Bu gün türk xalqları arasında birlik və əməkdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, görkəmli qazax yazıçısı Abiş Kakilbayev haqqında kitabın Azərbaycan dilində nəşri xalqlarımızın daha da yaxınlaşması yolunda mühüm addımdır.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri “Korifey” kitabının müəllifi Sauıtbek Abdraxmanov XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində deyib.
Onun sözlərinə görə, Abiş Kakilbayev qazax ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus yer tutur. Çoxşaxəli yaradıcılığa malik olan bu şəxsiyyət istedadlı yazıçı və şair olmaqla yanaşı, filosof, tarixçi, siyasi xadim, sənətşünas, publisist və tərcüməçi kimi də tanınıb. Onun zəngin yaradıcılıq irsi və intellektual fəaliyyəti qazax xalqı üçün böyük əhəmiyyət daşıyır.
S.Abdraxmanov vurğulayıb ki, Azərbaycan və qazax xalqlarını çoxəsrlik tarixi, mədəni və mənəvi bağlar birləşdirir. Bu əlaqələrin qorunub saxlanılmasında və daha da möhkəmlənməsində ədəbiyyat xüsusi rol oynayır. Ədəbiyyat xalqların bir-birini daha yaxşı tanımasına, milli ənənələri və dəyərləri ilə yaxından tanış olmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə imkan yaradır.
“Qazaxıstanda Azərbaycan ədəbiyyatına böyük hörmət var. Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi görkəmli klassiklərin, eləcə də müasir Azərbaycan müəlliflərinin əsərləri qazax dilinə tərcümə olunub. Onların yaradıcılığı qazax oxucularına yaxşı tanışdır və yüksək qiymətləndirilir”, – deyə müsahibimiz əlavə edib.
İkitərəfli münasibətlərdən danışan müəllif bildirib ki, Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə dərin hörmət bəslənilir, Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilir. Onun sözlərinə görə, iki ölkənin liderləri arasında mövcud olan dostluq münasibətləri əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Sonda Sauıtbek Abdraxmanov “Korifey” kitabının Azərbaycan dilində nəşrinin Azərbaycan və Qazaxıstanın qardaş xalqları arasında ədəbi və mədəni əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı anlaşmanın və mənəvi yaxınlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.



