib.