Azərbaycanın zəngin musiqi irsi, dərin folklor ənənələri və sazın sehrli sədaları dünyanın müxtəlif guşələrindən də insanları özünə cəlb edir. Bu musiqi xalqın ruhunu, tarixini və ənənələrini daşıyan canlı yaddaşdır. Elə buna görədir ki, fərqli mədəniyyətlərdən olan insanlar belə bu sədalara biganə qala bilmir, Azərbaycanı daha yaxından tanımağa can atırlar.
Onlardan biri də Azərbaycana olan sevgisi ilə sazda ifa etməyi öyrənmiş Marta Lauiridir. Amerikalı olsa da, ürəyi Azərbaycanla döyünən Marta bu ölkə üçün doğma Vətənimdir deyir. Dilimizi öyrənən, milli musiqini mənimsəyən Marta, aşıq sənətinin incəliklərini də bu mühitdə kəşf edib. Bu gün o, övladlarını Azərbaycan bayrağı altında böyüdən, Vətən sevgisini onlara və ətrafındakı insanlara aşılayan mədəniyyət daşıyıcısıdır.
Amerikalı aşığın bu torpaqlara olan sevgisini isə ən doğru şəkildə özündən eşitmək üçün onunla həmsöhbət olduq.
– Azərbaycanla ilk tanışlığınız necə olub, sizi bu ölkəyə gətirən səbəb nə idi?
– Əslində, bu hekayə Azərbaycandan da əvvəl başlayır. Mən universitetdə bakalavr təhsili alarkən Rusiyaya getdim və Pyatiqorsk – Dövlət Dilçilik Universitetinə qəbul oldum. 2005-2007-ci illərdə orada rus dilini öyrəndim. Təhsil müddətimdə daha çox rus tələbələrlə deyil, Qafqazdan gələnlərlə dostlaşdım. Onlara qarşı böyük hörmət hissim yarandı. Gördüm ki, öz mədəniyyətlərinə çox bağlıdırlar və bu bağlılıq həyatlarının hər sahəsində hiss olunur.
Xüsusilə müsəlman qızlarında diqqətimi çəkən məqamlar güclü ailə dəyərləri, valideynlərinə hörmət, müqəddəs kitablarına, dinlərinə bağlılıq, təhsilə ciddi yanaşma və mədəni kimliklərini qorumaq istəkləri idi. Onlar tez-tez Qafqaz rəqsləri edər, öz ənənələrindən danışardılar. Bütün bunlar məndə dərin sevgi hisləri yaratdı. Qaraçaylar və məhsəti türkləri arasında dostlarım vardı. Elə orada ikən ilk dəfə Azərbaycanı tanıdım. Sonralar Qafqaza bir neçə dəfə səfər etdim və o dağlara sözün əsl mənasında bir könüldən min könülə valeh oldum. Bütün bunlardan sonra könülsüz olsam da, Amerikaya qayıtdım.
Rusiyadan ABŞ-yə qayıtdıqdan sonra belə içimdə daim dərin bir hiss var idi, sanki Qafqaz dağları məni özünə çağırırdı. Çünki bu dağlarda yaşayan xalqlar çox qədimdir, adət-ənənələrinə, rəqslərinə, mətbəxlərinə çox bağlıdırlar, öz millətləri, tarixləri ilə fəxr edirlər. Amerikada elə şey yoxdur, bizdə hər şey çox qarışıqdır, hər şey təzədir.
Həmin dövrdə mən Dallas şəhərində, Texasda təhsil alırdım. O illərdə Amerikada Azərbaycan haqqında geniş məlumat yox idi, ölkə beynəlxalq müstəvidə indiki qədər tanınmırdı. Amma sanki mən hara getsəm, qarşıma mütləq Azərbaycan adı, ölkə ilə bağlı ornamentlər çıxırdı. Daha sonralar isə mən rus dilli insanları axtarmağa başladım ki, dili unutmayım. Nə qədər axtarsam da, Dallasda ruslara rast gəlmədim. Amma bunun əvəzinə daha doğma – Qafqazdan olan məhsəti türkləri ilə qarşılaşdım, tanış oldum. Bu tanışlıqlar mənim Qafqaza, xüsusilə də Azərbaycana olan istəyimi, marağımı daha da gücləndirdi. Onlar həm rus dilində, həm də öz ana dillərində danışırdılar. Bu icmaya “Ahısqa türkləri” deyirlər. Mən də yavaş-yavaş onlara kömək etməyə başladım. Çünki ingilis dilləri o qədər də yaxşı deyildi. Məsələn, həkimə gedəndə onları müşayiət edir, lazım olan yerlərdə tərcümədə köməklik göstərirdim.
Həmin ailə ilə tanışlıq mənim Azərbaycana baxışımı daha da dərinləşdirdi. Onların dili bu gözəl dilə çox yaxın idi. Getdikcə marağım o qədər böyüyürdü ki, hətta bəzi amerikalılar məni artıq azərbaycanlı kimi tanıyırdılar. Bir müddət sonra imkan yarandı ki, yay tətilində, dərslərin olmadığı vaxtda paytaxta bir həftəlik səfər edim. Mən də bir neçə dostumla Bakı şəhərinə gəldim. Şəhəri gəzdik, orada yaşayan amerikalılarla tanış olduq.
– Sazla ilk tanışlığınız necə baş verdi, sizi bu alətə bağlayan əsas hiss nə oldu?
– Bakı böyük şəhərdir, halbuki mən Amerikada daha kiçik bir şəhərdə böyümüşəm. Hətta Dallas belə mənə əvvəllər böyük görünürdü və bir qədər çəkinirdim. Ona görə də Bakıya gələndə bu böyüklük, səs-küy və küləkli hava mənə bir qədər yad təsir bağışladı. Amma yaddaşıma həkk olunan bir məqam var. Bir gün gəzərkən təsadüfən bir ustanın iş yerində sazda ifa etdiyini gördüm. O həm usta idi, həm də ifaçı. Bu mənzərə məni çox təsirləndirdi. Elə o an öz-özümə dedim ki, əgər bir daha Azərbaycana gəlsəm, mütləq bu alət və milli musiqi haqqında daha çox öyrənəcəyəm.
Sonradan magistratura üçün Qafqazda universitet axtaranda Xəzər Universiteti haqqında oxudum, bəyəndim və buranı seçdim. Fikirləşdim ki, niyə də olmasın? Azərbaycana yenidən qayıdanda artıq fərqli bir yol seçdim. Universitetdə oxuya-oxuya anladım ki, mən dili daha dərindən öyrənmək və mədəniyyətə daha yaxından bələd olmaq istəyirəm. Bu məqsədlə azərbaycanlı bir ailə axtarmağa başladım və nəhayət, Keşlə qəsəbəsi ərazisində yaşayan bir ailənin, Quliyevlərin yanına yerləşdim. Ailənin oğlu tez-tez evdə saz çalırdı. Onun ifasını dinləyəndə ürəyimdə bu alətə və mahnılara çox yaxınlıq hiss edirdim. Çünki mən də Amerikada olarkən gitara çalırdım və musiqiyə həmişə xüsusi marağım olub.
Gitara çalanda insanlar ətrafıma toplaşırdı. Dostlarla bir yerdə oturub mahnılar oxuyurduq. O anların yaratdığı birlik və səmimiyyət hissi mənim üçün çox dəyərli idi. Azərbaycana gəldikdən sonra isə bu cür mühit üçün darıxmağa başladım. Çünki burada əvvəlcə insanlarla birlikdə musiqi ifa etmək imkanım yox idi. Amma saz çaldındığını görəndə fərqli bir atmosferlə qarşılaşdım. İnsanlar bir yerə yığılır, əl çalır, bəzən rəqs edir, bəzən də mahnıya qoşulurdular. Bu isə mənə çox xoş ovqat bəxş etdi, elə həmin andan qərara gəldim ki, mən də saz çalmağı öyrənməliyəm.
Bunun üçün müəllim axtardım və bu vasitə ilə yavaş-yavaş sazın sirlərini öyrəndim. Uşaqlıqdan musiqi alətləri ilə məşğul olduğum üçün sazı öyrənmək mənə o qədər də çətin olmadı. Amma burada əsas fərq o idi ki, mən əvvəllər notlara baxaraq ifa etməyə öyrəşmişdim, sazda isə xalq mahnıları, adətən, əzbərdən ifa olunur. Bu da bir az çətinlik çəkməyimə gətirib çıxarırdı. Mən isə daha yaxşı öyrənmək üçün yalnız musiqi ilə kifayətlənmədim, şeirlər öyrənməyə çalışdım. Bu da Azərbaycan dilini daha yaxşı qavramağıma ciddi təsir göstərdi. Ümumiyyətlə, Azərbaycanda xalq mahnıları, şeirləri xalqın ruhunu, folklorunu və tarixini özündə çox gözəl əks etdirir. Sazçılıqda da şeir və musiqi vəhdət təşkil edir, ritmik quruluşu sayəsində şeirləri saz melodiyalarına uyğunlaşdırmaq mümkündür. Xüsusilə Səməd Vurğunun əsərlərini oxuduqca anladım ki, bu poeziya ilə musiqi bir-birindən ayrılmazdır. Şeir və musiqi birlikdə Azərbaycan folklorunun ən gözəl nümunələrini yaradıb.
– Sizcə, aşıq sənəti Azərbaycan xalqının ruhunu və tarixini necə əks etdirir?
– Zamanla hiss etdim ki, Azərbaycanın xalq sənəti, xüsusilə də aşıq ənənəsi daha çox kənd mühitindən qaynaqlanır. Yay aylarında həmin ailə ilə birlikdə Gədəbəyə getdim və orada maraqlı bir mənzərə ilə qarşılaşdım: demək olar ki, hər evdə köhnə bir saz vardı. Bəzisi köklənmiş, bəzisi isə illərlə istifadə olunmamış vəziyyətdə idi. Amma yenə də o evlərdə yaşlı bir insanın sazı götürüb asta-asta ifa etdiyini görmək olurdu. Bu mənzərə mənə göstərdi ki, saz kənd həyatının, xalq ruhunun ayrılmaz hissəsidir.
Mənim üçün aydın oldu ki, Azərbaycan xalqının ruhu, hissləri və düşüncələri ən çox məhz bu mahnılarda və saz ifasında öz əksini tapır. Sazın səsi bəzən elə təsir bağışlayır ki insanın ruhunu ərşə çıxarır. Ümumiyyətlə, məclislərdə sazın istifadə olunması mənə o qədər doğma və təsirli gəlir ki, çünki toylar və yığıncaqlar mədəniyyətin, ənənənin və insanların birliyini, bağlılığı ifadə edir. Azərbaycanda hər hansı bir kəndə və ya rayona getsək, istər toyda, istərsə də gündəlik həyatda həmin bölgəyə xas adətləri mütləq görmək mümkündür. Bu isə ölkənin mədəni rəngarəngliyini və zənginliyini anlamağıma səbəb olur.
– ABŞ-də insanlar sazı və aşıq musiqisini necə qarşılayırlar?
– Mənə elə gəlir ki, Qərb auditoriyasında saz və ümumiyyətlə Azərbaycan musiqi alətləri haqqında məlumat kifayət qədər deyil. Halbuki orada insanlar yeni və fərqli musiqi üslublarına açıqdırlar. Sadəcə bu aləti çox eşitmədikləri üçün hələ ki, ona tam qiymət verə bilmirlər. Amma inanıram ki, eşitsələr, mütləq bəyənərlər. Çünki, mən evimə gələn qonaqlara saz ifa edirəm, onlar bunu böyük maraqla qarşılayırlar, çox bəyənirlər, hətta bu aləti ifa etməyi öyrənmək istəyənlər də olur.
Bu gün dünyada musiqinin və mədəniyyətin yayılmasında rəqəmsal platformaların rolu böyükdür. Əgər sosial şəbəkələrdə tanınmış şəxslər, influenserlər saz ifa etsələr və ya bu alət haqqında danışsalar, düşünürəm ki, daha geniş auditoriya bu mükəmməl aləti tanıyar və sevər.
Hazırda saz mənim evimdə xüsusi bir köşədə saxlanılır və mən onu heç vaxt kənara qoymaq istəmirəm. Onu çalmağı unutmaq istəmirəm, əksinə, daim ifa etməyi düşünürəm ki, ailəm, uşaqlarım da bu səsi eşitsin, gələcəkdə bu sənətə maraq göstərsinlər.
Söhbəti yazdı:
Ləman Təhməz



