Xaqani Şirvani XII əsr Azərbaycan poeziyasının, eləcə də ümumilikdə Yaxın Şərq şeirinin ən qüdrətli nümayəndələrindən biridir. O, Orta və Yaxın Şərq poeziyasının ruhunu öz yaradıcılığında ifadə edən, dövrünün şeir texnikasına dərindən bələd olan görkəmli söz ustalarındandır.
“Füyuzat” xəbər verir ki, onun sözlərinə görə, şairi formalaşdıran yalnız istedadı və yetişdiyi mühit deyil, eyni zamanda, yaşantıları, üzləşdiyi ağrı-acılar, haqsızlıqlar, ədalətsizliklər və sarsıntılardır. Məhz bu sarsıntılar şairin daxilindəki istedadın daha dərindən üzə çıxmasına, yaşadıqlarının poetik dəyərə, bədii tapıntıya və bənzərsiz ifadə vasitələrinə çevrilməsinə təkan verir. “Bu baxımdan Əfzələddin Xaqaninin həyatı sarsıntılarla zəngin olub. O, öz istedadı və müəllimi Əbülüla Gəncəvinin köməyi ilə saraya gedib çıxıb, saray çəkişmələrinin mərkəzinə düşüb. Şirvanşahlar III Mənuçöhr və I Axsitan tərəfindən hörmət görməklə yanaşı, haqsız münasibətlərlə də üzləşib. Dəfələrlə həbs edilib, saraydan uzaqlaşmağa çalışıb, mülkləri əlindən alınıb. Şəxsi həyatında da ağır faciələr yaşayıb – oğlunu, qızını və həyat yoldaşını itirib, vətənindən ayrı düşüb. Bütün bunlar bir şair ömrünə yetəcək, hətta “sarsıntılar xəzinəsi” adlandırıla biləcək qədər zəngin həyat təcrübəsidir”, – deyə N.Cabbarlı qeyd edib.
O bildirib ki, Xaqani Şirvani həm şəxsiyyət, həm də şair kimi öz dövrünün mühüm hadisələrini yaradıcılığında əks etdirib: “Bir tərəfdən onun yaradıcılığı yüksək poetik dəyərə malikdir, digər tərəfdən isə dövrünün hadisələrinin, saray çəkişmələrinin, hökmdar və hakimiyyət dairələrindəki haqsızlıq və ədalətsizliyin bir növ “güzgüsü”dür. Buna görə də Xaqaninin əsərləri vasitəsilə yalnız zəngin poeziya ilə deyil, həm də müəyyən tarixi mərhələ ilə tanış olmaq mümkündür”.
Xaqaninin yaradıcılığından bəhs edən N.Cabbarlı qeyd edib ki, o, Azərbaycan ədəbiyyatının ən böyük lirik şairlərindən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin mühüm ənənələri öz əksini tapıb. Şairin məhəbbət lirikası, əsasən, qəzəl və rübailərində izlənilir. Təxminən 17 min beytlik lirik şeirlər divanında 300-dən artıq rübai yer alıb.
Alimin sözlərinə görə, rübai Şərq intibahı dövründə geniş yayılmış poetik janrlardan biri olub. Ömər Xəyyam, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Fələki Şirvani və Qətran Təbrizi kimi sənətkarların yaradıcılığında fəlsəfi, əxlaqi-didaktik məzmunlu rübailər mühüm yer tutub. Xaqaninin rübailəri də bu poetik ənənədə özünəməxsus mövqeyə malikdir.
“Xaqaninin rübailərində haqsızlıq və ədalətsizliyin tənqidi, eləcə də fəlsəfi motivlər mühüm yer tutur. Bununla yanaşı, məhəbbət mövzusu xüsusi olaraq seçilir. Şairin əsərlərində sevgiliyə ali və yüksək münasibət diqqəti cəlb edir. Xaqani klassik şeir ənənəsinə uyğun olaraq sevgilini təbiətlə ahəngdə, təbiət gözəllikləri ilə müqayisədə təqdim etsə də, özünəməxsus yanaşması ilə fərqlənir”, – deyə tənqidçi vurğulayıb.
N.Cabbarlının sözlərinə görə, Xaqani üçün eşq Yer ilə Göyün, Torpaqla Günəşin vəhdətidir. Onun eşq dünyasında Yerlə Göy arasında yadlıq və soyuqluq deyil, sevgi, hərarət, istək və təmas var. Xaqani yaradıcılığında sevgili Günəş, aşiq isə Torpaq obrazında təsəvvür edilir. Torpaq Günəş işığı olmadan yaşaya, bar-bəhər verə bilmədiyi kimi, aşiq də sevgilisini görmədən yaşaya və nəfəs ala bilmir. Bu mənada Xaqani üçün eşq dünyanın ən güclü alovu, ən qüdrətli odudur.
N.Cabbarlı bildirib ki, şairin poetik dünyasında eşq müxtəlif rəmz və obrazlarla təqdim olunur. Xaqani üçün eşq bəzən qadağan edilmiş Cənnət buğdasıdır – aşiqin toxunmaq üçün alışıb-yandığı, onu özünə çəkən qüvvədir. Buğdayı sifəti behiştə bənzəyən sevgili həsrətin və vüsala yetişmək arzusunun simvoluna çevrilir. Eşq, eyni zamanda, “can içrə can”, yaraya məlhəm, dərdə dərmandır.
Onun sözlərinə görə, Xaqaninin poetik düşüncəsində eşq imanla küfr arasındakı sərhədi də aradan qaldırır. Sevgili aşiq üçün Sultan, Xaqan, hətta özünə sitayiş etdirmək və onu dinindən döndərmək qüdrətinə malik büt səviyyəsinə yüksəlir. Bu mənada Xaqani üçün eşq bütöv bir dünya, bir mühitdir.
“Xaqani üçün eşq qələbə deyil, məğlubiyyətdir. Lakin bu, onun qarşılaşdığı məğlubiyyətlər arasında ən gözəlidir. Çünki ilahidir, yüksəkdir. Bu yüksəklik isə şairin ucala bildiyi ən böyük məqamdır – məşuqunu özündən uca, özündən ali bilən Xaqani yüksəkliyidir. Bütün bunlar Xaqani yaradıcılığını fərqləndirən mühüm xüsusiyyətlərdəndir”, – deyə N.Cabbarlı vurğulayıb.
Xaqani Şirvaninin 900 illik yubileyinin keçirilməsinin əhəmiyyətindən danışan dosent bildirib ki, şairin zəngin ədəbi irsinin daha geniş miqyasda tədqiq və təbliğ edilməsinə ehtiyac var.
“Xaqani yaradıcılığı araşdırılmağa, tərcümə edilməyə və geniş oxucu auditoriyasına tanıdılmağa ehtiyacı olan böyük ədəbi irsdir. Bu sahədə çalışan tədqiqatçıların sayının artırılması da vacibdir. Bu, asan məsələ deyil. Çünki Xaqani Azərbaycan ədəbiyyatının elə bir səhifəsidir ki, onun tədqiqi araşdırmaçıdan yalnız poetik duyum və filoloji bilik deyil, həm də müvafiq dil və əlifba bilikləri tələb edir. Buna görə Xaqani yaradıcılığına həssas yanaşılmalı, gənc tədqiqatçıların bu sahəyə istiqamətləndirilməsinə diqqət yetirilməlidir. Əlbəttə, Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması onun irsinin təbliği və beynəlxalq miqyasda daha geniş tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, şairin yaradıcılığının Azərbaycan oxucusuna daha yaxından tanıdılması da aktuallığını qoruyan məsələlərdəndir”, – deyə Nərgiz Cabbarlı fikrini yekunlaşdırıb.



