Müsahibə • Xəbərlər

Kitabsevərlərin görüş yerindən: “MİMTA Yayımları” XII Bakı Beynəlxalq Kitab Sərgisinə necə qatılır?

Oktyabrın 21–dən etibarən XII Bakı Beynəlxalq Kitab Sərgisi kitabsevərlərə qapılarını açmağa hazırlaşır. Paytaxtın ən böyük mütaliə bayramına çevrilən bu möhtəşəm tədbirdə nəşriyyatlar özünün yenilikləri, xüsusi layihələri və rəngarəng stendləri ilə oxucuların qarşısına çıxır. Fəaliyyətə başladığı ilk gündən milli-mədəni dəyərlərin, maarifçilik ənənələrinin təbliğini özünə əsas qayə seçən MİMTA Fondunun nəzdində fəaliyyət göstərən “MİMTA Yayımları” da builki sərgiyə xüsusi hazırlaşaraq qatılır.

Bəs XII Bakı Beynəlxalq Kitab Sərgisində “MİMTA Yayımları” oxucularını hansı əsas ideya və dəst–xətlə qarşılayacaq? Sərgi günlərində işıq üzü görəcək yeni nəşrlər, müəlliflərlə təşkil olunacaq imza saatları, xüsusi endirim paketləri və digər yenilikləri “MİMTA Yayımları” komandasından öyrəndik.

– “MİMTA Yayımları” builki Bakı Beynəlxalq Kitab Sərgisində oxucularını hansı əsas ideya və dəst-xətlə qarşılayır? Bu il stendinizə addım atan oxucu ilk olaraq hansı hiss və təəssüratla qarşılaşacaq?

“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu:

– “MİMTA Yayımları” fəaliyyətə başladığı vaxtdan öz dəst-xətini yaratmış və bu günə kimi qoruyan bir nəşriyyatdır. Sadiq oxucularımız bunu yaxşı bilirlər. Bu da təsadüfi deyil, çünki “MİMTA Yayımları” Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun bir şöbəsidir və Fondun nəşr–yayım işlərini həyata keçirir. Fond isə fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə maarifçiliyin, milli–mədəni dəyərlərin təbliğini özünə prioritet seçib. Təbii ki, nəşriyyatımızın da yayım siyasətində bu dəyərlərə üstünlük veririk.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinə bu il xüsusi hazırlaşmışıq. Oxucular “MİMTA Yayımları”nın stendində yeni nəşrlərlə yanaşı, yeni konseptlə də tanış olacaqlar.

– Sərgi günlərində işıq üzü görəcək yeni nəşrlər, xüsusi təqdimatlar və ya oxucularla ilk dəfə baş tutacaq imza günləri planlaşdırılıbmı?

– Builki sərgiyə ötən illə müqayisədə 60–a yaxın yeni nəşrlə qatılırıq. Həmçinin stendimizdə “Litera” kitab evinin rus və türk dillərində təqdim etdiyi kitabları, “Füyuzat” və “İşıq-qadın” jurnallarının yeni saylarını da görə biləcəksiniz. Bundan başqa, yeni kitabların təqdimat zonalarında keçirilən tədbirləri ilə yanaşı, stendimizdə də hər gün müəlliflərin imza saatı təşkil olunacaq.

Təbii ki, hər il olduğu kimi bu dəfə də oxucularımız seçdikləri kitabları xüsusi endirimlə əldə edə biləcəklər. XII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim etdiyimiz yeniliklərdən biri də həm yerli, həm də xarici sərgi salonunda “Litera”nın ümumilikdə 3 kafeteriya ilə təmsil olunmasıdır. Sərgi iştirakçıları burada yaradılmış rahat guşədə öz kofe və çaylarını içərək dincələ biləcəklər.

– Sərgi günlərində stendinizi ziyarət edənlər üçün xüsusi kampaniyalar və ya endirim paketləri nəzərdə tutulub?

Sərxan Rüstəmov – PR mütəxəssisi:

– Əlbəttə, hər il olduğu kimi bu il də bütün nəşrlərimizə endirimlər tətbiq ediləcək. Yeni çıxan kitablar da daxil olmaqla 20%–dən 70%–dək endirim nəzərdə tutulur. Eyni zamanda bu il ilk dəfə MİMTA Fondunun brendinə aid olan “Litera” kitab evi də 3 stendlə sərgidə iştirak edir. “MİMTA Yayımları” kitablarını əldə edən bütün oxucular “Litera” kitab evinin stendində kofelərə və digər içkilərə endirim qazanacaqlar.

– “MİMTA Yayımları” stendini ziyarət edəcək oxuculara sadiq bir kitabsevər kimi ilk tövsiyəniz nə olardı?

– Çox istəyərdim ki, heç kim sərgiyə tək gəlməsin, dostunu, tələbə yoldaşını, şagirdini, ailə üzvünü, əgər valideyndirsə, mütləq övladını da gətirsin. Almaq istədiyi kitabların siyahısını öncədən hazırlaya, həmin kitablar haqqında oxucu rəyləri ilə tanış ola bilər ki, sərgi müddətində seçim etməkdə çətinlik çəkməsin. Onu da qeyd edim ki, bu sərgidə “MİMTA Yayımları” çoxlu yeni kitablarla çıxış edəcək. Həmin kitabların ilk alıcısı və oxucusu olmaq şansını qaçırmasınlar. Son olaraq isə sərginin ümumi proqramı ilə tanış olmağı, həmçinin “MİMTA Yayımları” səhifəsində elan edilən imza saatlarını nəzərə alaraq sərgiyə gəldikləri vaxtı ona uyğunlaşdırmağı tövsiyə edərdim.

Hazırladı: Günel Natiqqızı