Aktual

Politoloq: Türkiyə Yaxın Şərqdə sülhə cəhd edir

Yaxın Şərqdə münaqişə günlərdir uzanır. Bölgədə yaranan humanitar problemlər artır, qarşıdurmanın yayılma riskləri öz aktuallığını qoruyur.

Yaxın Şərqin əsas söz sahibi dövlətlərindən biri kimi Türkiyənin də son vaxtlar münaqişənin uzanması və yaranan humanitar problemlərdən narahatlığını dilə gətirməsi, Türkiyə–Fələstin dostluq xəstəxanasının vurulması bölgədə gərginliyi daha da artırır.

Məhz bunlardan sonra Türkiyənin münaqişəyə cəlb olunması, yaxud fərqli dövlətlərin münaqişəyə qatılmaqla qarşıdurma arealının genişlənməsi kimi məsələlər yenidən müzakirə mövzusuna çevrilib. Bəs, görəsən, hansısa “görünməz əl” Türkiyəni münaqişəyə cəlb etmək istəyir? Rəsmi Ankaranın sonrakı addımları necə olacaq?

“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, Türkiyə Yaxın Şərqdəki problemin həllində perspektiv vəd edən ölkədir:

“Həm Azərbaycanın, həm Türkiyənin mövqeyi Yaxın Şərqdə 1947-ci il BMT qətnaməsinə uyğun 2 müstəqil dövlət prinsipinə, yəni İsrail və Fələstin dövlətlərinin yaradılması ideyası prinsipinə söykənir. Bu həm yəhudi xalqının, həm də ərəb xalqının mənafeyinə uyğun yeganə düzgün yoldur. Ancaq ötən 50 ildən çox müddət ərzində bəlli səbəblərdən Fələstin dövləti yaradıla bilməyib. Bu günə qədər uzanıb və prosesin uzanması nəticəsində Fələstində fərqli yollarla öz məqsədinə nail olmaq istəyən qüvvələr meydana gəlib. Hazırkı şəraitdə 2 dövlət prinsipi ilə məsələnin tənzimlənməsinə keçidin ən real yolu əməliyyatların dayandırılması və danışıqlara başlanmasından ibarətdir ki, Türkiyənin də, Azərbaycanın da mövqeyi bundan ibarətdir. Türkiyə atəşkəsin dayandırılması üçün var gücü ilə çalışır, ancaq, çox təəssüf ki, xüsusilə də Qərb ölkələri atəşkəsin əldə olunmasına açıq şəkildə mane olurlar. Hətta atəşkəsin dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasına çıxarılmış məsələnin qətnamə şəkildə qəbul olunmasına qarşı Amerika, Fransa, Almaniya, Britaniya və digər Qərb ölkələri açıq şəkildə əleyhinə səs verdilər ki, atəşkəs əldə olunmasın. Təsadüfi deyil ki, bu gün həm İsrail rəhbərliyi, həm də Qərb ölkələri atəşkəs olmasını İsrail üçün guya “ölüm” hesab edirlər və HƏMAS üçün xilas yolu sayırlar. Ancaq atəşin davam etdirilməsi heç bir halda Yaxın Şərqdə problemin həlli üsulu deyil və ola bilməz”.

Politoloq qeyd edib ki, Türkiyə bu proseslərdə çox aktiv iştirak edir:

“Regional qüvvə kimi həm müsəlmançılıq faktoruna söykənərək, həm də Ərəb dünyası ölkələrilə yaxın münasibətlərdə olan bir ölkə olaraq Türkiyənin bu proseslərdə fəal iştirakı normaldır və bütün hallarda bölgənin maraqlarına xidmət edir. Necə ki Cənubi Qafqazda Ermənistan–Azərbaycan müharibəsi vaxtı Türkiyənin bir faktor kimi müdaxiləsi sabitləşdirici rol oynadı, eynilə bu prosesdə də Türkiyənin iştirakı sabitləşdirici rol oynaya bilər. Əslinə baxsaq, uzaq Qərb ölkələrinin, məsələn, ABŞ və digərlərinin Yaxın Şərq probleminə aktiv şəkildə müdaxiləsindənsə, Türkiyə kimi bölgə dövlətlərinin fəallığı və iştirakı daha səmərəli nəticə verə bilər. Regional problemlərin bölgə dövlətlərinin öz potensialı, öz gücü ilə həll olunması prinsipi, mənə elə gəlir ki, Yaxın Şərqə daha çox yaraşır”.

Politoloq Türkiyənin münaqişəyə qoşulmaq ehtimallarını da dəyərləndirib:

“Düşünmürəm ki, Türkiyəni birbaşa hərbi əməliyyatlara cəlb etmək mümkün olsun. Çünki Türkiyə məsuliyyətli bir ölkədir və bu gün ciddi qüvvələrin hamısı yaxşı başa düşürlər ki, bu münaqişənin regional münaqişəyə çevrilməsi ən pis ssenarilərdən biri olar. Təbii ki, qonşu dövlət bunu nəzərə alır və Türkiyə rəsmiləri yaxşı başa düşürlər ki, müəyyən qüvvələrin onu prosesə cəlb etmək planları olsa da, Türkiyənin bu münaqişəyə hərbi olaraq cəlb olunması və hərbi əməliyyatların iştirakçısına çevrilməsi böyük və sonu bilinməyən regional bir münaqişəyə gətirib çıxara bilər. Türkiyənin hərbi cəhətdən bu münaqişəyə müdaxilə etməsi yox, danışıqlar prosesində vasitəçi rolunda iştirak etməsi daha səmərəlidir və Türkiyə rəhbərliyi də bu gün bu istiqamətdə fəaliyyət göstərir. Əslində, Türkiyənin çox maraqlı ideyaları var: sülh konfransına çağrılması, Fələstin tərəfindən Türkiyənin “Qara Dövlət” kimi danışıqlarda iştirak etməsi və s. Bu kimi addımlar, fikrimcə, Yaxın Şərq probleminə öz töhfələrini verə bilər. Amma əgər kimlərsə Türkiyənin bu münaqişəyə cəlb olunması istiqamətində ciddi cəhdlə çalışarsa və sonda buna nail olacaqlarsa, bu, əlbəttə, region üçün ən pis ssenari ola bilər. Türkiyə bölgədə və dünyada sülh və təhlükəsizlik üçün çalışan bir ölkədir. Ona görə də Türkiyə belə bir addım atmaq məcburiyyətində qalacaqsa, bunun məsuliyyəti Türkiyənin yox, Türkiyəni bu addıma vadar edən beynəlxalq qüvvələrin üzərində olacaq, çünki artıq həmin qüvvələr BMT Təhlükəsizlik Şurasında atəşin dayandırılması çağırışlarına qətiyyən məhəl qoymurlar. Onların hədəfi problemi həll etmək yox, Qəzzanı bir bölgə kimi, Qəzza insanlarını bir toplum kimi məhv etməkdir. Əgər proseslər bu yöndə davam edərsə, təkcə Türkiyənin yox, dünyanın bütün mütərəqqi qüvvələrinin bu məsələyə müdaxilə etməsinə ehtiyac yaranacaq”.