Bakı Yunus Əmrə İnstitutunda Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzi “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir təşkil edib.
“Füyuzat” xəbər verir ki, tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzinin koordinatorları, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun Tərcümə mərkəzinin rəhbəri Muxtar Cəfərli, müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri Ergün Engin Azərbaycan səfəri çərçivəsində regional geosiyasi proseslər, ekopolitik balans və mədəni diplomatiya fəaliyyətləri ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu qeyd edib.
O, həmçinin Türkiyənin yumşaq güc elementlərinin fəaliyyət mexanizmini təhlil edəcəklərini və əldə olunan təcrübəni akademik-strateji tədqiqatlara yönəltməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) Tərcümə mərkəzinin direktoru Muxtar Cəfərli Fondun ortaq türk mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib. O, 100 il sonra “İşıq” və “Füyuzat” jurnallarının nəşrinin bərpasını, həmçinin 1914–1916-cı illərə aid “Dirilik” məcmuəsinin transliterasiya edilərək çap olunmasını ortaq mədəni irsə xidmət edən mühüm addımlar kimi qiymətləndirib.
O, həmçinin türk dilli yazarların əsərlərinin Azərbaycan dilinə, Azərbaycan dilindəki incilərin isə Türkiyə türkcəsinə tərcüməsinin ortaq kültür üçün mənəvi körpü rolunu oynadığını deyib. Bu istiqamətdə MİMTA Yayımları tərəfindən görülən işləri diqqətə çatdırıb.
Sonda Muxtar Cəfərli MİMTA Yayımlarına məxsus nəşrləri qonaqlara və mərkəz rəhbərliyinə hədiyyə edib.
Proqram çərçivəsində dosent Sadıq Çətin “Ortaq mədəniyyət və ortaq irs çərçivəsində arxivçiliyin yeri və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
ADU-nun Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimli isə milli şüur və dəyərlərin formalaşmasında bu növ tədbirlərin əhəmiyyətinə toxunub.



