Ədəbiyyat Xəbərlər

Kimlər itirmir?

Metronun “28 May” stansiyasında vaqona minəndə tələsirdim. Cəld özümə yer tapmaq üçün ətrafa göz gəzdirdim. Oturandan bir neçə dəqiqə sonra başa düşdüm ki, ən sevdiyim şlyapamı haradasa salıb itirmişəm…

Ta uşaq vaxtlarından itirəitirə gəlir insan. Bir gün oyuncağını, bir gün qələmini, başqa bir gün ilk sevgisini, bir gün dostunu, bir gün də atasını…

“Bəxt üzüyü” filmində həyatdan bütün ümidlərini üzən, bütün həqiqətlərə kor baxmaq üçün içkiyə sığınan Hüseyn demiş: “Kimlər itirmir ki?! Kim itirmir ki, bu dünyada?”

Hə, hamımız itirmişik. Bəlkə də itirməmişik? Bəlkə o heç vaxt bizim olmayıb. Sahib olmadığı şeyi insan necə itirə bilər ki?!

Günlərin birində dostunu itirirsən. Tanıdığın, bildiyin, dünya qədər güvəndiyin dostunu. Düşünürsən: “Ən yaxın dostumu itirdim”. Bəlkə o heç sənin olmayıb. Sənin olan tək şey sənin hisslərindir. Sən dostunu yox, ona verdiyin sevgini, güvəni, etimadı itirdin əslində…

Heç kəs heç kimi itirmir, hər kəs özündən bir parça itirir hər dizləri üstə düşdüyündə. Və sən o sən olmursan  itirdiyini zənn etdiklərinin yerinə qoymağa heç nə tapmayanda. Əslində, bu da bir illüziyadır: nəyinsə yerinə nəyisə, kiminsə yerinə kimisə qoymaq. Bir səhnə tamaşasında iki nəfərin eyni rolu oynadığını düşün. Səhnədə yaşanacaq xaosu və digər roldakıların nə qədər əziyyət çəkəcəyini, izləyicilərin çaş-baş qalacağını təsəvvürünə gətir. Bir aktyordan gördüyün performans digərindən gözlədiyinlə üst-üstə düşməyəcək heç vaxt.

İtirə-itirə böyüyür insan. Əksikliklərini tamamlamaq üçün başqalarından “diləndiyi” sevgilərin yalan olduğunu anlayanda böyüyür. Dünyanın ən xoşbəxt insanı kimi görünməyi bacaranda böyüyür. Bəzən də sadəcə bir gecədə böyüyür. Boşluqla mübarizə aparmağına səbəbin elə bu gecə olduğundan xəbərsiz…

İtirə-itirə gəldiyimiz dünyada son dəfə itirəcəyimiz də elə bu həyatdakı son nəfəsimiz olur. Bəs niyə hələ də silkələnmirik? Niyə dayanmırıq? İtirdiyimiz ya da heç vaxt bizim olmayanların qarşılığı kimi digərlərinin sahib olduğu sevgini, şəfqəti və güvəni də onların əllərindən zorla dartıb alarkən? Yox, yox, ona görə yox ki alandan sonra bunu bir mücövhər kimi ürəyimizin ən saf, təmiz yerində, ülvi hisslərin əhatəsində saxlayacağıq. Ona görə ki müxtəlif səbəblərdən bizdə olmayanı, istəsək də özümüzdə əldə edə bilməyəcəyimiz o şeyi başqasında görmək bizə mənən əzab verir. Axı hamı bizdə olmayanını itirsə, canımız əvvəlki kimi yanmaz. Sızlamaz daha vicdanımız vicdanını itirmişlər içində.

Birdən “Nəsimi stansiyası” səsini eşidib ayağa qalxdım.Vaqonun qapısında əks olunan baxışlarımla gözgözə gələndə beynim, ruhum və ürəyimdə sadəcə tək bir cümlə səsləndi:

“Bu qədər çirkaba dözmək olmur axı!”

Müəllif: Leyla Əlyarzadə