Orxan Vəliyev Xəbərlər

Milli kimliyin məkan və tarix məsələsi: Azərbaycan keysi

Orxan Vəliyev

I

Enton Smitin “Millətlərin Etnik Mənşəyi” əsərində verdiyi “Niyə insanlar ölkələri uğrunda canlarını fəda edirlər?”[1] və Edavrd S. Keysinin “Məkana Qayıdış” əsərində verdiyi “Haralısan?”[2] sualları arasındakı əlaqənin və ya cavabın özü məkandır. Daha dəqiq ifadə etsək, məkan üzərində hakimiyyət və ya torpağın müəyyən bir qrupun (millətin) xeyrinə siyasi və hüquqi çərçivədə mənimsənilməsidir. Belə ki, birinci sualın cavabı kimliyin, hakimiyyətin və varlığın mərkəzində duran məkan üzərindəki hakimiyyət hüququnu qorumaqdır. Digər tərəfdən, ikinci suala məruz qalan fərd və cəmiyyətlər nizamlarının dağılması və ya varlıqlarının, həyatlarının mahiyyətini təşkil edən doğulduqları torpaqdan (məkandan) qoparılmaları səbəbindən “Haralısan?” sualına məruz qalmaqdan xilas ola bilməyəcəklər.

Milli kimlik hüquqi mövcudluğunu millətlərə borclu olan dövlətin birliyini davam etdirən birlik formasıdır. Millətin məkan üzərində kimlik qazanması və dövlətin həyata keçirəcəyi siyasətin dəstəklənməsi bilavasitə tarix vasitəsilə mümkündür. Bu mənada Azərbaycan millətçiliyinin gerçəkləşməsini mümkün edəcək tarixin ilk cavablandıracağı sual “biz”in məkanda məskunlaşma tarixini müəyyənləşdirməkdir. Məsələn, müasir Türkiyənin siyasi nəticəsi respublika olsa da, türklərin Anadoluda məskunlaşmasının tarixi Malazgirt Döyüşü ilə konseptuallaşdırılmış və tarix yazımına istiqamət vermişdir. Belə ki, respublika kadrlarının məkanda yaşamış bütün sivilizasiyaları “türkləşdirmək” siyasətinin ictimai və iqtisadi dəstək qazanmamasının səbəbi Səlcuqlu və Osmanlı mirasını nəzərə almamasından qaynaqlanmışdır. Buna görə də Azərbaycan millətçiliyi sovet irsi olan şaquli tarixçiliyə bağlı qalacaqmı, yoxsa məkanın məskunlaşma tarixini yenidən nəzərdən keçirəcəkmi?

“Azərbaycanlılar nə zaman bu məkanda məskunlaşmağa başladılar?” sualının cavabı hələ də sovet tarix metodologiyası ilə izah olunur. Halbuki Atabəylər Dövləti,[3] Ağqoyunlu Dövləti, Qaraqoyunlu Dövləti və Səfəvilər Dövləti bu cavabın hansı yerində dayandıqlarının müəyyənləşdirilməsi vacibdir.

Azərbaycan  Türkmənçay müqaviləsi ilə iki yerə bölünmüş və bugünkü Azərbaycanda Bakı mərkəzli bir vəziyyətə sıxışmışdır; Şuşa və Xankəndi mərkəzli Qarabağın azad edilməsi nizamın möhkəmləndirilməsi baxımından həlledici olmuşdur. Lakin Təbrizin İranda qalması və əlaqənin qopması iqtisadi və siyasi fəaliyyətlərin Bakıda cəmləşməsini qaçılmaz etmişdir.

II

Müasir dünya insana münasibətdə iki fərqli yanaşmanı özündə ehtiva edən mifoloji və dini inkişaf mərhələlərindən sonra insanın subyekt olaraq obyektləşdirildiyi bir mərhələ kimi meydana çıxmışdır. Belə ki, insan artıq varlığı düşünə bildiyi iddiasından çıxış edir. Bununla da insan həqiqətə dair nəticələrini yalnız tarix vasitəsilə həyata keçirə bilmişdir.[4] Beləliklə, modern dövrlərdə siyasətin sifarişi istiqamətində nizamın qurulması üçün mövcud olan hər şey tarix kontekstində nəzərdən keçirilib yenidən formalaşdırılmışdır. Bu baxımdan eyni zamanda milli olmaq məcburiyyətində olan tarix özünü var edə bilmək üçün sərhədləri konkret müəyyən bir məkana (vətənə) ehtiyac duymuşdur.

Edavrd S. Keys “Məkana Qayıdış” kitabına “Dünyada heç məkanın olmadığını təsəvvür edə bilərsinizmi? Heç bir şəkildə?” sualları ilə başlayır.[5] Məkan inqilabı (territoriality) yəni yer tutmaq və ya siyasi anlayışla ifadə etsək, məkan üzərində milli suverenlik yaratmışdır. Məkan konteksində qurulan modern dünyada fərdi və kollektiv kimlik qazanmağın yolu bir yerə (məkan–ölkə–vətənə) sahib olmaqdan keçir.

Məsələn, doğulduğu torpaqdan köçə məcbur edildiyi üçün Ziqmunt Bauman həyatı boyu “dromokratik”, yəni məkansızlıq halından qurtula bilməmiş və “Haralısan?” sualına verə biləcəyi bir cavabı olmamışdır. Özünü bir milli marş kontekstində müəyyən bir məkana aid hiss etmə azadlığından və bərabərliyindən məhrum qaldığı üçün ömrü boyu kimlik problemini aşa bilməmişdir. “Polşalılıq” (doğulduğu yer) və “İngilislik” (sığındığı yer) kimlikləri arasında yaranan və ömrü boyu davam edən kimlik problemini yurdsuzluq və yadlıq anlayışları kontekstində belə ifadə edir:

“Bir dəfə hərəkətli hala gəlib hara getsəm də, ‘təbii yaşayış mühitimdən’ qoparıldığım üçün onların dili ilə desək, yüz faiz uyğun olduğum heç bir yer yox idi. Harada olurdumsа olum, bəzən zəif, bəzən isə açıq şəkildə ‘yersiz-yurdsuz’ idim.”[6]

Dolayısıyla tarix problemi bir mənada məkan üzərində siyasi hakimiyyət çatışmazlığıdır. Quruluş və qoruma mərhələsinə cavabdeh olan millətçilik qorumanın davamlılığı üçün məkanın mənimsənilməsini (kimliyi) təmin etməlidir. Bu istiqamətdə məkanla bağlı milli aidiyyətin inşası prosesində milli siyasət tarix alətinə müraciət edir. Lakin modern təcrübə məkanla bağlı tarix yazımının müxtəlif kontekstlərdə inkişaf etdiyini də nəzərdən qaçırmır. Belə ki, universal olan millətçi tarix yazımı olsa da, onun həyata keçirilməsi kontekstlərin fərqliliyinə görə dəyişə bilmişdir. Beləliklə, “tarix milliyyətçiliyin və millət quruculuğunun mərkəzi olmuşdur”[7] nəticəsinə gəlmək mümkündür.

III

Karlovça, Kiçik Qaynarca, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri Xəzər hövzəsindən Balkanlara qədər uzanan geniş coğrafiyada türklərin nizamını (məkan hakimiyyətini) dağıtdığı üçün türklər məkansız, yaxud “başsız” qalmışdırlar.

Çar Rusiyası müstəmləkəsi altında təxminən bir əsr yaşamış Azərbaycan xalqı bu taleyi birbaşa yaşamışdır. Belə ki, fiziki olaraq məskunlaşdığı torpaqlar üzərində siyasi təşkilatlanma azadlığından (öz müqəddəratını təyin etmə və milli suverenlikdən) məhrum edilmişdir.

Modern tarix narrativinin Maarifçilik düşüncəsinin inqilabi konfiqurasiyası çərçivəsində meydana gəldiyi ilə bağlı akademik konsensusun mövcud olduğu söylənilə bilər. Bu tarix millətçi bir xətti izləmişdir.[8] İnqilab hər nə qədər dini təlimin “məhdudiyyətlərindən” qurtulmaq üçün azadlığı (liberty) şüar seçmişdisə də, modern cəmiyyətləri milli dövlətlərin nəzarətində suverenin formalaşdırdığı hüquq çərçivəsində azadlığa (freedom) aparmışdır. Bu mənada tərəqqi prinsipini əsas götürən modern tarix narrativinin xüsusilə XVIII əsrin sonlarından etibarən fəlsəfənin yerini aldığı deyilə bilər.

Bu çərçivədə millətçiliyin ilk olaraq İngiltərədə daha erkən ortaya çıxmasına baxmayaraq,[9] bir doktrina kimi kütləvi doğuşu XVIII əsrin sonlarına aid edilir. Dolayısıyla millətçilik və modern tarix hər toplumun öz kontekstinə uyğun şəkildə inkişaf etmişdir. Millətlərin kütləvi doğuş dövründə müstəmləkə vəziyyətində olan Azərbaycanda millətçiliyin, dolayısıyla modern tarixin inkişafı kiçik millətlərə xas kontekstdə baş vermişdir.[10]

Bu istiqamətdə modern milli tarixlərin meydana gəldiyi dövrdə Azərbaycanın müstəmləkə altında olduğu məlumdur. Buna görə də modernləşmə prosesi kolonial kontekstdə inkişaf etmişdir. Bu mənada modern Azərbaycan tarixinin doğuşunun müstəmləkə kontekstində baş verdiyi deyilə bilər.

Abbasqulu Ağa Bakıxanovnun “Gülüstani-İrəm” əsəri modern Azərbaycan tarixşünaslığının ilk nümunəsi kimi qiymətləndirilə bilər. Bakıxanovun əsəri daha çox müstəmləkə siyasətinin sifarişi/konteksti nəzərə alınaraq yazılmış bir tarixdir. Yəni həmin əsərdə cəmiyyəti milli şüur kontekstində təşkilatlanmağa təşviq edən ünsürlər mövcud deyildir. Halbuki Əli bəy Hüseynzadənin “Türklər kimdir?” məqaləsi birbaşa milliyyətçi (türkçü) məqsədi şüar etmişdir.

Modern Azərbaycan siyasi baxımdan respublika ilə başlamış olsa da, bu proses tamamlanmadan yarımçıq qalmışdır.[11] Bununla yanaşı, xüsusilə tarixşünaslıq nəzərə alındıqda, modern Azərbaycanın siyasi və institusional quruculuğunun sovet dövründə başladığını söyləmək mümkündür. Bir mənada sovet dövründə formalaşdırılan Azərbaycan tarixşünaslığı Sovet kimliyinə xidmət edəcək şəkildə qurulmuşdur.[12] Bu baxımdan modern Azərbaycan tarixinin Sovet dövründə institusional kimlik qazandığı deyilə bilər.

Sovet ideologiyası tərkibinə daxil etdiyi xalqların tarixini onların yaşadığı coğrafiya ilə məhdudlaşdırmaq prinsipi əsasında hərəkət etmişdir. Bu baxımdan Azərbaycan tarixşünaslığı müəyyən bir Azərbaycan coğrafiyası çərçivəsində inşa edilmişdir.[13] Beləliklə, sovetlərin dominant və hakim ideologiyası istiqamətində inkişaf edən Azərbaycan tarixşünaslığı şaquli bir keçmiş təsəvvürü yaratmışdır. Qısaca desək, sovet təsiri altında yazılan Azərbaycan tarixşünaslığı bu gün də tam dəyişməyən bir yanaşma ilə xalqın (türklərin) tarixindən daha çox həmin coğrafiyada mövcud olmuş dövlətlərin tarixini yazmağa yönəlmişdir.[14] Beləliklə, tarixin şaquli şəkildə qədimləşdirilməsi cəhdi meydana çıxmışdır. Xülasə, modern Azərbaycan tarixi istiqlalını qazanmış tam formalaşmış bir dövlətə sahib olmadığından, milli tarix tərəfi natamam doğmuşdur.

IV

Birinci Qarabağ müharibəsində məğlubiyyət və torpaqların bir qisminin işğalı müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin millətçilik və tarixə münasibətdə sovet təhriflərini aradan qaldırmasını mümkünsüz etmişdir. Lakin müstəqilliyin bərpasında təsirli olan millətçilər bu məqamı nəzərə al(a)madıqlarından olsa gərək, müstəqilliyin ilk illəri qarışıqlıq içində keçmişdir. Ancaq İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda millətçilik və tarix məsələlərinin müzakirəsi müəyyən məna və dəyər qazana bilmişdir.

Müasir cəmiyyətlərdə demokratiyanın mövcudluğu “xalq hakimiyyəti və topluluğa üzvlükdə bərabərlik” prinsipinə əsaslanır.[15] Bu mənada müasir demokratik (bərabərlikçi) cəmiyyətin qurulmasının millətçilik vasitəsilə mümkün olduğu söylənilə bilər. Daha açıq ifadə etsək, müasir cəmiyyətlərdə siyasi quruluşun legitimləşdirici gücünün millətçilik (millətlər) olduğu deyilə bilər. Çünki müasir dünya siyasi baxımdan “millətlər dünyası” kimi qurulmuşdur.[16] Bunun əsasında isə özünü idarə edə bilən xalqın (milli) suverenliyi dayanır. Müasir siyasi və ictimai həyat üçün mərkəzi mövqedə olan millətçilik özünü gerçəkləşdirmək üçün tarixə ehtiyac duyur. Bu baxımdan Gülüstan və Türkmənçay müqavilələri ilə həm ikiyə bölünən, həm də müstəmləkə altına düşən Azərbaycanda millətçiliyin yetərsizliyi müstəqil siyasi quruluşun qarşısındakı əsas maneə olmuşdur. Daha geriyə gedildikdə, Kürəkçayda imzalanan müqavilənin ilk maddəsi[17] belə modernliyin Azərbaycan üçün sərt müstəmləkə kontekstində doğulduğunu ifadə edir. Xülasə, Azərbaycanda müasir siyasi quruluşun kiçik millətlərə xas bir kontekstdə inkişaf etdiyi söylənilə bilər.

Tarixə münasibət siyasi kontekstdən asılı olaraq dəyişə bilir. Keçmişə dair ictimai anlayışımız tarixçinin ictimai və siyasi sifariş/tələb istiqamətində yazdıqları ilə mümkün olur. Müasir milli tarix cəmiyyətlərin yaddaşının müəyyən bir kontekstdə inşasını təmin edir. Bu çərçivədə müasir cəmiyyətlərdə millətçi tarix təsəvvürünün hakim olduğu deyilə bilər. Müasir cəmiyyətlərdə tarixlə maraqlanmaq müəyyən mənada gündəlik həyatın xidmətində olmaq deməkdir.[18] Müasir cəmiyyətlərdə həyat isə hakimiyyəti və milli dövləti mümkün edən sərhədlərin çəkilməsi ilə mümkün olur. Müasir kontekstdə sərhəd çəkmək milli dövlətlərin suverenliyinin, yəni torpaq üzərində yeganə güc olduqlarını göstərir. Şmittçi bir baxışla yanaşdıqda, torpaq bölgüsünü həyata keçirən Nomosun (nizamın)[19] Azərbaycan kontekstində mümkün olmadığı görünür. Müstəqillikdən sonrakı müharibə və işğal faktoru nizamın qurulmasının qarşısında əsas maneə kimi qalmağa davam etmişdir.

Millətçiliyin demokratik, xalq hakimiyyəti və bərabərlik prinsipləri istiqamətində ictimai quruluşun formalaşmasında başlıca rol oynadığı nəzərə alınarsa,[20] Azərbaycanda millətçiliyin meydana çıxmasının gecikdiyini söyləmək mümkündür. Millətçilik sərhədlərlə əhatə olunmuş müasir məkanda siyasətin davamlılığını quran və qoruyan ideyalar toplusu kimi qiymətləndirilə bilər. Bu baxımdan müasir tarixə xalq hakimiyyətinin yoxluğu, yəni müstəmləkəçi modernləşmə ilə başlayan Azərbaycanda millətçiliyin və tarixin problemə çevrilməsi başadüşüləndir. Millətlərin formalaşdığı XIX əsrdə Azərbaycan Çar Rusiyasının müstəmləkəsi altında idi.

1918-ci ildə Cümhuriyyətin elan edilməsi xalq hakimiyyəti və bərabərlik cəhdi kimi qiymətləndirilə bilər. Lakin Cümhuriyyət tamamlanmamış milli dövlət kimi 1920-ci ildə sovetləşdirilmişdir. Sovet dövründə formalaşdırılan Azərbaycanlı milli kimliyi sovet kimliyinə inqteqrasiya üçün qurulmuş bir kimlik olduğundan postsovet dövrünə millətçilik və tarixi problem kimi miras qoymuşdur. Məsələn, “Rus Azərbaycanı” anlayışı xalq hakimiyyətini və bərabərliyi mümkün edəcək siyasi suverenliyin yoxluğunu, daha dəqiq desək, müstəmləkənin mövcudluğunu ifadə edir. Buna görə də uzun sürən tabeçilik (subjection) millətçilik və tarix problemini çağdaş Azərbaycanın həll etməli olduğu məsələ kimi miras qoymuşdur. Hətta Qarabağın dağlıq hissəsinə dair siyasi ayrım belə sovetlər tərəfindən müəyyən edilmiş və yalnız 2020-ci ildə əldə edilən qələbədən sonra Dağlıq Qarabağ statusunun ləğvi mümkün olunmuşdur. Xülasə, xüsusilə Sovet dövründə “Homo Sovieticus” üst kimliyinin qurulması üçün formalaşdırılan tarix Azərbaycanlıların milli xüsusiyyətlərini “təbii olaraq” gözardı etmişdir. Beləliklə, müasir Azərbaycan tarixşünaslığının (Sovet kontekstində) türklüyü nəzərə almadan qurulduğu söylənilə bilər.[21]

Tarix çəpər çəkərək torpaq üzərində hakimiyyət qurmuş olanların sahiblik üçün ehtiyac duyduqları bir alət kimi ifadə edilə bilər. “Bu ərazi kimindir?”, “Bu torpaq kimin atalarına məxsusdur?”, “Bu torpaqlara ilk kim gəlmişdir?”[22] Xülasə, tarix ictimai və milli aidiyyət yaratmaq sənəti olduğundan siyasət keçmişdən istinad alaraq bu günə hökm etmək üçün tarixi daim yanında saxlamışdır. Bir mənada keçmişə dair biliklərimizi (qənaətlərimizi) tarix vasitəsilə əldə edirik. Yəni keçmişə dair biliklərimiz tarix bizə nəyi danışırsa, onunla məhduddur. Xülasə, tarixçilərin inandıqları və ya inandırmağa çalışdıqları [yazdıqları] həqiqətlər [qənaətlər] vardır.[23] Çünki kollektiv kimliklər tarix olmadan düşünülə bilməz. Tarixçinin keçmişə dair qənaəti bu günün (siyasi) tələbləri istiqamətində formalaşır.

İhsan Fazlıoğlu bir millətin mahiyyətini onun tarixi təcrübəsi kimi ifadə edir. Fazlıoğlu belə davam edir: “Anadolu-Balakan türklərinin kəsbi mahiyyəti Böyük Səlcuqlu – Anadolu Səlcuqlu – Bəyliklər – Osmanlı – Cümhuriyyət xəttindəki tarixi təcrübə və bu təcrübənin ehtiva etdiyi imkanlardır.”[24] Bu baxımdan yanaşıldıqda, müasir dövrdə uzun müddət davam edən müstəmləkə təcrübəsinin Azərbaycanı öz mahiyyətindən və ya tarixi təcrübəsindən uzaqlaşdırdığı söylənilə bilər. Çünki uzun sürən müstəmləkə izləri Azərbaycan üçün fərqli bir kontekst formalaşdırmışdır. Yetmiş illik Sovet dövrü tarixi təcrübəyə sahib çıxmaq baxımından siyasi iradənin formalaşmasına mane olmağa davam etmişdir. Buna görə də tarixi təcrübəyə sahib çıxacaq milli siyasi iradənin formalaşması müasir hekayəsini periferiyanın periferiyası  kimi qurmuş kiçik millət olan Azərbaycan üçün mümkün olmamışdır. Müstəqilliyin müharibə və torpaq itkisi ilə eyni vaxtda baş verməsi tarixi təcrübəyə sahib çıxacaq millətçi siyasi iradənin formalaşmasına mane olmuşdur. Beləliklə, müstəqilliyin bərpasından dərhal sonra baş verən işğal məkanla bağlı bütöv təsəvvürün formalaşmasına əngəl törətmişdir.

V

Soyuq Müharibənin başa çatması və sovetlərin süqutu tarixin sonunu gətirməsə də, siyasi xəritədə mühüm dəyişikliklərə səbəb olmuşdur. Yeni müstəqil dövlətlərin meydana çıxmasında millətçilik müəyyənedici rol oynamışdır.[25] Bu mənada Azərbaycanın müstəqilliyini qazanmasında da millətçiliyin təsiri həlledici olmuşdur. Müstəqillikdən sonra millətçilik və tarix müzakirələri Azərbaycançılıq və Türkçülük kontekstində davam etmişdir. Türkçülük ideologiyasını müdafiə edənlər tarixə dair siyasi və hüquqi (konstitusion) təriflərin “Türk” anlayışına — dolayısıyla çoxluq etnik qrup olan türklərə — istinad edilərək müəyyənləşdirilməsində israr etmişlər. Azərbaycançılığı müdafiə edən iradə isə Azərbaycanın tarixi kontekstini nəzərə alaraq tarixə dair siyasi və hüquqi (konstitusion) təriflərin coğrafiya, yəni Azərbaycan kontekstində formalaşdırılmasını müdafiə etmişdir.[26]

Tarixi mümkün edən siyasət institutu tarixə dair diskursunu sahib çıxa bilməyəcəyi qədər uzaq keçmişə apardığı təqdirdə, tarix problemə çevrilə bilər. Məsələn, 1930-cu illərin sonlarından etibarən sovetlər tərəfindən qurulan Azərbaycan tarix yazımı türklük izini görməzdən gələrək sahib çıxılması çətin olan qədər uzaq keçmişə ilişib qalmışdır. Nəticədə müasir Azərbaycan tarixşünaslığı son 30 ildə bu problemin öhdəsindən gəlməkdə çətinlik çəkmişdir. Xülasə, millətçi və ya milli xətt üzrə davam edəcək Azərbaycan siyasəti tarixə münasibətini dövlət refleksi əsasında formalaşdırmaq məcburiyyətindədir. Yəni sovet tarixçiliyi tərəfindən Azərbaycan millətinin xarakterindən çıxarılan türklük Azərbaycan milli kimliyinin əsas ünsürü kimi yenidən işlənməlidir. Bununla belə, Qarabağ Zəfəri Azərbaycan kimliyindəki etnik və məkan probleminin aradan qaldırılmasına töhfə verə bilər. Lakin kimliyin birbaşa etniklik əsasında qurulması mümkün görünmür ki, bu da müstəmləkə (Çar Rusiyasi və sovet təcrübəsi) kontekstinin yaratdığı bir reallıqdır.[27]

İkinci Qarabağ müharibəsində əldə edilən nəticə və ərazi bütövlüyünün (suverenliyin) bərpası Azərbaycan kimliyinin tarix və məkan çatışmazlığının aradan qaldırılması baxımından həlledici olmuşdur. Beləliklə, artıq məkanla bağlı suverenlik problemi aradan qalxmış; türklük Azərbaycan kimliyinin görünən elementi olmaq imkanı qazanmışdır. Digər tərəfdən, Azərbaycan kimliyinin özünəməxsus xarakteri bu kimliyin siyasi və hüquqi baxımdan birbaşa etnik mənsubiyyət əsasında müəyyənləşdirilməsini mümkün etməməkdədir. Bununla belə, Azərbaycan kimliyi müstəmləkəçiliklə formalaşan və Sovet dövründə institusionallaşan tarixşünaslığın çevrilməsi mərhələsinə daxil olmuşdur.

Qeyd: Bu mətn Türkologiya qurultayının 100-cü ili münasibətilə hazırlanmış mətn (türk dilində) hazırlanmışdır.


[1] A. Smith, Milliyetçilik ve Modernizm, çev. F. Bakırcı, Fol, Ankara 2022, s. 27.
[2] E. S. Casey, Mekana Geri Dönüş, çev. K. Daniş, 1. Baskı, Ketebe, İstanbul 2025, s. 18.
[3] Bu mövzu ilə bağlı ətraflı bax., Nəcəf, Ə. Aran Atabəyləri. 2-ci nəşr. Bakı: MİMTA Yayımları.
[4] Ə. N. Nəcəf, Metatarix – Azərbaycan Tarixinin Metafizikası, Çapar, Bakü 2025, s. 12.
[5] Casey, a.g.e., s. 9.
[6] Z. Bauman, Kimlik, çev. M. Hazır, 5. Baskı, Heretik, Ankara 2021, s. 20-21.
[7] A. Smith, Ulusların Etnik Kökeni, çev. S. Bayramoğlu, H. Kendir, Dost Kitabevi, Ankara 2002, s. 193.
[8] Smith, 2022, s. 25.
[9] L. Greenfeld, Milliyetçilik, çev. A. Yılmaz, Alfa Yayınları, İstanbul 2021.
[10] O. Valiyev, Azerbaycan Milliyetçiliği, 2. Basım, Nobel Akademik, Ankara, 2023; Vəliyev, O. Modern Azərbaycanın Doğuluşu. (eyni mətn azərbaycan dilində). Bakı: MİMTA Yayımları, 2026;O. Valiyev, B. Bezci, “Ahundzade’de Millet Fikrinin Oluşumunun Miroslav Hroch’un Yaklaşımı Çerçevesinde Değerlendirilmesi”, Bilig, Cilt XCVIII/Sayı 98, 2021.
[11] Vəliyev, 2026, s. 226-239; O. Valiyev, M. Y. Alptekin, “The First Republic of Azerbaijan: A State without a Nation”, Khazar Journal of Humanities and Social Sciences, Cilt XXVI/Sayı 2, 2023.
[12] H. Yılmaz, “The Soviet Union and the Construction of Azerbaijani National Identity in the 1930s”, Iranian Studies, Cilt XLVI/Sayı 4, 2013.
[13] H. İsaxanlı, Mənim Qarabağım və ya Qarabağ Düyümü, Xəzər Universiteti Nəşriyyatı, Bakı 2022, s. 104.
[14] İsaxanlı, 2022, s. 104.
[15] Greenfeld, 2021, s. 103.
[16] Smith, 2002, s. 171.
[17] Ətraflı bax., S. Əliyarlı (haz.), Azərbaycan Tarixi Üzrə Qaynaqlar, “Çıraq” Nəşriyyatı, Bakı 2007, s. 250-251.
[18] F. Nietzsche, Tarihin Yaşam İçin Yararı ve Sakıncası, çev. M. Tüzel, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul 2022, s. 12.
[19] C. Schmitt, Kara ve Deniz, çev. G. Yıldız, Vakıf Bank Kültür Yayınları, İstanbul 2020, s. 13.
[20] Greenfeld, 2021, s. 103.
[21] N. Guliyeva, The Evolution of National Identity and Nationalism in Azerbaijan (1900-2018), (Yayımlanmamış Doktora Tezi), Middle East Technical University, [yer bilgisi eksik] 2022, s. 1.
[22] İsaxanlı, 2022, s. 87.
[23] İsaxanlı, 2022, 89.
[24] İ. Fazlıoğlu, Kendini Bulmak, Persense Yayınları, İstanbul 2015, s. 220.
[25] Y. Tamir, Why Nationalism, Princeton University Press, Princeton 2019, s. 18-19.
[26] A. Ergun, “Citizenship, National Identity, and Nation-Building in Azerbaijan: Between the Legacy of the Past and the Spirit of Independence”, Nationalities Papers, Cilt L/Sayı 4, 2021, s. 8-10.
[27] O. Valiyev, E. Huseynov, “Post-Conflict Transformation in Azerbaijan: Rethinking the Politics of Nationalism and Rewriting History”, Eurasian Research Journal, Cilt VII/Sayı 4, 2025.