Xəbərlər

MİMTA Yayımları öz oxucularını kitab sərgisinə dəvət edir

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Lənkəran–Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə 10-12 mart tarixlərində I Lənkəran Kitab Sərgisi keçiriləcək.

MİMTA Yayımlarından fuyuzat.az-a verilən məlumata görə, sərgidə oxucular tərəfindən maraqla qarşılanan, ən çox oxunan kitablar sərgi iştirakçılarına təqdim olunacaq. Stenddə MİMTA Yayımlarının çox satılan kitabları ilə yanaşı, yeni nəşr edilən Jül Peyo “İradə tərbiyəsi”, “Qəhrəmanlıq Salnaməsi” yazı müsabiqəsinin toplusu, “Dünya ədəbiyyatından 30 seçmə hekayə”, A.Tolstoy “Mühəndis Qarinin hiperboloidi”, Əzizə Cəfərzadə “Natəvan hekayələri” kitabları da yer alacaq.

Sərginin ikinci günü, 11 mart saat 12:00-da “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus “Füyuzat”dan kitablar” adlı təqdimatla çıxış edəcək. Çıxış zamanı “Füyuzat” jurnalında çap olunan məqalələrdən ərsəyə gələn kitablar haqqında oxuculara geniş məlumat veriləcək, bədii qiraət nümunələri təqdim olunacaq.

Qeyd edək ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutacaq sərgi çərçivəsində tanınmış yazarların iştirakı ilə təqdimatlar, imza mərasimləri, kitab satışı, eləcə də konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasların keçirilməsi nəzərdə tutulub. Kitablara xüsusi endirimlərin tətbiq olunacağı sərgi Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində 10:00-dan 18:00-dək baş tutacaq. Giriş pulsuzdur.