XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış norveçli yazıçı Simon Strangerlə oxucuların görüşü keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbirdə yazıçı oxucuları salamlayaraq onlarla səmimi söhbət edib, həyatı, yaradıcılığı, ədəbi fəaliyyəti, eləcə də əsərlərinin yaranma tarixçəsi barədə danışıb.
Görüş zamanı Simon Stranger bildirib ki, yazıçı olmaq onun uşaqlıq illərindən ən böyük arzularından biri olub. Müəllif ilk romanının ərsəyə gəlmə prosesindən, yazıçılığa başladığı dövrdə qazandığı təcrübələrdən və yaradıcılıq yolunda qarşılaşdığı çətinliklərdən bəhs edib. O, həmçinin uşaqlıq xatirələrini bölüşərək həyatının müxtəlif dövrlərinin ədəbi yaradıcılığına təsirindən söz açıb.
Yazıçı qeyd edib ki, indiyədək 23 kitabı nəşr olunub və əsərləri dünyanın 34 dilinə tərcümə edilib.
Tədbir çərçivəsində müəllifin yaradıcılığına maraq göstərən oxucularla fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Simon Stranger müasir Norveç ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. O, həm böyüklər üçün romanların, həm də uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş əsərlərin müəllifidir. Yazıçının kitabları müxtəlif ölkələrdə geniş oxucu auditoriyası qazanıb.
Müəllifin 2018-ci ildə qələmə aldığı və Holokost mövzusundan bəhs edən “Onların adlarını söyləməyə davam edin” (Keep Saying Their Names) romanı ona beynəlxalq şöhrət qazandırıb. Simon Stranger bu əsərinə görə Norveçin nüfuzlu Kitabçılar Mükafatına (Bokhandlerprisen) layiq görülüb.
Simon Strangerin əsərləri “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Onun “Qaranlıq və işıq” və “Qatillər və xilaskarlar muzeyi” kitabları artıq Azərbaycan oxucularına təqdim edilib.





