Xəbərlər

Qədim DNT “Beachy Head Qadını” ilə bağlı əvvəlki iddiaları təkzib edib

London Təbiət Tarixi Muzeyinin alimləri Roma dövrünə aid məşhur arxeoloji tapıntı ilə bağlı uzun illər mövcud olan fərziyyələri yenidən qiymətləndiriblər.

“Füyuzat” xəbər verir ki, bu barədə “Journal of Archaeological Science” məlumat yayıb.

Britaniyada tapılmış və elmi ədəbiyyatda “Beachy Head Qadını” adı ilə tanınan Roma dövrünə aid insan skeletinin kimliyi ilə bağlı əvvəlki qənaətlərin yanlış olduğu müəyyən edilib. Aparılan yeni genetik analizlər bu fərdin Afrikadan deyil, Britaniyanın yerli əhalisinə mənsub olduğunu göstərir.

Sözügedən skelet ilk dəfə XX əsrin ortalarında İngiltərənin cənub-şərqində, Şərqi Sasseks ərazisində aşkar edilib. 2012-ci ildə isə üzərində “Beachy Head (1959)” qeydi olan qutuda yenidən tapılaraq elmi tədqiqatlara cəlb olunub.

Radiokarbon tarixləndirmə nəticələrinə əsasən, qadın eramızın 129–311-ci illəri arasında, Roma imperiyasının Britaniyada hökmranlıq etdiyi dövrdə vəfat edib. Lakin kəllə sümüyünün bəzi morfoloji xüsusiyyətləri alimlər arasında onun mənşəyinin Britaniya hüdudlarından kənar ola biləcəyi fikrini formalaşdırmışdı.

Bu səbəbdən, uzun müddət ərzində “Beachy Head Qadını” bəzi elmi və populyar mənbələrdə “Britaniyada məlum olan ilk qaradərili fərd” kimi təqdim olunmuşdu.

Yeni DNT nəticələri nə deyir?

London Təbiət Tarixi Muzeyinin (NHM) alimləri tərəfindən aparılan və yüksək keyfiyyətli qədim DNT məlumatlarına əsaslanan yeni araşdırma bu iddiaları təkzib edib.

NHM-in arxeogenetiki William Marsh bildirib ki, müasir genom analiz texnologiyalarının tətbiqi nəticəsində fərdin genetik mənşəyini daha dəqiq müəyyən etmək mümkün olub.

Alimlərin açıqlamasına görə, “Beachy Head Qadını” Roma dövründə Britaniyada yaşamış kənd əhalisi və müasir britaniyalılarla güclü genetik yaxınlıq göstərir. Onun genomunda yaxın Afrika mənşəyinə dair heç bir əlamət aşkar edilməyib.

Genetik göstəricilər qadının mavi gözlərə, açıqdan orta tona qədər dəri rənginə və açıq saçlara malik ola biləcəyini göstərir.

Süməyyə Samirqızı