Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında qarşılıqlı ticarət 2024-cü ildə 8% artıb və onun həcmi 127,584 milyon olub.
“Füyuzat“ın məlumatına görə, bu barədə Düşənbədə assosiasiyaya üzv dövlətlərin Sənaye Siyasəti Şurasının 11-ci iclasında çıxış edən MDB baş katibinin müavini İlhom Nemətov məlumat verib.
İlhom Nemətov qeyd edib ki, hazırda MDB-yə üzv ölkələrin iqtisadiyyatında sabit inkişaf tendensiyası müşahidə olunur. Qarşılıqlı ticarətin həcmi durmadan artır, MDB ölkələri arasında əməkdaşlıq coğrafiyası və sahələri genişlənir. MDB Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə bütövlükdə MDB-də ümumdaxili məhsul 4,5%, qarşılıqlı ticarət 8% artaraq 127,584 milyon dolları ötüb”, – deyə o bildirib.
Nemətovun sözlərinə görə, birlik dövlətlərinin iqtisadiyyatının artımında əsas amil sənaye istehsalı olub, onun həcmi ötən il 4,6% artıb. MDB baş katibinin müavini bildirib ki, emal sənayesi 8,5% artıb.
Nemətov məlumat verib ki, iyunun 5-də Düşənbədə MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında Tacikistan Prezidenti Emoməli Rəhmonun təşəbbüsü ilə hazırlanmış ağır maşınqayırma sənayesinin inkişafı sahəsində assosiasiya dövlətləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Bundan başqa, Nemətovun təklifi ilə, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir MDB iştirakçısı olan ölkələrin Sənaye Siyasəti Şurasının sədri seçilib.
MDB-nin baş katibi Sergey Lebedev bir müddət əvvəl bəyan etmişdi ki, birlik ölkələri arasında qarşılıqlı ticarətin əsas üstünlüyü ondan ibarətdir ki, hesablaşmaların demək olar ki, 90%-i milli valyutalarda aparılır. Onun sözlərinə görə, ticarət ən fəal şəkildə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında fəal şəkildə inkişaf edir.