Xəbərlər

QHT-lər şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirib

“Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirilib.

“Füyuzat”ın məlumatına görə, tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Qeyd edilib ki, şəhid ailələri və qazilərimizə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Bu diqqətin göstəricisi kimi xüsusi layihələr həyata keçirilir.

Tədbirdə “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İB-nin sədri, əməkdar artist Nuriyyə Hüseynova, Sara Xatun Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Abbasova, Beynəlxalq Muğam Mərkəzinin direktoru əməkdar artist, tarzən Sahib Paşazadə və Medpro MMC-nin rəhbəri Hidayət Heydərova söz verilib. Onlar qonaqları salamlayaraq, Novruz bayramı münasibətilə hər kəsi təbrik ediblər. Təşkilatçı ictimai birliklərin rəhbərləri ölkəmizdə Novruz bayramının önəmindən və artıq daha da coşqulu qeyd olunmasından bəhs ediblər: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Şəhid və qazi ailələri hər zaman diqqət mərkəzində olub. Şəhidlərimizə Allahdan rəhmət, qazilərə can sağlığı arzu edirik”.

Daha sonra tədbir musiqi proqramı və ziyafətlə davam edib. Tədbirdə Çilənay Huseynova, Tural Salmanov, Zakir Əliyev, Zabitə Alıyeva, Rəvan Qacayev, Bulbul adına məktəbin tələbələri “Zəfər” kompazisiyası, Milli Konservatoriyanın muğam sinifi, Nuriyyə Huseynovanın tələbələri, Ramal İsrafilov, Nisbət Sədrayeva və Nuriyyə Huseynova ifa ediblər.

Sonda Ləzzət Şirniyyatın təşkilatçılığı ilə şəhid ailələri və qazilərə hədiyyələr təqdim olunub.