“Avropa İttifaqı (Aİ) Qəzza zolağında sabit sülhün təmin edilməsində maraqlıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas məlumat verib.
“İndi Qəzzada atəşkəs var. Davamlı sülhün bərqərar olması Aİ-nin marağındadır. Buna nail olmaq üçün İsrailin təhlükəsizlik maraqlarını və fələstinlilərin müstəqil dövlətinin mövcud olması hüququnu nəzərə almaq lazımdır”, – Kallas yanvarın 24-də Türkiyəyə gözlənilən səfəri öncəsi “Anadolu” agentliyinə bildirib.
O, həmçinin İsraillə Aİ Assosiasiya Şurası yaratmaq və sonra Fələstin hakimiyyəti ilə siyasi dialoq qurmaq niyyətini açıqlayıb. Bundan əlavə, Kallas Fələstin probleminin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu bildirib.
“İki dövlətli həllə nail olmaq üçün balanslaşdırılmış yanaşma lazımdır”, – Avropa komissarı qeyd edib.