Xəbərlər

Peskov: Rusiya İranın nüvə probleminin sülh yolu ilə həllini mümkün hesab edir

“İran Rusiyanın müttəfiqidir və Moskva ABŞ-ı narahat edən Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini mümkün hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Bloomberg” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Moskva Tehranla danışıqlarda Vaşinqtona kömək etməyə hazır olduğunu bildirib.

“Rusiyanın mövqeyi ondan ibarətdir ki, İranın nüvə proqramı problemi müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll edilməlidir. Biz bunun üçün potensialın olduğuna inanırıq”, – Kremlin sözçüsü vurğulayıb.

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, İranın nüvə proqramı mövzusu Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli danışıqlar zamanı “Ər-Riyadda qaldırılıb”, ancaq təfərrüatlı toxunulmayıb.

Kreml nümayəndəsi deyib: “Biz bu mövzuda ayrıca müzakirələr gözləyirik. Əslində, bunun gələcəkdə dialoqumuzun, məsləhətləşmələrimizin ayrıca sahəsinə çevrilməsi təklif edilib”.