Yaşıl timsah, narıncı at arabası, at üzərində polo oynayan idmançı, üç zolaq və hərəkəti xatırladan sadə bir işarə… Milyonlarla insanın ilk baxışdan tanıdığı loqotiplərdir. Lakin bu cür simvolların arxasında maraqlı həyat hekayələri, təsadüflər, şəxsi seçimlər və tarixi hadisələr dayanır. Bəzi brendlərin loqotipləri təsisçilərin həyatından, bəziləri idman dünyasından, digərləri isə şirkətin istehsal fəlsəfəsindən ilhamlanıb.
Lacoste
Lakost brendinin timsah loqotipinin arxasında olduqca maraqlı hadisə dayanır. Hekayə 1923-cü ildə, ABŞ-ın Boston şəhərində başlayır. Həmin dövrdə Rene Lakost adlı gənc fransız tennisçi artıq öz oyun tərzi ilə diqqət çəkirdi. O, meydançada son dərəcə inadkar, dözümlü və mübariz olması ilə tanınırdı. Bir gün Rene Lakost komanda kapitanı ilə mərc edir. O, mağazanın vitrinində gördüyü timsah dərisindən hazırlanmış çantanı çox bəyənmişdi. Komanda kapitanı ona söz verir ki, qarşıdakı oyunda qalib gəlsə, həmin çantanı alacaq. Lakin Lakoste oyunu uduzur və çantanı əldə edə bilmir. Maraqlısı isə bundan sonra baş verir. Amerikalı jurnalistlər onun meydançadakı inadkarlığını görərək ona “Timsah” ləqəbini verirlər. Çünki Lakost rəqibinə qarşı son ana qədər mübarizə aparır, asanlıqla təslim olmurdu. 1927-ci ildə onun dostu və dizayner Robert Corc timsahın ilk təsvirini hazırlayır. Rene Lakost isə bu rəsmi öz idman geyimlərinin üzərinə tikdirməyə başlayır. Beləliklə, əvvəlcə bir idmançının ləqəbi olan timsah sonradan dünya şöhrətli brendin simvoluna çevrilir. 1933-cü ildə Rene Lakost Andre Jilye ilə birlikdə öz geyim şirkətini yaradır və rahat, qısaqollu polo köynəklərinin istehsalına başlayır. Brendin ən maraqlı xüsusiyyətlərindən biri də odur ki, Lakost geyim üzərində görünən loqotipdən istifadə edən ilk markalardan biri, daha dəqiq desək, öz rəsmi tarixçəsinə görə ilk brend olmuşdur.
Hermes
Hermes 1837-ci ildə Fransada Tiyeri Ermes tərəfindən yaradılıb. Şirkət ilk fəaliyyətinə atlar üçün yəhər, cilov, qoşqu və digər dəri ləvazimatları hazırlamaqla başlayıb. Həmin dövrdə at arabaları insanların əsas nəqliyyat vasitələrindən biri idi. Buna görə də atçılıq avadanlıqlarının hazırlanması yüksək ustalıq və keyfiyyət tələb edirdi. Brendin məşhur loqotipi də məhz bu keçmişlə bağlıdır. Loqotipdə at arabası, onu çəkən at və arabanın yanında dayanan xidmətçi təsvir olunub. Alfred de Dreux adlı fransız rəssamın “Duc attele, groom a lattente” adlı əsərindən ilhamlanıb. Hermes ailəsinin kolleksiyasında saxlanılan rəsm sonradan şirkətin vizual simvoluna çevrilib. Loqotip 1945-ci ildə ticarət nişanı kimi qeydiyyata alınıb.
Hermesin narıncı qutularının da ayrıca hekayəsi var. İkinci Dünya müharibəsi illərində qablaşdırma materiallarının çatışmazlığı yaranmışdı. Şirkət əvvəl istifadə etdiyi krem rəngli və digər qablaşdırma qutularını əldə etməkdə çətinlik çəkirdi. Təchizatçıda mövcud olan narıncı qutulardan istifadə edilməyə başlandı. Zaman keçdikcə bu rəng brendin ayrılmaz hissəsinə çevrildi.
Ralph Lauren
Ralph Lauren brendinin loqotipi dünyanın ən asan tanınan moda simvollarından biridir. At üzərində oturmuş, əlində uzun polo çubuğu tutan idmançının təsviri ilk baxışdan sadə görünə bilər. Ralph Lauren 1967-ci ildə öz moda biznesini qurmağa başlayıb. O, ilk olaraq qalstuk kolleksiyası ilə tanınıb. O, insanlara zəriflik, rahatlıq, idman mədəniyyəti və klassik Amerika üslubunu birləşdirən həyat tərzi təqdim etmək istəyirdi. 1971-ci ildə at üzərində polo oynayan idmançının təsviri qadın köynəklərinin qol hissəsində istifadə olunmağa başladı. 1972-ci ildə isə məşhur Polo köynəkləri təqdim edildi və həmin simvol köynəklərin sinə hissəsində yer aldı.
Polo tarixən at üzərində oynanılan, xüsusi bacarıq, çeviklik və koordinasiya tələb edən idman növüdür. Bu idman növü uzun müddət aristokratik və yüksək sosial təbəqələrlə əlaqələndirilib. Maraqlı məqam ondan ibarətdir ki, Ralph Lauren loqotipini yalnız idman geyiminin işarəsi kimi düşünməyib. Onun məqsədi polo idmanının yaratdığı atmosferi gündəlik geyimlərə daşımaq idi.
Adidas
Adidas loqotipi dünyanın ən məşhur idman simvollarından biridir. Üç paralel zolaqdan ibarət işarə bu gün ayaqqabılardan tutmuş idman geyimlərinə qədər milyonlarla məhsulun üzərində görünür. Adidas-ın yaradıcısı Adolf Dassler, daha çox “Adi Dassler” kimi tanınırdı. O, idmançılar üçün daha rahat və keyfiyyətli ayaqqabılar hazırlamaq istəyirdi. Qardaşı Rudolf Dassler ilə birlikdə 1924-cü ildə Almaniyanın Herzoqenaurax şəhərində ayaqqabı istehsalına başlamışdı. Lakin sonradan qardaşlar ayrılır və Rudolf Puma şirkətini yaradır, Adi isə öz yoluna davam edir. 1949-cu il avqustun 18-də Adi Dassler Adidas şirkətini rəsmi olaraq qeydiyyatdan keçirir. Həmin dövrdə ayaqqabıların yan hissəsində istifadə edilən üç zolaq məhsulların digərlərindən seçilməsinə kömək edirdi. 1972-ci ildə Münhen Olimpiadası ərəfəsində şirkət yeni simvol təqdim etdi. Bu, üç yarpaqdan ibarət “Trefoil” loqotipi idi. O, əvvəlcə Adidas-ın idman geyimlərini fərqləndirmək üçün hazırlanmışdı. Sonralar isə Adidas Original kolleksiyasının simvoluna çevrildi.
Bu gün istifadə edilən üç zolaqlı dağ formasını xatırladan loqotip də ayrıca məna daşıyır. Onun yuxarıya doğru yüksələn görünüşü çətinlikləri aşmaq, maneələri keçmək və daim inkişaf etmək ideyasını ifadə edir.
Nike
Nike loqotipinin hekayəsi isə həqiqətən təəccüblüdür. Çünki dünyanın ən məşhur brendlərindən birinin simvolu o vaxtlar tələbə olan gənc bir dizayner tərəfindən cəmi 35 dollara hazırlanmışdı. Hər şey 1971-ci ildə başlayır. Şirkətin qurucuları Fil Nayt və Bill Boverman öz idman ayaqqabısı brendlərini yaratmaq istəyirdilər. Həmin vaxt şirkət “Blue Ribbon Sports” adı ilə fəaliyyət göstərirdi. Yeni məhsullara fərqli görünüş vermək üçün xüsusi loqotipə ehtiyac var idi. Fil Nayt Portland Dövlət Universitetində tanıdığı dizayn tələbəsi Karolin Davidsona müraciət edir. Ondan hərəkəti, sürəti və dinamikanı ifadə edən bir simvol hazırlamağı xahiş edir. Karolin bir neçə fərqli eskiz hazırlayır. Nəticədə bu gün bütün dünyanın tanıdığı əyri, qanadı xatırladan işarə seçilir. Bu simvol sonradan “Svuuş” adı ilə məşhurlaşır. Ən maraqlısı odur ki, Fil Nayt ilk baxışda bu loqotipi o qədər də bəyənməmişdi. Lakin onun üzərində qərar qəbul edilir. Karolin Davidson isə həmin işinə görə cəmi 35 dollar alır. Bu məbləğ həmin dövrdə böyük bir şirkət üçün çox kiçik görünə bilərdi. Ancaq illər sonra Nike dünya idman sənayesinin ən güclü markalarından birinə çevrildi. Karolyn Davidsonun yaratdığı sadə işarə isə milyardlarla insan tərəfindən tanınmağa başladı.
Bəs “Svuuş” nəyi ifadə edir? Sürəti, enerjini və qələbəyə doğru irəliləməyi simvolizə edir. O, həmçinin qədim yunan mifologiyasındakı qələbə ilahəsi Nike ilə əlaqələndirilir. Brendin adı da məhz həmin ilahənin adından götürülüb. Nike-ın məşhur “Just Do It” şüarı isə loqotipdən fərqli olaraq 1988-ci ildə reklam kampaniyası çərçivəsində ortaya çıxıb.
Müəllif: Mədinə Məcidli



