Son günlər Mərkəzi Asiya türk dövlətlərinin Cənubi Kipr Respublikasına səfir göndərmək barədə olan qərarı həm Azərbaycan və Türkiyədə, həm də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ciddi müzakirə mövzusuna çevrilib. Siyasi elita və mediada davamlı danışılan bu mövzu haqqında vətəndaşlar da az-çox fikir bildirirlər. Səsləndirilən fikirlər bəzən səthi yanaşmalardan, bəzən də hissi düşüncələrdən ibarət olsa da, az da olsa “akl-ı selim” fikirlərə də rast gələ bilirik.
Kimisinə görə, türk davasına xəyanət, kimisinə görə, Türk Dövlətləri Təşkilatının iflası olan sözügedən məsələ ətrafında fikir söyləmək son günlərdə baş verənlərə nəzər salmaqla yanaşı, illərin dərin analizini tələb edir. Dövlət qərarları anlıq yaşananların nəticəsində verilmir, ciddi bir proses baş verir, o prosesin məntiqi davamı olsun deyə, yaxud zərərli prosesləri dayandırmaq üçün dövlət siyasəti qəbul edilir.
Mərkəzi Asiya türk dövlətlərinin Cənubi Kipr barədə qərarı da uzun tarixi prosesin nəticəsidir. Amma nə, necə və niyə?
Gəlin hadisələrin ilkin mərhələsinə dönək. SSRİ dağıldı…
Müstəqillikdən sonrakı onilliklər ərzində bütün Mərkəzi Asiya türk dövlətləri bu gün əsas xarici iqtisadi-siyasi tərəfdaşları, yəni Rusiya, Çin və Qərb ölkələri arasında tarazlığın qorunmasını nəzərdə tutan çoxvektorlu ekstraregional siyasət işləyib hazırlamağa başladılar. Ancaq Mərkəzi Asiya türk dövlətləri yaxşı anlayırdılar ki, onların müstəqilliyini ilk tanıyanlardan biri, onların həqiqi mütəqil olmaları üçün əsas dəstək verən güclü dövlət Türkiyə idi. Ona görə də Mərkəzi Asiya türk dövlətləri Rusiya, Çin və Avropa məngənəsində, onlarla əlaqələrini formalaşdırmaq kimi ciddi sınağın yanında Türkiyə ilə də əlaqələri paralel inkişaf etdirdilər. Hətta Türkiyə bu gün Rusiya, Çin və Avropadan sonra bölgənin iqtisadi həyatında önəmli faktora çevrilib.
Ancaq Mərkəzi Asiya türk dövlətləri Rusiya və Çin kimi imperiyaların sərhədləri daxilində, Türkiyənin hələ bu iki imperiyaya meydan oxuya bilməyəcəyi reallıqda özlərini sadəcə Türkiyəyə çevirə bilmədilər. Bunun əvəzinə Rusiya, Çin və Avropa mərkəzli “tarazlıq” formalaşdırdılar. Türkiyə ilə isə rəsmi Ankara və rəsmi Bakının liderliyində formalaşan türk birliyində yerlərini aldılar. Keçən on illər ərzində bu siyasətin faydalı olduğunu görməkdəyik. Mərkəzi Asiya türk dövlətlərinin sürətlə inkişaf etməsi bu gün reallığa çevrilib. Bunun əsəs səbəbi isə kompromisə getməklə radikal imperial tərəfləri düşmənə, ən azından rəqibə deyil, tərəfdaşa çevirmək idi. Ancaq bunun paralelində türk dünyası ilə əlaqələri də “kəsib atmadılar”, hətta 2009-cu ildə Naxçıvanda formalaşdırılan Türk Şurası artıq Türk Dövlətləri Təşkilatına çevrildi.
Bəs yaxşı Mərkəzi Asiya türk dövlətlərinin bu inkişaf xətti necə əldə edildi?
Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiyada regional iqtisadi qarşılıqlı asılılıq aşağı səviyyədədir. Bu səbəbdən bazar inteqrasiyası regional əməkdaşlığa kömək etmir. Mərkəzi Asiya türk dövlətlərinin ixracında oxşarlıq var və onlar bir-biri ilə sıx bağlıdır; regionlar bir-birini tamamlamaq əvəzinə rəqabət aparır. Yəni bu dövlətlər daxili və xarici səbəblərdən dolayı, xüsusilə Rusiya və Çinin pozucu addımlarına görə regional əməkdaşlığı lazımi səviyyədə inkişaf etdirə bilmirlər. İxracları regional müstəvini aşır, daxili bazar formalaşdırıla bilmir, yaxud az miqyasda ticarət edilir. Ona görə də Mərkəzi Asiya türk dövlətlərinin əsas iqtisadi münasibətləri xarici faktorlar üzərində qurulub.
Dünya Bankı (2016b) bəzi Mərkəzi Asiya dövlətlərinin “daha açıq”, bəzilərinin isə nisbətən “qapalı” olduğunu bildirir. Lakin Beynəlxalq Valyuta Fondunun təqdim etdiyi məlumatlar göstərir ki, Qırğızıstan Respublikası və Tacikistan Qazaxıstan, Özbəkistan və Türkmənistandan daha açıq iqtisadiyyata, daha açıq ticarət siyasətinə, daha açıq investisiya qaydalarına və daha açıq biznes mühitinə malikdir. Ancaq ümumilikdə Mərkəzi Asiya dövlətlərinin biznes və yatırımlara açıq olduğu bildirilir.
Bu həmçinin Dünya Bankının 2020-ci il üzrə Biznesin Asanlığı hesabatında yer alan reytinqə uyğundur. Ən yüksək reytinqə malik Mərkəzi Asiya dövləti Qazaxıstandır. O, 190 ölkə arasında 25-ci, ardınca Özbəkistan 69-cu, Qırğızıstan 80-ci və Tacikistan 106-cı yerdə qərarlaşıb.
Mərkəzi Asiya türk dövlətlərinin əsas xarici tərəfdaşları yuxarıda da qeyd etdiyimiz kimi, Avropa, Asiya-Sakit okean hövzəsi, xüsusən də Çin və Rusiyadır. Yəni Avropa da Çin və Rusiya ilə yanaşı, Mərkəzi Asiyada əsas investor kimi mühüm rol oynayır. 2020-ci ilin mart ayında Qazaxıstan və Avropa İttifaqı (Aİ) arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (EPCA) imzalanıb ki, bu da ikitərəfli artmasına töhfə verib. Bölgəyə 2019-cu ildə ən çox investisiya yatıran Rusiya və Türkiyə olub. Lakin vəziyyət 2020-ci ildən sonra Çin investisiyalarının Mərkəzi Asiya regionunda daha çox önə çıxması ilə dəyişib.
2000-ci ildən 2021-ci ilə qədər Qazaxıstanın Aİ-yə neft idxalı təxminən 900 faiz artıb. Son illərdə Qazaxıstan Aİ-nin Rusiya və Norveçdən sonra üçüncü ən böyük neft tədarükçüsü kimi çıxış edib.
Qazaxıstan 31,9 faizlə Aİ ilə ən yüksək orta ticarət payına sahibdir. Özbəkistan 10,9 faizlə, Türkmənistan 10,2 faizlə, Tacikistan 9,2 faizlə və Qırğızıstan 5,9 faizlə sonrakı yerləri bölüşürlər.
Bununla belə, Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən 2019-cu ildən bəri Aİ-nin əsas tərəfdaşı olduğu Mərkəzi Asiya dövlətləri ilə ticarətinin həcmi 26,8 faiz azalıb. Rusiyaya tətbiq edilən sanksiyalar və Avropa ilə ticarətin zərbə alması Mərkəzi Asiyada illərdir formalaşdırılan “tarazlığı” ciddi sual altına qoyur. Hətta bəziləri iddia edir ki, nəticədə Rusiya Mərkəzi Asiya dövlətlərini Aİ ilə münasibətlərini dəyişməyə təzyiq edə bilər. Bu hal Aİ-nin Mərkəzi Asiya ilə ticarəti üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Beləcə, Mərkəzi Asiya dövlətlərinin iqtisadi inkişafı və sabitliyi zərbə alar. Bu nəticələrə ticarətin pozulması, Avropanın enerji asılılığına baxmayaraq, enerjinin çatdırılmasında problemlər, geosiyasi dəyişikliklər, nəqliyyat marşrutunun pozulması, iqtisadi qarşılıqlı asılılıq və siyasi mülahizələr daxildir.
Qısacası, dünyada yaşanan ümumi siyasi təlatümlərin bütün ölkələrə təsir edəcəyini əvvəl də dəfələrlə söyləmişdik. Mərkəzi Asiya dövlətləri bu gün daxili islahatlar, həmçinin uğurlu xarici addımlarla inkişaf yoluna çıxıblar. Onlar bu inkişafın zərbə almaması üçün alternativlər axtarır, Rusiya və Qərbin toqquşması fonunda hər iki tərəflə münasibətlərini normal saxlamağa çalışırlar. Rusiya üzərindən tranzit və digər əlaqələr faktiki dayandığı, yaxud azaldığı üçün yeni alternativlərə ehtiyac var. Dünya əhəmiyyətli yeni layihələrin reallaşdırılması isə ciddi vəsait və beynəlxalq dəstək tələb edir. İndiki situasiyada Çin tərəfsizlik göstərdiyi, Türkiyənin bəhs etdiyimiz qədər ciddi imkanlara sahib olmaması fonunda Mərkəzi Asiya türk dövlətlərinin Qərblə əlaqələri artırması başadüşüləndir.
Avropa liderləri də yaxşı hesablayırlar ki, onlar Rusiyaya qarşı mücadilədə və dünya ağalığı uğrunda mübarizədə hər nə qədər Mərkəzi Asiyaya ehtiyac duysalar da, bu əlaqələrin kəsilməsi ilə suverenlik və dövlət təhlükəsizliyi kimi risklərlə qarşılaşmayacaqlar, yaxud uzun vədədə bu kimi problemlər formalaşa bilər. Mərkəzi Asiya dövlətləri isə tarazlığın pozulduğu anda Rusiya və Çinin nüfuz dairəsinə bölünmək riski ilə üz-üzədirlər. Ona görə də Mərkəzi Asiya dövlətləri tələskənlik nümayiş etdirərək Qərbin blöflərinə yenik düşdülər. Əlbəttə, fərqli qərar qəbul edib Avropa ilə kompromis tələb etmək olardı, amma hazırkı anda Mərkəzi Asiya ölkələrinin Avropadan asılılıq hiss etdikləri görünür.
Avropanın ümumi maraqları isə sırf Kipr məsələsində yunanlardan yanadır. Ona görə də Mərkəzi Asiya ölkələrindən bu istiqamətdə addım atılmasının Aİ rəhbərlərinin istəyi olacağını düşünənlərə haqq vermək mümkündür.
Bəs bu istəyə müsbət cavab verilməsi türk birliyini satmaq, yaxud Türkiyə–Azərbaycan ittifaqının formalaşdırmaq istədiyi yeni güc mərkəzi planlarına üz döndərməkdir?
Düşünürəm ki, xeyr. Mərkəzi Asiya türk dövlətləri fərqli addım atmayıblar. Cənubi Kiprin müstəqilliyi əvvəl də tanınıb, sadəcə səfir göndərmək məsələsi yenidir. Və ya Mərkəzi Asiya türk dövlətləri iddia edildiyi kimi Türkiyəni “işğalçı” dövlət kimi tanımayıblar. Heç bir ölkə Türkiyə səfirini çağırıb bu barədə mövqe bildirməyib.
Həmçinin Mərkəzi Asiya türk dövlətlərinin bugünkü siyasəti 1990-cı illərin təlatümlü dövrlərindəki təcrübəyə əsaslanır. Əsasən, Rusiya, Çin və Qərb “tarazlığı” qorunmalı, paralelində türk dövlətləri ilə əlaqələr inkişaf etdirməlidir.
Mərkəzi Asiya türk dövlətlərinin mövcud qərarını “xəyanət”, “etibarsızlıq” kimi təqdim edənlərin mütləq əksəriyyəti isə sırf türk birliyinə qarşı olanlardır. Mövcud vəziyyət onlar üçün türk birliyini gözdən salmağa “fürsət” kimi görünür.
Əslində, reallıq fərqindədir. Hər kəs anlayır ki, bu gün Türkiyə və Azərbaycanın Mərkəzi Asiyanı Rusiya və Çindən “xilas edəcək” gücü yoxdur. Qərblə əlaqələr isə bu dövlətlərin Rusiya və Çinə qarşı həmişə əsas şantaj vasitəsi olub.
Ona görə də reallıqlarla barışmalı və Şimali Kipr Türk Cümhuriyyətini dünyaya tanıtmaq yoluna çıxdığımız anda 4 müstəqil və dünyada tanınan türk dövlətlərinin suverenliyini təhlükəyə atmamaq lazımdır.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya türk dövlətlərinin bu qərarında Türkiyənin də müəyyən gecikmələri rol oynayır. Bu gecikmələr isə yuxarıda bəhs etdiyimiz kimi, hələ lazımi gücə çatmamamızdan irəli gəlir. Yəni Türkiyə Rusiya və Çinə qarşı mübarizədə Mərkəzi Asiya türk dövlətləri üçün siyasi-iqtisadi qarantı öz üzərinə götürə bilsə, əlbəttə ki, bu dövlətlər ŞKTC-nin müstəqilliyini çoxdan tanımış olardılar.
Türkiyənin anidən Qərbdən uzaqlaşması (ki, dövlət maraqları baxımından labüd idi – red.) onun ciddi iqtisadi-hərbi-siyasi yaralar almasına səbəb oldu və onillər davam edən türk birliyinin inşası üçün də resurs sərfiyyatının azalmasına səbəb oldu.
İndi isə “dalaşmaq” vaxtı deyil, hədəfdən yayınmadan addımlamaq zamanıdır. Dünyadan asılılığı azaltmaq lazımdır. Bu isə tək dildə deyil, İsmayıl bəy Qaspıralının da dediyi kimi, “Dildə, fikirdə, işdə birlik”dən keçir. İşləmək, inkişaf etmək və Rusiyadan, Çindən, Avropadan asılı olmadığımız yeni reallıqlar formalaşdırmaq lazımdır.
Arzusunda olduğumuz birlik artıq dilimizdə var, Azərbaycan və Türkiyə toplumları olaraq fikrimizdə də var. Bu fikir birliyini Mərkəzi Asiyaya daşımaq, ardınca işdə birlik üçün real, əməli addımlar atmaq lazımdır.