Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə Atom Enerjisi Agentliyinin yaradılması üçün dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bu məqsədlə yeni komissiya yaradılacaq.
“Füyuzat”ın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, komissiya respublikanın Energetika Nazirliyinin bəzi funksiyalarını öz üzərinə götürəcək və ona energetika naziri Almasadam Satkaliyev rəhbərlik edəcək.
Dərc edilmiş fərmana əsasən, yeni struktur birbaşa dövlət başçısına tabe olacaq və ona uranın hasilatı, atom enerjisindən istifadə, əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, Semipalatinsk nüvə təhlükəsizliyi zonasının yaradılması və istismarı baxımından Energetika Nazirliyinin funksiyaları həvalə olunacaq. Fərman imzalandığı gündən qüvvəyə minir.
Tokayevin mətbuat xidməti bildirib ki, prezidentin digər sərəncamı ilə energetika naziri Almasadam Satkaliyev tutduğu vəzifədən azad edilərək yeni quruma sədr təyin edilib. Qazaxıstanın Energetika Nazirliyinin yeni rəhbərinin kim olacağı dəqiqləşdirilməyib.