Türkiyəli rejissor Nuri Bilgə Ceylanın “Quru otlar haqqında” (Kuru otlar üstüne) filmindən izlədiyim kiçik bir epizod uzun müddətdir ki, zehnimi məşğul edən məsələnin adını müəyyən etməyə vəsilə oldu: itirilən insan(lıq)… Videoda hadisələr Anadolunun bir kənd məktəbində cərəyan edir. Şagirdlərə qışda geyinmək üçün ayaqqabı paylanılan məktəbə gələn Həlimə özünün ayaqqabısı olmamasına baxmayaraq, öz payını kiçik bacısı üçün götürür… Bəlkə də, filmin özündən də böyük olan bu səhnəsi mənə bu yazını yazdırır…
Bu günlərdə insanların həddindən artıq dəyərsizləşdirildiyinə şahidlik edirik. Texnoloji inkişafın orta statistik insana da əlçatan ayağı olan sosial media insanın məhz insanlığını elə bir sürətlə instrumental (instrumentalization) hala salır ki, narahat olmağa belə vaxt tapmır! Təəccüblüsü isə budur ki, bu instrumentallaşdırma “ağıllı” telefonlar vasitəsilə baş verir… Modernizmin qürur mənbəyi olan insan məhz sosial mediada onu var edən bütün dəyərlərini yox sayaraq elə özünü “pazarlamaq”la məşğuldur…
Halbuki modern dünya məhz elə insan üzərinə bina edilmişdi. İntibah dövrü min illik xristian izlərindən xilas olmaq üçün məhz insan formunu qabartmaqla modern dövrün yaxın keçmişi kimi ortaya çıxmışdı. Lakin burada bir ziddiyyət də var. Mikelancelonun məhşur David heykəli elə modernizmin insanı instrumentallaşdırmasının başlanğıcı kimi də qiymətləndirilə bilər. Yəni Mikelancelo dindən ayrı bir insan formunun düşünülməsinin önünü açmış oldu. Beləliklə, Dekart, Con Lokk, Kant kimi modern filosoflar intibahın ayaq izlərinə sadiq qalaraq modernizmi insan mərkəzli inşa etdilər. Bunun özü də bir instrumentallaşdırma idi. Nəhayət modern çərçivəyə, qəlibə salınan insan (düşünən, ağıl sahibi, qərar verə, seçə bilən) qurulan milli dövlətlərlə insanı millətlər konteksində instrumentallaşdıraraq insan mərkəzli (əslində, Avro mərkəzli) siyasi və iqtisadi “istablişment” (quruluş) inşa etdilər…
Lakin bu gün gündəlik həyata, insanın roluna, dəyərlərinə birbaşa müdaxilə edən texnoloji inkişaf yeni insan böhranını doğurmuşdur… Qoxusu, dadı, heç nəyi olmayan sosial məcra insanın məhz modernlər tərəfindən müqəddəsləşdirilən insanlığını əlindən almaqdadır. Artıq insan daha çox qazanmaq (əslində, itirmək) naminə özünü “pazarlamaq”la məşğuldur. Kimisi mətbəxdən, kimisi başqa bir yerdən olmaqla insanlığının instrumentallaşdırılması naminə yarışda qalmaq üçün əlindən gələni edir. Texnologiyanın bu sürətlə inkişafında başqa bir çarə varmı, açığı, bilmirəm. Bildiyim, təhlükədə olan məhz elə insan(lıq)dır.
Nədir insanlıq?
İnsanlıq məhşur Nuri Bilge Ceylanın “Quru otlar haqqında” (Kuru otlar üstüne) filmindən olan bu qısa videodakı kimi bəzən özünü deyil, başqasını düşünə bilmək ərdəmidir. Düşündüyün başqası bəzən ailəndən, bəzən millətindən, bəzən də sadəcə insan ola bilər.
İnsanlığın yeni bir çərçivəyə, qəlibə ehtiyacı olduğu aşkardır. Lakin modern çərçivə artıq funksionallığını və etibarlılığını itirib. Qlobal bir təsiri olan köçlərdən də anlaşıldığı kimi, təhlükədə olan və itirilən məhz elə insanlıqdır. Ayrı-ayrı ingilis, fransız və s. insanı qazanır. Lakin ümumən insanlıq itirir… Çıxış yolu yenə insanın zəifləyən dövlət varlığının güclənməsi naminə yeni bir ictimai müqavilə imzamalası ola bilər…