Azərbaycan poeziyasının görkəmli simalarından biri olan Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda dünyaya gəlib. Cəmi 29 illik ömrünə sığdırdığı yaradıcılıq irsi onu milli ədəbiyyatımızın ən sevilən və ən çox oxunan şairlərindən birinə çevirib. Müşfiqin şeirlərində həyat eşqi, azadlıq duyğusu, insan və təbiət sevgisi xüsusi bir ahənglə səslənir. Onun misraları yalnız bir dövrün deyil, zamanın sərhədlərini aşaraq müxtəlif nəsillərin ruhuna toxunmağı bacarıb.
1937-ci ilin repressiyaları bu gənc və istedadlı şairin həyatını yarımçıq qoysa da, onun səsi susmadı. Əksinə, illər keçdikcə Müşfiqin poeziyası daha da qiymətləndirildi, adı Azərbaycan ədəbiyyatının yaddaşına əbədi həkk olundu. Bu gün – doğum günündə, sözün işığına və insan ruhunun gözəlliyinə inanan böyük şairi ehtiramla xatırlayır, onun ölməz misralarına bir daha qayıdırıq. Aşağıdakı misraları sizlərə təqdim edirik. Xoş mütaliələr!
Gecə düşüncəsi
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…
Gecə sakit… düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat –
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…
Ləman Vahid



