Xəbərlər

Kişida: Çinin güclənməsi fonunda Yaponiya ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirəcək

“Yaponiya Çinin hərbi potensialının inkişafından və Asiya-Sakit okean regionunda fəallığından narahat olduğu üçün ABŞ-la müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida söyləyib.

“Çinə gəlincə, o bu regionda öz imkanlarını, o cümlədən nüvə və raket imkanlarını sürətlə genişləndirir və Rusiya ilə əməkdaşlığı artırır. Beləliklə, onların Cənubi Çin dənizindəki fəaliyyəti daha da güclənir və intensivləşir”, – baş nazir bildirib.

Həmçinin Kişida qeyd edib ki, Tayvan boğazındakı vəziyyətdən narahatdır, çünki Tayvan ətrafında sülh və sabitlik təkcə Yaponiya üçün deyil, həm də bütün beynəlxalq ictimaiyyət üçün vacibdir: “İstənilən münaqişəli vəziyyət danışıqlar yolu ilə həll edilməlidir”.

Qeyd edək ki, Kişida ilə ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda görüş aprelin 10-na planlaşdırılıb. Tərəflər həm ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həm də Hind-Sakit okean regionunda tərəfdaşlarla qarşılıqlı fəaliyyəti müzakirə etməyi planlaşdırırlar.