Xəbərlər

KTMT ölkələri bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə söz verib

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr güc tətbiq etməkdən çəkinmək öhdəliyini təsdiqləyir və öz aralarında və digər dövlətlər arasında bütün fikir ayrılıqlarını dinc vasitələrlə həll etmək niyyətindədirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın saytında dərc olunan KTMT Şurasının bəyannaməsində qeyd edilib.

“Biz dövlətlərarası münasibətlərdə güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən çəkinmək və özümüzlə digər dövlətlər arasında bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etmək öhdəliyimizi bir daha təsdiqləyirik”, – bəyannamədə deyilir.

Sənəddə həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq “fərdi və kollektiv özünümüdafiə hüququ” vurğulanıb və KTMT ölkələrinin təşkilata üzv ölkələrin ərazisində təhlükəsizliyin qorunması və sabitliyi pozan təsirlərin qarşısının alınması üçün birgə fəaliyyəti davam etdirmək niyyəti bəyən edilib: “Biz KTMT ölkələrinin kollektiv təhlükəsizliyinə təhdid yaradan silah sistemlərinin bu ölkələrin sərhədləri yaxınlığında yerləşdirilməsinin qəbuledilməzliyini vurğulayırıq”.

Bundan əlavə, bəyannamədə qeyd olunur: “Dünyada silahlı münaqişələrin həlli və vəziyyətin sabitləşməsinə nail olunması təhlükəsizlik sahəsində ölkələrin maraqlarını nəzərə almaqla, bütün siyasi və diplomatik vasitələrdən istifadə etməklə mümkündür. Bu nöqtədə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsipləri, eləcə də təhlükəsizliyin bölünməzliyi prinsipi əsasdır”.

“KTMT-yə üzv dövlətlərin sərhədləri yaxınlığında təhlükəli insidentlərə və hərbi-siyasi gərginliyin artmasına səbəb ola biləcək təxribat xarakterli hərəkətləri qəbul etmirik. Xarici terrorçuların və döyüşçülərin silahlı münaqişə zonalarına hərəkəti ilə bağlı dərin narahatlığımızı bildiririk”, – bəyannamədə əlavə edilib.