Azərbaycan Beynəlxalq Bankı (ABB) 22 İyul – Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələrinə və mədəniyyət xadimlərinə yönəlmiş ənənəvi diqqət və qayğısını bu il də davam etdirib. Bank bu dəfə Azərbaycan mətbuatı və ictimai fikir tarixində silinməz izlər qoymuş iki böyük mətbu orqanın – “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının yaranmasının 120 illiyinə həsr olunmuş xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində“Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının tarixi rolu, maarifçilik missiyası və milli təfəkkürün formalaşmasındakı əvəzsiz xidmətləri rəmzi olaraq tərənnüm edən nəfis dizaynlı xatirə suveniri hazırlanıb. Müasir qələm ucu və açıq kitab formasında tərtib edilən bu xüsusi hədiyyə redaksiyamıza təqdim olunub.
Qeyd edək ki, XX əsrin əvvəllərində mətbuat tariximizə böyük dönüş gətirən “Füyuzat” dərgisi və “İşıq”– qadın jurnalı Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonunun (MİMTA) təşəbbüsü və dəstəyi ilə mətbuat aləmindəki tarixi varisliyini və maarifçilik ənənələrini bu gün də uğurla davam etdirirlər.
“Fuyuzat az” kollektivi olaraq milli-mədəni irsimizin yaşadılmasına, tarixi yaddaşın gələcək nəsillərə çatdırılmasına xidmət edən bu dəyərli və mənalı təşəbbüsə görə Azərbaycan Beynəlxalq Bankına və layihənin ərsəyə gəlməsində əməyi keçən bütün təşkilatçılara, xüsusən də Yadigar Cəfərliyə dərin minnətdarlığımızı bildiririk.



