Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunan iki adda bioloji aktiv qida məhsulunun laborator müayinələri aparılıb.
“Füyuzat” xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Məlumata görə, müayinələr zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi və “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” müəssisəsinin istehsalı olan 5059 ədəd “Nosetin” əmtəə nişanlı məhsulun (istehsal və son istifadə tarixləri: 01.10.2025–01.10.2028, partiya nömrəsi: HNRNTN2) tərkibində “L-carnitine” və “Citicoline” maddələrinin miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Həmçinin “EN Life Group” MMC-nin idxal etdiyi və “Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş.” müəssisəsinin istehsalı olan 5000 ədəd “Magintens” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda (istehsal və son istifadə tarixləri: 01.04.2026–01.04.2029, partiya nömrəsi: MS 00501) “Vitamin B2” və “Maqnezium bisqlisinat + maqnezium sitrat”ın miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb və məhv edilib.



