Xəbərlər

Səudiyyə Ərəbistanı Bakı Beynəlxalq Kitab Sərgisində milli pavilyonunu təqdim edib

Səudiyyə Ərəbistanı Krallığı oktyabrın 21-də Bakı Beynəlxalq Kitab Sərgisində milli pavilyonunun açılışını edib.

“Füyuzat” xəbər verir ki, oktyabrın 21-dən 25-dək davam edən sərgidə Krallıq Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının rəhbərliyi ilə təmsil olunur. Səudiyyə Ərəbistanı Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 11 sahəvi komissiyadan biri olan bu qurumun sərgidə iştirakı ölkənin ədəbi irsinin və yaradıcı potensialının tanıdılmasına, həmçinin Azərbaycanla mədəni əlaqələrin genişləndirilməsinə xidmət edir.

Pavilyonda Səudiyyə Ərəbistanının müxtəlif dövlət qurumları və mədəniyyət təşkilatları təmsil olunur. Bu təqdimat vasitəsilə ziyarətçilərə Krallığın ədəbiyyat, nəşriyyat və mədəniyyət sahələrindəki fəaliyyəti barədə əhatəli məlumat verilir.

Sərgi çərçivəsində Səudiyyə Ərəbistanı və ərəb ədəbiyyatına aid müxtəlif nəşrlər, o cümlədən Komissiyanın “Tarjim” təşəbbüsü ilə tərcüməsi dəstəklənən kitablar nümayiş etdirilir. Sözügedən təşəbbüs ərəb dilindən digər dillərə və digər dillərdən ərəb dilinə 3200-dən çox kitabın tərcüməsinə dəstək göstərib.

Komissiyanın baş icraçı direktoru Əbdüllətif əl-Vasil bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisində iştirak Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud münasibətlərin möhkəmliyini əks etdirir. Onun sözlərinə görə, pavilyon ziyarətçilərə Krallığın ədəbi və yaradıcı müxtəlifliyi ilə tanış olmaq imkanı yaradır.

Sərgidə iştirak Komissiyanın ədəbiyyat və nəşriyyat sahəsinin inkişafına dəstək göstərmək, beynəlxalq mədəni dialoqu və əməkdaşlığı genişləndirmək istiqamətində fəaliyyətinin tərkib hissəsidir.