Fidan Vahid Köşə Yazıları

Qəlbin uşaq tərəfi

Hansı yaşda olmağından asılı olmayaraq özünü bir az uşaq hiss etmək, əslində, az da olsa məsum hiss etməkdir. Günlərin, ayların, illərin üzərinə səpələdiyi günah tozundan silkinib bir az təmiz olmaqdır. Ətəyindən yapışıb sürətlə səni aşağıya sürükləyən nəfsindən arınıb göylərə yönəlməkdir.

İçində bir az uşaqlıq daşımaq – Yaradana yaxınlaşmaqdır.

Uşaq kimi danışmaq – sonunu düşünmədən yalansız, sözlərin dolanbacından qurtulub danışmaqdır.

Uşaq kimi sevmək – qarşılığını gözləmədən, riyasız məhəbbət bəsləməkdir.

Uşaq kimi yerimək – ən ağır yollarda belə quştək süzərək, hoppanaraq, yüngül addımlarla gəzinməkdir.

Uşaq kimi hirslənmək – tez əsəbiləşib, tez də unutmaqdır hirsini, səni hirsləndirəni.

Uşaq kimi gülmək – gözlərinin ətrafının qırış-qırış olması, səbəbsiz qəhqəhələrə bürünməkdir…

Uşaq kimi yaşamaq – sadəcə yaşamaqdır.

Qəlbimizin heç böyüməyən bir uşaq tərəfi də var. Onu hər gün özümüzlə daşıyır, ruhumuzla qoruyuruq.

Uşaqlıq nə yaşa, nə də sənələrə sığmır. Məkanlarla, sərhədlərlə hüdudlanmır. Başlanğıcı Yaradandan gələn uşaqlığın sonu inamda bitir. Gələcək bəxtiyar günlərin yolunu ana bətnində işıqlı dünyaya hazırlaşan körpə kimi gözləyən insan inam duyğusunu itirdiyi gün uşaqlığından da imtina edir.

Uşaqlıq içimizdə gizlədiyimiz görünməyən tərəfimiz, şıltaqlığımızdır.

Bəs qəlbimizin o heç böyüməyən uşağına qulaq asırıqmı?

Bizi çağıran o saf səsi duyuruqmu yaşamın bitməyən qayğıları, səs-küyü, qara qışqırığı arasında? Bəzən bir duruş, bir baxış, bir qoxu, bir xatirə yetər ki, içimizdəki uşağı oyada bilək. Onun pıçıltısı bizə hər şeyin əvvəlinə qayıtmağı xatırladar – ali sevgiyə, səbəbsiz sevinclərə, qorxusuz inama…

Uşaqlıq itiriləsi bir şey deyil. O, bizdən uzaqlaşmır, sadəcə biz ona arxa çeviririk.

Qəlbinin bir küncündə uşaq qalan insan – saf qalan insandır.