Xəbərlər

İtaliya İsraili Rəfaha girməməyə çağırıb

“İsraili Rəfaha girməməyə çağırdıq. Ümid edirəm ki, İsrail bunun bir səhv olduğunu və nəticədə çoxlu mülki vətəndaşın zərər çəkəcəyini anlayar”.

“Füyuzat”ın məlumatına görə, bunu İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani söyləyib.

İsraildən Rəfahda müharibənin davam etməməsini istədiklərini vurğulayan Tacani İtaliya hökuməti olaraq girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımının çatdırılmasının tərəfdarı olduqlarını bir daha vurğulayıb.

“Biz iki dövlətli həll üçün çalışırıq. Bu, çox çətindir, tərəflər razılaşmır, lakin bölgənin sabitliyi üçün çalışmalıyıq”, – Tacani bildirib.

Antonio Tacani İtaliyanın martın 11-də “Qəzza üçün qida” adlı təşəbbüslə çıxış etdiyini xatırladıb və qeyd edib: “Bu layihədə biz artıq Qəzza zolağı üçün istifadə etdiyimiz 20 milyon avrodan əlavə 20 milyon avro daha sərmayə qoyacağıq. Məqsəd BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP), Qırmızı aypara və qırmızı xaç ilə birlikdə quru və dəniz vasitəsilə mülki əhaliyə ərzaq ehtiyatlarının çatdırılmasına kömək etməkdir. Çünki hava yardımı kifayət deyil. Bu yardımlar bəzən dənizə düşür. Bu qida yardımlarını almaq istəyərkən boğulan insanlar var idi. Ona görə də, əvvəldən dəstəklədiyimiz kimi, Rəfahdan humanitar koridordan keçmək daha yaxşı olar”.