“ABŞ iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərməyi planlaşdırmır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.
Jurnalın yazdığına görə, ABŞ prezidenti Donald Tramp Moskva və Kiyev arasında yenilənmiş birbaşa danışıqların bu raundundan irəliləyiş gözləyir.
Mayın 29-da keçirdiyi brifinqdə Dövlət Departamentinin sözçüsü Tammi Bryus ABŞ-ın Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmayıb.
Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Kiyevlə iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raunduna hazır olduğunu açıqlayıb. Həmçinin o, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin Ukraynaya böhranın əsas səbəblərini aradan qaldırmağa dair Rusiyanın memorandumunu təqdim edəcəyini də bildirib.
Qeyd edək ki, danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və nəticədə “1000-ə 1000” prinsipi ilə əsirlərin mübadiləsi və potensial gələcək atəşkəs haqqında öz baxışlarını təqdim etmək barədə razılaşmalar əldə olunub. Hər iki tərəf görüşün nəticəsindən məmnunluq ifadə edib.