Xəbərlər

Rənglər dünyası

İnsan şəxsiyyətinin formalaşmasında, təkmilləşməsində ətraf mühitin təsiri genlə müqayisədə üstünlük təşkil etməsə də, onun rolu nəinki danılmazdır, bunlar həm də qarşılıqlı şəkildə baş verir. Xarakterin, dünyagörüşünün formalaşmasında ictimaiyyətin təsirinin və müəyyən psixoloji məqamların olması da təbiidir. Gözəl musiqi sədalarının, fəsillərin, onların rəng ahənginin, təbiətin, havanın, füsunkar mənzərənin əhvali-ruhiyyəmizə, insanlara münasibətimizə, bəzən uğurlarımıza, ruhumuza, bəzən isə kədərlənməyimizə təsiri olduqca böyükdür.

Təbiətdə, əsasən, yeddi rəng və onun yüzlərlə çaları var. Onların bəzilərini özümüzə doğma sayır, “bu mənim rəngimdir” deyir, gündəlik həyatımızda ondan bacardıqca çox istifadə edir, düşərli olduğunu düşünür, bəzilərini isə heç yaxına qoymuruq. Bəzən insanları xarakterinə görə, bəzən də əhvalına görə hər hansı bir rənglə assosiasiya edirik. Hətta psixiatrlar insanları bəyəndikləri rənglərə görə xarakterizə edirlər. Uzun müddət gördüyümüz, alışdığımız yerin, məkanın sonradan dəyişdirilmiş, yeni rənglərlə bəzədilmiş olduğunu gördükdə necə sevinirik…

Bəzən müxtəlif rəng çalarları bizim iş qabiliyyətimizin səviyyəsinə müsbət və ya mənfi təsir göstərir. Etiraf edək ki, yol kənarlarının, binaların fasadının rəsm əsərləri, qraffitilərlə, eləcə də sadə rənglərlə boyanması, hərflərlə bəzənməsi insana xoş gəlir. Rənglər dünyası ilə yenicə tanış olan uşaqlar hər dəfə onları görəndə yerə-göyə sığmayan sevinc və heyranlıq içərisində olurlar. Əhvalımız yüksək olanda al-əlvan, qırmızı rəngin, bədbin olanda isə qara və göy rəngin tonlarında əlbisələr geyinir, tünd rəngdə aksesuarlar taxırıq. Bunlara toy və yas mərasimlərində də şahid oluruq. Xalq yaradıcılığının ən dəyərli nümunələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında Bayandur xanın əmri ilə oğlu olan ağ çadıra, qızı olan qızılı, övladı olmayan isə qara çadıra göndərilir. Bunun etnik-mədəni inanclarla bağlı olduğu bəllidir. Atalar sözü və zərbi-məsəllərdə, alqış və qarğışlarda da tez-tez rənglərin adı çəkilir; məsələn, “səni görüm ağ günə çıxasan” və ya “səni görüm qara günə qalasan”, “ilanın ağına da lənət, qarasına da” və s. Bəzən pessimizmə qapılmış insanlara deyirik ki, “dünyanı qara rəngdə görür”, yaxud nikbin insanların çəhrayı eynək arxasından baxdıqlarını vurğulayırıq. Yəni rənglərə münasibət birmənalı deyil.

Bir anlıq hər şeyin rəngsiz olduğunu və ya yalnız ağ-qara göründüyünü, yaxud rəsm əsərlərinin, xalçaların, geyimlərin bir rəngdə olduğunu düşünək, o zaman həyat necə də monoton və  cansıxıcı olar… Gəlin qəbul edək ki, təbiətdə olan bütün rənglər gözəldir. Rəssam palitrasını görəndə üz-gözümüz gülür, qəlbimizdə özümüzdən asılı olmayaraq xoş ovqat yaranır. Haradasa pozitiv nüanslar haqqında düşünür, nikbin notlara köklənirik. Rənglər zərif cinsin nümayəndələrini daha çox duyğulandırır. Onlarda rəng qavramına təsir göstərən vizual reseptorlar çox inkişaf edib. Ona görə də rənglərin müxtəlif çalarları onların emosiyalarına müxtəlif cür təsir edir. 

Hələ qədim zamanlardan bunların elmi cəhətdən izahını verməyə çalışmışlar. Bu haqda saysız-hesabsız elmi məqalələr yazılmışdır. Rənglərin insanın fizioloji sisteminə təsiri, onun fəaliyyətini aktivləşdirməsi və ya azaltması uzun zaman araşdırılmışdır. Alimlər hesab edirlər ki, rənglərin təsirini üç yerə bölmək olar: fizioloji, psixoloji və estetik. Bu faktorlar rəng assosiasiyaları, onların semantikası və estetik tərəfi, həmçinin onun incəsənətdə istifadəsi ilə bilavasitə bağlıdır. Rənglərin qavranılması tarixi-mədəni kontekstdən, insanların mədəni səviyyəsindən, məkandan və başqa faktorlardan da asılı ola bilər.    

Müasir təbabət rənglərin müəyyən reaksiyaların verilməsinə, qərarların alınmasına, iştahamıza, duyğularımıza necə təsir etdiyini öyrənməyə başlamışdır. Bu biliklər interyerin qurulmasında, biznesin təşkilində, manipulyativ tədbirlərin hazırlanmasında, hətta terapiyada da istifadə olunur.

İlk növbədə ağdan başlayaq, o ağdan ki, dünyaya gələndə də o rəngə bürünürük, gedəndə də, gəlin köçəndə də ağ geyinirik, təslim olanda da ağ bayraq qaldırırıq. Bu rəng mədəniyyətimizdə təmizlik, saflıq, gözəllik rəmzidir. Nə qədər qəribə olsa da, bəzi xalqlarda ağ rəng matəm rəngi hesab olunur. Fikrimizcə, ağ rəng daha çox könül açıqlığı, səmimiyyət və mehribanlığı ifadə edir. Ağın insanda xoş duyğular yaratdığını, sakitləşdirici təsirə malik olduğunu, insana güc verdiyini hiss etmək çətin deyil. Psixoloqlar hesab edir ki, bu rəng uğurlu insanların rəngidir. Yanlış fikirdir ki, ağ heç nəyi ifadə etmir, solğundur. Təsadüfi deyil ki, bütün rəngləri bir-birinə qatanda məhz ağ rəng alınır. Ağ azadlıq, sonsuzluq, sərhədsizlik rəmzidir. Təbiblərin fikrincə, ağ rəng endokrin sistemin və görmə orqanlarının fəaliyyətinə təsir edir. Bu yalnız vizual olaraq deyil, dəri vasitəsilə də baş verir və şüura, idrak prosesinə yaxşı təsir göstərir. Ancaq hər şeyin ifratı neqativ olduğu kimi, ağdan da çox yararlanma əmək qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Qırmızı rəng psixikanı ehtiraslandırır, gümrahlıq, aktivlik, yeni güc, həvəs, inam, qələbə, bəzən isə təhlükə gətirir. Orta əsrlərdə bir çox dövlətlər öz bayraq və gerblərində bu rəngdən istifadə etmişdir. Qırmızı rəng maddələr mübadiləsini, qan dövranını, qan-damar sistemini, immuniteti yaxşılaşdırır. Həmçinin ürək döyüntüsünü, əzələlərin fəaliyyətini sürətləndirir.

Bu rəngin də çoxluğu sinir sisteminə mənfi təsir edə bilər. Psixoloqlar hesab edir ki, qərar qəbuletmə anında çətinlik çəkən insanlar qırmızı və onun başqa tonlarına müraciət edə bilərlər. Əgər həyat eşqiniz zəifləyibsə, məhz qırmızı rəngin çalarları yardımçınız ola bilər. Bu rəngdə olan meyvə və tərəvəzlər xərçəng hüceyrələrini məhv edir.  

Aydın məsələdir ki, qara neqativdir, qaranlığın, inamsızlığın, depressiyanın, məzlumluğun rəmzidir. Bununla yanaşı, nə qədər təəccüblü olsa da, qara rəngin müsbət təsiri də həyatımızdan yan keçmir. Belə ki, qara rəng yorğunluğumuzu aradan qaldırır. Bu rəngdə libaslar geyinənlər ya öz hakimiyyətlərini, gücünü nümayiş etdirmək istəyirlər, ya da zəifliklərini gizlədirlər. Qara rəng təşkilatçılıq qabiliyyətini, iradənin gücünü göstərir. Təsadüfi deyil ki, rəsmi tədbirlərdə daha çox qara geyinməyə üstünlük verirlər. Qara geyinənlər həyatın vacib hissəsinin axtarışındadırlar. Aqillər deyirlər ki, qara çağırış rəngidir. Ağa çatmaq üçün məhz qaradan keçmək lazımdır. Qara çatışmazlıqları ört-basdır edir. Qara rəngin vibrasiyası etiraz yaradır, kənar dünya ilə barışmazlığı bildirir. Mahiyyətə varmaq istəyən, həqiqətə çatmağı hədəfləyən məhz qara geyinir. Yad gözlərdən qorunmaq istəyən də qaraya üstünlük verir.

Göy rəng ucalığın simvoludur, bəlkə elə bu səbəbdən göytürklərin rəmzidir. Onlar ucalığa inandıqlarından özlərinə göytürk adını götürmüşlər. Göy soyuq rəng olduğu üçün insana sakitlik gətirir, yüksək hərarəti və təzyiqi aşağı salma qabiliyyətinə malikdir. Eyni zamanda diqqət və hafizəni, məntiqi yaxşılaşdırır, əsəb sistemini nizamlayır. Psixoloqlar uşaq otağının divarlarını məhz göy və mavinin çalarları ilə boyamağı məsləhət görürlər, çünki bu rəng diqqəti yaxşı konsentrasiya edir, ağılı itiləşdirir, özünə güvəni artırır, bir sözlə, müalicəvi əhəmiyyətə malikdir. Göyün çalarlarının fərqli təsiri var; məsələn, tünd-göy daha həyəcanverici və depressiv rəngdir. Psixiatrların fikrincə, melanxolik insanlar tünd-göyə aludədirlər. Bu rəngin də çoxluğu ziyan gətirir. Odur ki bioenergetikada onu mavi əvəz edir.

Mavi daha sakitdir, suyun rəmzidir. Bu rəng insanlara yüngüllük, rahatlıq və azadlıq gətirir. Ona görə də müalicə mərkəzlərinin, məktəblərin, ofislərin, həmçinin yataq otaqlarının  divarları məhz mavi  rənglə boyanır. Mavinin yerləşdiyi çakra boğaz nahiyəsidir. Odur ki bu rəng yaradıcılıq potensialına, poetik fəaliyyətə müsbət təsir edir. Tanış olmayan mühitdə insanlarla kontakt zamanı, çıxış zamanı bu rəngə üz tutmaq yaxşı olardı.

Təbiətin rəngi olan yaşıl və onun çalarları gənclik, təravət, təzəlik, var-dövlət rəngidir. Bu rəng mavi qədər rahatlıq, məmnuniyyət yaradır, gözəl hislər oyadır, iştahanı artırır. Psixoemosional və vizual yükə düşən insanlar yaşıldan mütləq çox istifadə etməlidirlər. Uzunmüddətli planlamada yaşıldan yararlanmaq məsləhətdir. Əgər bir insanda yaşılın çakraları çoxluq təşkil edirsə, o özündən çox başqalarına yaxşılıq etmək üçün yaranmışdır. Bu tip altruistləri hər kəs sevir və o, əsl ünsiyyət adamıdır. Yaşılın da ifrata varılması depressiya və apatiyaya gətirib çıxara bilər.

Həm yaşıl, həm sarı, həm qəhvəyi bizə eyni zamanda yazı və payızı xatırladır. Bununla yanaşı, arı və bal sarı ilə assosiasiya edilir. Psixoloqlar hesab edir ki, sarı iştahanı daha çox körpələrdə  artırır. Sarı və narıncı rənglər həzm sistemini nizamlayır. Bir çox məşhur restoran və yeməkxanalar interyerlərində məhz bu rənglərdən çox yararlanır. Sarını bəzən intellektual rəng adlandırırlar, sarı idrak prosesini stimullaşdırır, özünə güvəni artırır. Sarının köməkliyi ilə istedadı üzə çıxarmaq asandır. Bu rəng dərinin sağlamlığına da yaxşı təsir edir. Lakin sarının çoxluğu çox təhlükəlidir. Təmkini pozur, əsəb sisteminə mənfi təsir göstərir, qıcıq yaradır.

Narıncı rəngi biznes və karyerada uğurlu hesab edirlər. Narıncı da konsentrasiyanı stimullaşdırır, həyat eşqini artırır. Mütəxəssislər bu rəngin ticarət və hüquq sahələrində uğurlu olacağına inanırlar. Narıncı insanlarla mehriban münasibətlərin qurulmasına, məsuliyyətli olmağa yardımçı olur, şəxsi ləyaqət hissini artırır. Bir sözlə, bu rəng ən gözəl özünümüdafiə, əhvali-ruhiyyə rəngidir. 

Qəhvəyi stabillik rəngidir. Qəhvəyinin açıq tonu müdafiə instinkti yaradır. Tünd tonu isə istilik gətirir. Ancaq onun həddindən artıq istifadəsi insanı yorur və aqressiya yaradır. Odur ki çox vaxt keçirdiyimiz otaqların qəhvəyi rənglə boyanması məsləhət deyil.

Çəhrayı rəng romantikaya yaxındır. Əsasən, gənc qızlara xas olan səmimilik, təmizqəlblilik, incəlik, sevgi çəhrayı rəngin əsas amilləridir. Aqressiyanı azaldan bu rəng sanki bir məlhəmdir. Həkimlər düşünür ki, eşitmə və görmə orqanlarının fəaliyyətinə çəhrayı rəng yaxşı təsir edir. Bu rəng eyni zamanda başağrılarını azaltma və immuniteti yaxşılaşdırma qabiliyyətinə malikdir. Orqanizmdə kalsiumun azlığı müşahidə olunduqda istifadə etmək məsləhətdir.

Təbiətdə az rast gəlinən bənövşəyi rəng var-dövlət, cah-calal, ağalıq, tamlıq, bilik rəmzidir. Deyilənlərə görə, bu rəng kosmosla əlaqəlidir. Onu sanki tam anlamaq olmur. Bənövşəyi rəng intuisiyanı, insanın altıncı hissini daha da gücləndirir. Sözügedən rəng hazırda həm də çox dəbdədir. Məmləkətimizdə bir çox şirkətlərin loqoları məhz bənövşəyi və onun müxtəlif çalarları ilə rənglənib. Bənövşəyi rəng uğur rəmzidir. Mütəxəssislər söyləyir ki, işgüzar görüşlərə gedən insanlar məhz bənövşəyi geyimdə olsalar, müvəffəqiyyət qazanma şansları daha çox olar. Bənövşəyi rəng xatirələri də yada salır. Bu rəngdə olan bitki və meyvələr də xərçəng hüceyrələrini məhv edir. Amma bu rəngin də çoxluğu depressiya və yorğunluq gətirə bilər. 

Hər şeydə olduğu kimi, rənglər dünyasında da əndazəni aşmamaq, ifrata varmamaq gözəldir. Bütün gözəlliklər nəsibiniz olsun!

Vəfa Zahidqızı