Gürcüstanda 27-ci Tbilisi Beynəlxalq Kitab Festivalı keçirilir. MİMTA Yayımları Azərbaycanı festivalda təmsil edir.
Festival çərçivəsində “Azərbaycanda Kitab Mədəniyyəti” mövzusunda müzakirə paneli təşkil olunub. Paneldə MİMTA Fondunun icraçı direktor müavini Kənan Şabiyev ölkəmizdə kitab mədəniyyətinin dünəni və bugünkü problemləri mövzusunda çıxış edib.
Mövzu ətrafında ölkəmizi təmsil edən digər panel iştirakçılarının fikirləri də audoriya tərəfindən maraqla qarşılanıb, natiqlər dinləyicilərin suallarını cavablandırıblar.
Paneldən sonra Azərbaycan Mədəniyyət Nazirliyinin stendini ziyarət edən ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev “Füyuzat” və “İşıq” jurnalları ilə tanış olub, mətbu irsin bərpası sahəsində MİMTA Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, 27-ci Tbilisi Beynəlxalq Kitab Festivalı 29-31 May tarixləri ərzində davam edəcək. Festivalda iştirak üçün verdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürümüzü bildiririk.






