Füyuzat 137 Həşim Səhrablı

Ölü məktub

Vəhşi təbiətin yazılmamış qanunları ilə həyatda qalmağa çalışan heyvanlar aləmində gün belə başlayırdı: qaranlığın və zülmətin yerinə yeni Günəş doğur, gecədən nişanə qalan şehi qurutmağa başlayır, yayın ən isti aylarının verdiyi hərarətlə bütün təbiətin canına od ələyirdi. İsti artdıqca heyvanlar aləminin həyat uğrunda mübarizəsi də alovlanırdı.

Günəşin doğduğunu duyan zürafə başı göylərə çatan ağaclardan təzəcə yarpaq qoparıb yeməyə başlamışdı ki, yan-yörəsinə aslanların doluşduğunu gördü.

– Səhər ki yeni açılıb. Ovlamağa bu qədər həvəsli olmağınız axırda sizin özünüzü ova çevirəcək.

– Yəni sənin kimi…

– Necə yəni?

– Qidalanmaq üçün sübh çağını bizə artıq görürsən, amma özün günəşi salamlamağa macal tapmamış təzə-tər yarpaqlardan qoparırsan…

Zürafə bir az doluxsundu. İlk dəfə idi ki, qidalandığı zaman bir canlını həyatdan məhrum etdiyinin fərqinə varırdı. Həm də nə vaxt?! Özü ova çevrilərkən. Amma etdiklərində haqq görməyə bir bəhanə də tapmışdı.

– Mən yarpaqları yeyirəm, onların canı yoxdur, sinirləri yoxdur, hissləri, qeydinə qalmalı olduğu balaları yoxdur. Amma mən yeni balalamışam, yavrum süd gözləyir, dişiniz bədənimə sancılsa, ağrıdan qopardığım inilti qulaqlarınızı batıracaq.

– Sənin üçün o ağacın, yarpaqların canı nə qədər önəmlidirsə, bizim üçün də sənin canın o qədər əhəmiyyətlidir. Təbiətin qanunu var axı, bizim də yavrularımız var, acdırlar, onları həm südlə, həm də ətlə bəsləməliyik ki, soyumuz davam edə bilsin.

Zürafə artıq bəhanələrlə, ağıllı yalanlarla canını qurtara bilməyəcəyini görüb son çarəyə baş vurdu. Arxasına baxmadan qaçmağa başladı…

Bir az keçmişdi ki, ona çata bilməyəcəyini anlayan aslanlar azca irəlidə olan axsaq zebri gördülər. Aslanlar üçün məqsəd yem tapmaqdır. Ona görə də hədəf önəmli deyildi. Sağlam zürafəni yaxalamağın onları taqətdən salacağını anlayan aslanlar axsaq zebri qovmağa başladılar.

Cəngəlliyin qaydalarının dəyişməyən bir qaydası var: zəif olan hədəfdir. Axsaq zebr artıq vəhşi təbiətin bir parçası deyildi…

Davamı…