Misirin “Minbər əl-Təhrir” informasiya portalında Azərbaycanın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Günü – müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı” sərlövhəli məqalə dərc edilib.
“Füyuzat” xəbər verir ki, məqalənin müəllifi misirli jurnalist Əhməd Abdoh Tarabik 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsini 44 günlük Vətən müharibəsinin həlledici hadisəsi və Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi kimi səciyyələndirib. Yazıda Şuşanın Azərbaycanın tarixi, ədəbi və mədəni həyatındakı xüsusi mövqeyi, şəhərin strateji əhəmiyyəti, Vətən müharibəsinin gedişi və əldə olunan tarixi Qələbənin siyasi nəticələri diqqətə çatdırılıb.
Müəllif Azərbaycanın müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinə, “Böyük Qayıdış” proqramına, müasir infrastruktur layihələrinə və Qarabağın dayanıqlı inkişafı istiqamətində atılan addımlara da toxunub.
Məqalədə, həmçinin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyi, Yaxın Şərq, Afrika və Asiya ölkələri ilə əməkdaşlığının genişləndiyi, enerji və nəqliyyat sahələrində regional rolunun artdığı vurğulanıb.
Yazıda 8 Noyabrın Azərbaycan xalqının milli birliyinin, dövlət suverenliyinin və tarixi yaddaşının rəmzi olduğu qeyd edilib.



