“EOS Data Analytics” Qarabağ ərazisini əhatə edən baza xəritəsini yeniləyib.
“Füyuzat” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyindən (“Azərkosmos”) məlumat verilib.
Məlumata görə, “Azərkosmos”un komandası baza xəritəsində aktual olmayan yaşayış məntəqəsi adlarını müəyyən edərək “EOS Data Analytics” komandasına müraciət edib. Müraciət zamanı Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalında (Opendata.az) dərc olunan məlumatlar, eləcə də yaşayış məntəqələrinin rəsmi adlarını təsdiqləyən müvafiq məlumat bazası qarşı tərəfə təqdim edilib.
Təxminən 11 ay davam edən əməkdaşlıq və məlumat mübadiləsi nəticəsində “EOS Data Analytics”in məhsul komandası təqdim olunan rəsmi məlumatları nəzərdən keçirərək Qarabağ ərazisini əhatə edən xəritədə müvafiq yenilənmələri həyata keçirib.
Nəticədə, Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və Qarabağ bölgəsində yerləşən digər yaşayış məntəqələrinin rəsmi adları rəqəmsal xəritədə düzgün əks olunub.
Bu təşəbbüs Azərbaycanın rəsmi coğrafi adlarının beynəlxalq rəqəmsal xəritələrdə düzgün təqdim edilməsinə və qlobal istifadəçilərin ölkəmiz haqqında aktual, etibarlı məkan məlumatları əldə etməsinə töhfə verir. Yenilənmə, həmçinin rəsmi açıq məlumatların beynəlxalq xəritələrdəki məlumatların dəqiqliyinin artırılmasında mühüm rol oynadığını nümayiş etdirir.



