“İnsan canı sanki tilsim, nurunu Haqq qatmış ona
Kim özünü belə görsə, bir mələkdir, deyil bəşər.
Hər bir zərrə yaranmışdır, bircə nurun şöləsindən
Bir dəryanın suları da yağış olar, dürrə dönər”.
(İmadəddin Nəsimi)
Yazıya böyük mütəfəkkir və Şərqin fəlsəfə səltənətinin ən güclü nümayəndələrindən olan Nəsiminin bu sözləri ilə başlamaq heç də təsadüfi deyil. Orta əsr Şərq ədəbiyyatını Şərq fəlsəfəsindən ayırmaq, bir çox mütəfəkkirləri yalnız poetik müstəvidə dəyərləndirmək onlara qarşı ən azından, haqsızlıq oldu. Özünün qəzəllərində, hürufi beytlərində bəşəriyyətin kosmik sirlərini, elmi gizlinlərini açan Nəsimiyə biz, həqiqətənmi, öz intellekti qədərincə tam dolğun qiymət verə bildik?
Hər şeyi bir kənara qoyub elə yuxarıdakı misraların batininə varaq. Orada daha nələr yoxdu ki?!
Kiçik kainat və böyük kainat (mikrokosmosla-maksokosmos), həmçinin onların arasında qarşılıqlı “işıq alveri” bu beytlərin cövhəridir. Əsrlər keçəcək, XX əsr gələcək və yalnız bu zaman alimlər, özü də ən böyük alimlər biləcək ki, mikrokosmos və makrokosmos əlaqələri bəşəriyyətin ən böyük elmidir. Mikrokosmos – insan və makrokosmos – kainat bir-biriylə daim enerji mübadiləsində olur. İnsan kainatdan hər saniyə müsbət və mənfi yüklü ionlar alır, həmçinin özü də eyni tərkibli ionları kainata ötürür. Onu da qeyd edək ki, insanın kainata ötürdüyü bu informasiyalar müxtəlif kodlar şəklində onun yaddaşında qorunub saxlanılır. Kainat öz gizli elmlərinə insandan, yəni mikro formasından keçərək çatır.
Nəsimi külliyyatında nə çox belə misralar? Sadəcə olaraq misraların daxili qatına daha ciddi sirayət etmək, dərin mənalarını çözmək lazımdır.
Nəsimi zəkasında istər Şərq, istərsə də Qərb fəlsəfəsinin mübahisə mövzusu olan məsələlər çox böyük ustalıqla öz həllini tapır. Azadlıq deyilən məfhum bir neçə fəlsəfi qatların keçilməsi, qaranlıq divarların yıxılmasından sonra insana qonaq olan məfhumdur. Əslində, o, insanın ruhundadır. Sadəcə olaraq bəzi divarlar onu görməyə qoymur. Fəna aləminə yolçuluq, əslində, azadlıq axtarışı deməkdir. İnsan ruhunda azadlıq baharda yaşıllıq deməkdir. Yaşıllıq olmasa, bahar olmaz. Bu barədə az sonra yenidən danışacağıq.
Dərin zəka dünyası lazımınca qiymətləndirilməyən şəxsiyyət təkcə Nəsimi deyil ki… Ondan bir neçə əsr əvvəl yaşamış, XII əsr Şərq intibah mədəniyyətinin banisi, böyük Nizami Gəncəvidə də sakral məna dünyasının çox gözəl inciləri var. Nəsimidən fərqli olaraq Nizami bildiyimiz kimi əsərlərini doğma ana dilində deyil, farsca yazmış və bu da onun misralarındakı fəlsəfi xəzinələrdən uzaq olmağımıza səbəb olmuşdur. Çünki böyük Nizaminin sovet dövründəki tərcümələri (istər “Xəmsə”yə aid olan 5 poema, istərsə də qəzəlləri) təəssüf ki, lazımi ustalıq və peşəkarlıqla dilimizə çevrilmədiyindən biz Nizamiyə 7 dağ yandan baxmışıq.
Elə 7 dağ o yana demişkən, böyük Nizaminin əsərlərində 7 rəqəmi mənalar dünyasının açarı kimi təqdim olunur.
Dərin bilgi sahibi olan Nizami qədim Şərq mistikası ilə antik yunan elmini o qədər ustalıqla sintez edib ki, bu gün də araşdırmaçılar Şeyxə aid olan mətnləri tam düzgün aça bilmirlər. Nizaminin məşhur “Yeddi gözəl” poemasında sirli yeddi günbəz var ki, onlar insanın “qış”ını “bahar”la əvəz edir, onda kamilliyin təcəssümü olan ruhi reformasiya yaradır. Nizamidəki yeddi günbəzə keçməzdən əvvəl bu mərkəzlər haqqında bir-iki cümlə deməliyik:
Təsəvvüf mətnlərindəki “yeddi vadi”, “yeddi günbəz”, “yeddi qəsr”, “yeddi cam” anlayışları, əslində, yeddi mərkəzin kodları, bədii-rəmzi ifadələridir.
Kainatın kiçik modeli olan insan bədənində paralellərə və meridianlara bənzər xətlər var. Bu xətlərin birləşmə nöqtəsi bioaktiv nöqtələr hesab edilir. İnsan bədənində 600-ə qədər bioaktiv nöqtə var ki, qədim Çin təbabəti də məhz onların vasitəsilə tətbiq olunur. Onurğa sütunumuz isə bədənimizdə ekvator xətti rolunu oynayır. Ekvator Yer kürəsini iki bərabər hissəyə böldüyü kimi, onurğa da insanın vücudunu iki bərabər hissəyə ayırır. Amma o, təkcə vücudu yox, insana məxsus enerjini də iki hissəyə bölür. Çünki onurğa sütununda sakrum adlanan sümükdə ilan təki qıvrılıb yatan gizli enerji var. Bəşər tarixinin əksər insanlarında, eləcə də hazırda yaşayan adamların əksəriyyətində həmin enerji yatmış vəziyyətdədir. Buna Kundalini enerjisi deyilir.
Kundalini sanskrit dilində “halqa-halqa burulmuş ilan” deməkdir. Bu hər insanda ilan kimi halqalar şəklində burularaq onurğanın əsasındakı sakrum sümüyündə yerləşən kosmik enerjidir.
O, əslində, enerji bankıdır. İnsanın cismini və ruhunu enerji ilə təmin edən Kundalini dünyanın 90 faiz insanında passiv vəziyyətdədir. Qıvrılmış Kundalini enerjisindən onurğa sütunu boyu xüsusi kanalla növbə ilə lətif çarxları keçir və insanı təmizləyir. Çünki onurğa sütunu boyunda yeddi mərkəz var. Yatmış enerji də bu mərkəzdən keçəndən sonra insanı kamilliyə doğru aparır.
Söhbətin bu yerində yenidən Nəsimiyə qayıdaq: gizli Şərq mistikasını dərindən bilən İmadəddin Nəsimi əbəs yerə bülbülü əsir olduğu qəfəsi sındırmağa və yeni gülüstan tələb etməyə çağırmırdı. Nəsimidəki başqa bir nümunəyə diqqət edək:
“Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə, görəsən məvayi-eşq”.
Böyük Nəsimi, əlbəttə ki, burada yaxşı cəh-cəh vurmağı ilə ad çıxaran bülbül adlı quşa müraciət etməyib. O, sadəcə, insanda yatıb qalan Ali Enerji zərrəsinin – Kundalini enerjisinin oyanmasını “bülbülün qəfəsdən çıxması”na bənzədib. İlkin mərhələ uğurla başa çatırsa, yəni yeddi mərkəzdən birincisi qət edilirsə, insan özündə sözlə ifadə oluna bilməyəcək rahatlıq, azadlıq, çəkisizlik hiss edir. Onun yaradıcı istəyi bundan sonra daha da artır. Uzağa getməyək, yazıçı, rəssam və bəstəkarları göstərsək, kifayətdir.
Söhbətin bu yerində Şərqin dərin məna xəzinəsindən, təsəvvüfün zəka sərvətindən geninə-boluna yararlanmış Şah İsmayıl Xətaidən danışmaya bilmərik. Təəssüf ki, bu gün böyük mütəfəkkirin filosof tərəfi onun dövlətçilik bacarığının, sərkərdəlik tərəfinin kölgəsində qalır. Bunu müəyyən qədər haqlı yanaşma saymaq olar. Amma və lakin… Xətaini qələm əhli kimi hallandırarkən yalnız bir neçə bayatının, qoşmanın adının çəkilməsi, sadəcə, haqsızlıqdır.
Xətainin təkcə Şərq fəlsəfəsində yeni rəng qazandırdığı bahariyyə təfəkkürünü xatırlamaq kifayətdir ki, onun nə dərəcədə dərin zəka sahibi olmasının fərqinə varaq.
Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid, əslində, böyük Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi artıq onun üzərinə fəna aləminin qapılarını açır. O öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharı” na qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki, real həyatda mart ayının sonlarında bahar gəldikdən sonra təbiət qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhi aləmində də bu hallar baş verir. Fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma, bu ayılmadan sonra bədəninə yayılan enerji və bu enerjinin dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilası halları baş verir. Bir sözlə ilahi aspektə doğru hərəkət edərək insan bioloji varlığı ilə ruhi varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz bu vahid ilahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində bahariyyə adlanır.
Nümunələrin sayını, təbii ki, bir xeyli artırmaq olar. Hələ çoxqatlı Füzuli, Şəbüstəri, Xaqani, Məsihi və s. onlarla Şərq klassiklərinin əsərlərini bu qəbildən təhlil etmək olar. Amma məsələ təkcə hansısa konkret fərdlər yox, sistemli Şərq düşüncə tərzinin aliliyidir. Fəriddəddin Əttarın məşhur “Quşların dili” əsərindəki “yeddi vadi”, Nizamidəki “yeddi günbəz”, Füzulidəki “yeddi cam” və s. bunların hamısı Şərqin sakral lüğətinin poeziyaya sızan örnəkləridir.
Böyük sufi Fəridəddin Əttar özünün “yeddinci vadisi”ndən sonra Ali Enerjinin təcəssümü olan Simurqu yaratdı. Müxtəlif sayda olub xeyli yol qət edən quşlardan yalnız otuzu sonuncu ali mərhələyə çatandan sonra Simurqa dönə bildilər. XII əsrin böyük sufisi olan Əttar “Məntiq üt-teyr” əsərində eşq yolçularını çox ağır, təhlükəli bir yolda yeddi vadidən keçirir. Buradakı “yeddi vadi”, təbii ki, rəmzi mənada işlənib. O, əslində, insanın Ali Enerji ilə vəhdətini yaradan yeddi lətif çarxı (hindlilər ona çakra deyir), yeddi məqamı ifadə edir. Əttarın 30 eşq yolçusu yeddinci vadidən – sonuncu məqamdan keçəndən sonra aşiqlə məşuq arasındakı maneələr yox olur. Damlanın ümmanla birləşmə prosesi baş verir. Yeddinci vadini qət edən yolçu özünü Kainatın Ümumi Enerjisinin bir zərrəsi hesab edir.
Rəqəmlərin bətnində gizlənən mistik mahiyyət özünü təsəvvüf ədəbiyyatında hər zaman daha qabarıq əks etdirib. Sufi ədəbiyyatında rəqəmlərin kainatla, kosmosla əlaqəsi və ahəngdarlığı xüsusi rəmzlərlə göstərilib. Bu mətnlərdəki “yeddi məqam” obrazlı şəkildə “yeddi qəsr”, “yeddi vadi”, “yeddi tağ” adlandırılıb.
IX əsr alimi Hüseyn Nuri “Məqamət əl-qülub” əsərində “yeddi konsentrik qəsr” simvolikasından istifadə edərək canın Allaha yönəlməsi yolunu təsvir edir. Müəllif burada göstərir: “Allahı tanıyanların qəlbində yeddi qəsr var. Allah möminlərə bu qəsrlərdə yaşamağı əmr etdi, şeytan kənarda qaldı. Bu qəsrlərin hərəsi bir rəngə çalırdı”.
Əttarın “yeddi vadi”sinə, Nizaminin isə “yeddi günbəz”inə baş vuraq. Əslində, həmin vadilər və günbəzlər Ali Enerjidən bir nişanə, zərrə olan mikroenerjinin hərəkət etdiyi yeddi çarxdır, yeddi mərhələdir. Sadəcə, Əttar və Nizami kimi dahilər bu mürəkkəb tendensiyanı ustalıqla obrazlaşdıra biliblər. Klassik ədəbiyyatda, bəlkə də, ən çox rastımıza çıxan ifadələr qəzəllərdə bülbülün qəfəsdən qurtulması və oradan xilas olmaq istəyi ilə bağlıdır.