Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər.
“Füyuzat”ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
O qeyd edib ki, ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır və təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq çətindir.
“Bugünkü qarşılıqlı inamsızlıq, davam edən hərbi münaqişələr, beynəlxalq bloklanmaları nəzərə alsaq, ATƏT-in unikallığı ondan ibarətdir ki, böyük coğrafiyanı əhatə edən və bir-birinin yanaşmalarını bölüşməyən ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın işi çərçivə və platformanın yaradılması, onun qorunub-saxlanmasından ibarətdir. Heç bir münaqişə sonsuz deyil. Bunun qarşısını almaq üçün isə platformalar olmalıdır. Həmin platformalar həm də açıq qalan məsələlərin həllinə töhfə verir”, – o əlavə edib.