Dr. Dilqəm ƏHMƏD
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə Vətəndə olduğu kimi mühacirət həyatında da müxtəlif tədbirlərdə, törənlərdə nitqlər söyləyib, mühazirələr oxuyub. Varşava, Paris, Berlin kimi Avropanın önəmli şəhərlərində fəaliyyət göstərən Rəsulzadə təkcə Azərbaycanla bağlı deyil, Prometey çətiri altında Rusiyaya qarşı mübarizə aparan xalqların mühüm tarixi günlərində də qonaq qismində öz düşüncələrini ifadə edib. O, Şimali Qafqaz, İdil-Ural, Türküstan, Krım, Gürcüstan kimi bölgələrin mühacirlərinin anım günlərində, eləcə də tarixi ildönümülərində sərrast fikirləri ilə iştirakçıların rəğbətini qazanıb. Bu nitqlərin bəziləri mühacirət ədəbiyyatında yer alsa da, bəziləri diqqətdən kənarda qalıb. Bu yazımızda Rəsulzadənin Krımla bağlı unudulmuş iki nitqindən bəhs edəcəyik.
Rəsulzadənin birinci nitqi
1922–1930–cu illərdə İstanbulda yaşamış Məhəmmədəmin Rəsulzadənin sonrakı 17 illik həyatı Avropa ilə bağlıdır. 1930-cu ilin ilk aylarından etibarən Varşavaya gələn Rəsulzadə bu şəhəri 1939-cu ilin sentyabrının əvvəlində tərk edib. Bu 9 ildə o, Paris, Berlin kimi şəhərlərdə olmaqla yanaşı əsasən Varşavada fəaliyyət göstərib.
24 noyabr 1936–cı ildə Varşava şəhərində Şərq İnstitutunun konfrans salonunda Krım türklərinin Ağməsciddə keçirdikləri birinci qurultayın 19-cu ildönümü münasibətilə mərasim baş tutub. Tədbirdə Prometey təşkilatının təmsilçiləri ilə yanaşı Lehistan tatarları da iştirak ediblər. Qurultay məclisini Krım-İdil Ural şöbəsinin rəisi Stefan Midoşefski açıb, yaxın gələcəkdə Krımın azadlığa qovuşmasını arzuladığını bildirib. Ardınca Şərq İnstitutunun rəisi Sedletski çıxış edib, krımlı gənclərə şanlı tarixlərini rəhbər tutmalarını tövsiyə edib, Krımın tezliklə istiqlal qazanacağını bildirib. Daha sonra “Şərq” məcmuəsinin müdiri V. Bonçkovski, krımlı Edige Krımal geniş nitq söyləyiblər.

Dövrün ən böyük siyasi təşəkküllərindən olan Qafqaz Konfederasiyası Şurası adına isə Məhəmmədəmin Rəsulzadə çıxış edib. O, nitqində bildirib:
“Krımlı qardaşlar!
Qafqaz Konfederasiyası adından bu gün nümayiş etdirdiyiniz xoş niyyətə ürəkdən qoşuluram. Qafqazı Krımla bağlayan təkcə Qara dəniz deyildir. Tarixi taleyimiz birdir, dostumuz da eynidir. Hər iki məmləkətin acı taleyində yaşanan kədərli xatirələrin bir-birinə bənzəməsi onları bir–birinə daha da yaxınlaşdırır. Rus imperializminin amansız zülmü altında Qafqazda çərkəzlərin, Krımda isə tatarların məruz qaldıqları köç faciələri ən ağır faciələrdir. Lakin bizi sizinlə birləşdirən yalnız bu xatirələr deyildir. İstila altında baş qaldıran milli oyanış hərəkatındakı ortaq mədəni təşəbbüslər, azadlıq uğrunda mübarizə hərəkatları bizi birləşdirən əsas böyük ideallardır.
Qafqaz ilə Krım arasındakı qarşılıqlı mədəni təsirlərə işarə etmək üçün təkcə məruf “Üsul–i Cədid” hərəkatını və böyük İsmayıl bəyin adını çəkmək kifayətdir. Rusiya əsarətindəki türk elləri arasında cismən ən çox əziyyət çəkən Krımdır. Belə olduğu halda qədim dövlətçilik ənənəsi, Avropaya yaxınlığı və coğrafi mövqeyi sayəsində kiçik Krım mənəvi baxımdan böyük qüvvə, yüksək intizam və milli cəsarət nümayiş etdirmişdir.
Şanlı xatirəsini yad etdiyimiz qurultayın üstün qüvvələrə, zalım düşmənə qarşı göstərdiyi misilsiz cəsarət başda milli qəhrəman Çələbi Cihan olmaqla istiqlal uğrunda verdiyi qiymətli qurbanlar Krımın mənəvi gücünün nədən ibarət olduğunu bizə şanlı və canlı şəkildə göstərməkdədir. Çarlığın əzə bilmədiyi bu qüvvəni qırmızı Rusiyanın amansız vəhşiliyi də qıra bilməmişdir. Kobud və zalım qüvvələr qarşısında cismən məğlub olan Krım mənən təslim olmamış və olmayacaqdır. O, mübarizə aparır, yorulmadan vuruşur. Bu qeyri-bərabər mübarizədə Krımı ayaqda saxlayan bir qüvvə varsa, o da imandır. Millət məfkurəsinin doğru olduğuna və sonda qalib gələcəyinə sarsılmaz imanla bağlanan Krımın bu inancını qüvvətləndirən amil isə Rusiya məhkumu xalqlar arasındakı ittifaqdır – Prometeyçilərin İttifaqı!
Haqq naminə demək lazımdır ki, Prometey cəbhəsində olanlar arasında krımlılar bu cəbhənin gücləndirilməsinin zərurətindən daim böyük həssaslıq və coşqu ilə danışırlar.
Qurultayın şanlı rəhbərlərindən, Milli Krım Hərəkatının başçısı və ideoloqu, hörmətli dostumuz Cəfər bəyin Qafqaz xalqlarının birləşməsi, xüsusilə Konfederasiya müqaviləsinin imzalanması münasibətilə dərc olunan bəyanatlarını və yazılarını hamımız xatırlayırıq. O, bunu Krımın öz hadisəsi kimi qəbul etmiş, ürəkdən təqdir və təbrik etmişdir.
Əziz qardaşlar! Heç bir şübhə etmirik ki, hörmətli rəisiniz bu səmimi təqdiri ilə şəxsən sizin hisslərinizi də çatdırmışdır. Əmin olun ki, içərisində azərbaycanlı qardaşlarınızın da olduğu birləşmiş Qafqaz xalqları sizə qarşı eyni həyəcanı və eyni hissləri bəsləyirlər. Müqəddəs davanızın qalib gələcəyinə öz davaları kimi inanırlar.
Müqəddəs yolunuzla yorulmadan irəliləyin! Sonda zəfər sizin olacaqdır. Qurultay yenidən toplanacaq və Krım yenidən müstəqil olacaqdır. Millət və məzhəb fərqi qoymadan bütün istiqlalçı Qafqaz sizinlədir!
Yaşasın Krım, yaşasın istiqlalçı Krım igidləri!..”

Rəsulzadənin ikinci nitqi
Bir il sonra Krım tarixində ən unudulmaz gün olan bu qurultayın 20–ci ildönümü münasibətilə Varşavada daha böyük mərasim təşkil olunub. Tədbirə Türkiyədən və Dobrucadan on yeddi nəfərlik bir heyət də təşrif edib. 24 noyabrda Varşavaya çatan heyəti qarşılayanlar arasında Rəsulzadə də yer alıb, Prometey cəmiyyəti adına nitq söyləyib. Böyük ehtiramla qarşılanan qonaqların da iştirak etdiyi qurultayın ildönümü mərasimi 26 noyabr 1937-ci ildə baş tutub. Şərq İnstitutunun ümumi katibi professor Qurkanın nitqi ilə açılan tədbirdə bir sıra çıxışlardan sonra söz Qafqaz Konfederasiyası adına Məhəmmədəmin Rəsulzadəyə verilib. O, nitqində Krımla olan tarixi bağlara toxunaraq ortaq keçmişlə bağlı nümunələr göstərib:
“Krımlı qardaşlar!
Bizi, biz azərbaycanlıları sizinlə bağlayan hər şeydən əvvəl bir-birimizlə vasitəçisiz ünsiyyət qurmağa imkan verən türk dilimizdir. Dilimiz birdir.
Sonra isə bu dil birliyindən doğan ortaq mədəni məfkurəmiz vardır ki, duyğularımızı həmişə eyni nöqtədə birləşdirir. Fikirlərimiz birdir. Hər cür əngələ baxmayaraq türk olaraq qalmaq bizim amalımızdır.
Bu gün sizi böyük bir siyasi hadisənin iyirmi illiyi münasibətilə təbrik etməyə gəlmişik. Böyük şəhid Çələbi Cihanın məşhur ifadəsi ilə desək, sizin uzun əsrlərdən sonra yenidən başlayan siyasi həyatınızdan iyirmi il keçdiyi kimi bizim də həmin gündə yaşadığımız siyasi həyatın üzərindən iyirmi il keçir. Bax, biz də eyni düşmənə qarşı eyni şəkildə mübarizə aparırıq.
Dildə bir, fikirdə bir, işdə də birik!
İyirmi il əvvəl Rusiya əsarəti altında yaşayan türk və müsəlman xalqları tərəfindən təşkil edilən Moskva Qurultayının, bu gün iyirmi illiyini qeyd etdiyimiz qurultayın başda hörmətli Cəfər Seyid Əhməd bəy olmaqla Özenbaşlı kimi qəhrəman və dəyərli ataları ilə görüşmüş, ilk təmasdan etibarən dərhal anlaşmış, Rusiyanın milli respublikalara parçalanması tələbindən ibarət olan tezisimizin həmin şəxslər arasında da ən qızğın tərəfdarlarını qazanmışdıq.
Azərbaycan ilə Krım arasındakı siyasi və mənəvi bağlılığın irqi, dini və mədəni amillərindən başqa, əməkdaşlığı simvolizə edən çoxlu nümunələr vardır. Vaxtın məhdudluğu səbəbindən bunlardan yalnız iki nümunəni burada qeyd etməklə kifayətlənirəm.
Müsavat Partiyasının qurucularından, Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş mərhum Nəsib bəy dostumuz bir zamanlar İsmayıl bəy Qaspıralının əvəzinə “Tərcüman” qəzetinin baş redaktoru vəzifəsini icra etmiş bir şəxs idi.
Krım hökumətinə bir zamanlar rəhbərlik etmiş polyak müsəlmanlarından general Süleyman Paşa Sulkeviç qırmızı ruslar tərəfindən şəhid edilərkən Azərbaycan Cümhuriyyətinin Baş qərargah rəisi idi.
Qardaşlar!
Tarix bizim nəslimizi iyirmi il əvvəl yenidən başlayan siyasi həyatımızın çox qanlı, imansız və zalım bir dövründə yaşatmışdır. Bu dövrdə dostlarımızın bir qismi günün şanlı qəhrəmanı mərhum Çələbi Cihan kimi vəzifələrini öz əziz qanlarını axıtmaq bahasına yerinə yetirmişlər. Geridə qalanların isə millətlərinin məruz qaldığı ən dəhşətli faciələri yaşamaq və görmək əzabı ilə yanaşı, bu iztirablara qarşı hər cür mənəvi çətinliyə sinə gərərək mübarizə aparmaq və qaçılmaz olan milli zəfəri təmin etmək üçün yorulmadan çalışmaq vəzifəsi vardır.
Çətin, lakin şərəfli vəzifədir!
Ortaq tariximizin ən böyük mərhəmətsizliyi və uğursuz taleyimizin ən amansız zərbəsinə məruz qalan kiçik Krımın mənsub olduğu böyük türk dünyasından, qəhrəmanlıq tarixindən və daşıdığı böyük milli vicdandan aldığı güc və əzmlə nümayiş etdirdiyi milli dirçəliş sayəsində yaşadığı iyirmi illik zülm və dəhşətlərə baxmayaraq, şübhə etmirik ki, qalib gələcəkdir. Çünki haqq onun tərəfindədir!
Ey xalqların ən böyük istiqlal yolunun əzmkar yolçuları olan krımlı qardaşlar! İrəliləyin! Dan yeri sökülür, azadlıq səhəri açılır. Üzərimizə çökmüş qara-qırmızı rus vəhşiliyinin sonu yaxınlaşır.
Sizinlə təkcə biz azərbaycanlılar deyilik. Böyük mücahid Şamilin vətəni olan Şimali Qafqazla birlikdə, Şərq mədəniyyətinin dəyərlərini milli zəkasının süzgəcindən keçirən böyük şair Rustavelinin vətəni Gürcüstan da daxil olmaqla birləşmiş Qafqaz da Krımla çiyin-çiyinədir!
Qafqaz Konfederasiyası adından sizi bugünkü anım mərasimi münasibətilə ürəkdən təbrik edir, eyni zamanda salamlayıram.
Qurultay yenidən Yaşıl Krım və Göy Bayraq altında toplanacaqdır!”
Çələbi Cihan və Krımda tarixi qurultay
Rəsulzadənin bəhs etdiyi Numan Çələbi Cihan 1885–ci ildə Krımın şimalında yerləşən Sonak kəndində doğulub. İlk təhsilinə öz kəndində başlayıb, lakin çar Rusiyasının buradakı məktəbi bağlamasından sonra Canköy yaxınlığındakı Akdoğru mədrəsəsində oxuyub. Daha sonra təhsilini Ağməscid (Simferopol) rüşdiyyəsində və Bağçasaraydakı tarixi Zəncirli mədrəsədə davam etdirib. Tələbəlik illərindən etibarən İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetini mütəmadi oxuyub, İstanbuldan gələn ədəbi nümunələri tədqiq edib. Əbdürrəşid Mehdinin “Vətən xadimi” qəzetini izləyib, inqilabçı çıxışları dinləyərək siyasi fikirlərini inkişaf etdirib. Qaspıralıdan xalqçılıq, rus və türk inqilabçılarından isə gizli təşkilatlanma üsullarını öyrənib.
1906–cı ildə qohumlarının yardımı ilə İstanbula gedib, burada Mərcan edadisinə daxil olub. Ardınca ilahiyyat və hüquq təhsili alıb. İstanbulda olduğu müddətdə Cəfər Seyidəhməd Krımər və digər həmfikirləri ilə birlikdə Gənc Türklərin və türkçülərin əsərlərini gizlicə oxuyub, hürriyyət ideyalarını mənimsəyib. 1908–ci ildə Tələt Paşanın dəstəyi ilə “Krım Tələbə Cəmiyyəti”ni, 1909–cu ildə isə “Vətən Cəmiyyəti”ni qurub. Cəmiyyətin əsas prinsipi maarifçilik və nəşriyyat yolu ilə Krımda islahatlara nail olmaqdı.
1912–ci ildə İstanbuldakı təhsilini bitirib əvvəl Krıma, sonra Sankt-Peterburqa yollanıb. Orada Psixonevrologiya İnstitutuna daxil olub və rus inqilabi hərəkatını yaxından müşahidə edib. 1913–cü ildə Cəfər Seyidəhməd Krımər ilə birgə Krımda gizli təşkilat qurmağa qərar verib, gələcək inqilab ssenarilərinə hazırlıq görüb.
1917–ci ildə Rusiyada baş verən Fevral inqilabı Krım tatar milli hərəkatı üçün tarixi bir fürsət yaradıb. 25 mart 1917–ci ildə toplanan nümayəndələr “Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi”ni formalaşdırıb. Komitə yekdilliklə Numan Çələbi Cihanı Krım müftisi, Cəfər Seyidəhmədi isə vəqflər müdiri seçib. Müvəqqəti Rusiya hökuməti bu vəzifələri təsdiqlədikdən sonra Çələbi Cihan Krıma qayıdıb. Daha sonra o, Mərkəzi İcra Komitəsinin sədri seçilib. Rusiya hökumətinin yerli komissarı tərəfindən bir müddət həbs edilsə də, tatar xalqının kütləvi etirazları nəticəsində üçüncü gün azadlığa buraxılıb.
1 noyabr 1917–ci ildə Ağməsciddə toplanan nümayəndələr genişmiqyaslı bir qurultay təşkil etmək qərarına gəlib. 17 noyabr 1917–ci ildə qadınların da seçmək və seçilmək hüququna sahib olduğu demokratik seçkilər keçirilib və 76 nəfərdən ibarət tarixi Krım Qurultayı seçilib. 26 dekabr 1917–ci ildə Qurultay tərəfindən Krım Tatar Əsas Qanunu (Konstitusiyası) qəbul edilib. Bu sənəd əsasında bütün millətlərin dini və siyasi hüquqlarına hörmət edən demokratik Krım Xalq Cümhuriyyəti elan olunub. Numan Çələbi Cihan hökumətin Baş naziri və ədliyyə naziri təyin edilib. Təəssüf ki, yeni qurulan respublika uzunömürlü olmayıb. Bolşeviklər qısa müddət sonra Krımın müxtəlif bölgələrinə hərbi qüvvə çıxarıb. Cəfər Seyidəhmədin rəhbərliyindəki milli dəstələr bolşeviklərə qarşı döyüşərkən Numan Çələbi Cihan ümumi idarəçiliyi qorumağa çalışıb. Lakin bolşeviklər sülh danışıqları bəhanəsi ilə Çələbi Cihanı aldadıb həbs edib. Onu Ağyara (Sevastopol) aparıb, 23 fevral 1918–ci ildə vəhşicəsinə şəhid edib, nəşini isə Qara dənizə atıblar. Onun qələmə aldığı “Ant Etkenmen” (And içmişəm) şeiri Krım tatar xalqının milli himni kimi qəbul edilib. Qurultayın 20–ci ildönümü Varşavada məhz bu himnlə açılmışdı.

Cəfər Seyidəhməd Krımər və Əhməd Özenbaşlı
Rəsulzadənin nitqində bəhs etdiyi Cəfər Seyidəhməd Krımər 1889–cu ilin sentyabrında Krımın Yalta şəhəri yaxınlığındakı Qızıltaş kəndində anadan olub. İlk təhsilini Krımda alıb, daha sonra İstanbuldakı Numuney-i Tərəqqi Məktəbində, İstanbul Darülfünunu Hüquq fakültəsində, həmçinin Sorbon və Sankt-Peterburq universitetlərində təhsilini davam etdirib. Tələbəlik illərində Krım tatarlarının milli hüquqlarını müdafiə edən fəaliyyətə başlayıb və “Bir zavallı tatar gəncinin fəryadı” adlı əsərini qələmə alıb. 1917–ci il Fevral inqilabından sonra Krıma qayıdaraq milli hərəkatın öncül simalarından birinə çevrilib, Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsində çalışıb və Krım Konstitusiyasının hazırlanmasında iştirak edib. Həmin ilin sonunda yaradılmış Krım Xalq Cümhuriyyətində əvvəlcə hərbi və xarici işlər naziri, 1918–ci ildə isə hökumət başçısı və xarici işlər naziri vəzifələrini icra edib. Bolşeviklərin Krımı işğal etməsindən sonra mühacirətə gedərək Krım tatarlarının istiqlal mübarizəsini Avropada davam etdirib. O, Paris Sülh Konfransında və Millətlər Cəmiyyəti qarşısında Krım tatarlarının səlahiyyətli nümayəndəsi kimi çıxış edib, 1924–cü ildən etibarən İstanbulda yaşayaraq “Emel” jurnalında dərc etdirdiyi məqalələr və digər əsərləri ilə Krım məsələsini və türkçülük ideyasını təbliğ edib. Krım tatarlarının milli istiqlal mübarizəsinin görkəmli liderlərindən sayılan Cəfər Seyidəhməd Kırımer 3 aprel 1960–cı ildə İstanbulda vəfat edib və Feriköy qəbiristanlığında dəfn olunub.
Rəsulzadənin adını çəkdiyi Əhməd Özenbaşlı isə 1893-cü ildə Baxçasarayda anadan olub, orta təhsilini başa vurduqdan sonra Odessa İmperator Novorossiysk Universitetinin tibb fakültəsində təhsil alıb və tələbəlik illərindən milli hərəkatın fəal iştirakçısına çevrilib. 1917–ci il Fevral inqilabından sonra Krım Müsəlman Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Numan Çələbi Cihan və Cəfər Seyidəhməd Krımerlə birlikdə Krım tatar milli təşkilatlanmasına rəhbərlik edib, yerli komitələrin yaradılması üçün nizamnamə hazırlayıb və milli maarif islahatlarının həyata keçirilməsində mühüm rol oynayıb. O, Ümumrusiya Müsəlmanları Qurultayında və Kiyevdə keçirilən Əsir Millətlər Qurultayında Krım tatar xalqını təmsil edib, Ukrayna Mərkəzi Radası rəhbərliyi ilə danışıqlar aparıb və Krım tatarlarının öz müqəddəratını təyin etmək hüququnu müdafiə edib. Həmçinin Krım Tatar Qurultayının çağırılması ideyasını əsaslandırıb, Qurultayın təşkili üzrə komissiyanın üzvü olub və “Krım krımlılarındır” siyasi konsepsiyasının formalaşmasına mühüm töhfə verib.
1918–ci ildən sonra Krım Tatar Milli İdarəsində Maarif müdiri vəzifəsini icra edib, II Qurultayın rəsmi nəşri olan “Millət” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib, eyni zamanda bolşeviklərin törətdiyi qırğınları araşdırmaq üçün yaradılmış xüsusi dövlət komissiyasının üzvü olub. Sovet hakimiyyəti qurulduqdan sonra milli hərəkatın silahlı mübarizədən imtina etməsini nəzərə alaraq yeni şəraitdə xalqının maraqlarını qorumağa çalışıb, “Tavriçeskiy Kommunist” qəzetində dərc etdirdiyi məqalələrlə Krım tatarlarının yeni siyasi şəraitdə hüquqlarının təmin edilməsini müdafiə edib. 1920–ci illərdə həkim kimi fəaliyyət göstərib, Ağməsciddə nevropatoloq işləyib, eyni zamanda dramaturq, publisist və tarixçi kimi məhsuldar yaradıcılıqla məşğul olub, xüsusilə “Çarlıq hakimiyyəti dövründə Krım faciəsi və ya tatar hicrətləri” əsərini yazaraq Krım tatar tarixşünaslığının ən mühüm tədqiqatlarından birini meydana gətirib.
1928–ci ildə “Milli Firqə işi” üzrə həbs olunub, əvvəl ölüm cəzasına məhkum edilib, sonradan cəzası on illik düşərgə cəzası ilə əvəz olunub və Belomor kanalının tikintisində məhkum həkim kimi çalışıb. Azad edildikdən sonra Krıma qayıtmasına icazə verilməyib, Pavloqradda həkimlik edib, İkinci Dünya müharibəsi illərində yenidən Krıma qayıtmağa məcbur olub, müharibədən sonra isə sovet təhlükəsizlik orqanları tərəfindən yenidən həbs edilərək 25 il müddətinə düşərgəyə göndərilib. 1955–ci ildə azadlığa buraxıldıqdan sonra Tacikistanın Leninabad şəhərində həkim kimi fəaliyyətini davam etdirib və 1958–ci ildə orada vəfat edib. 1993–cü ildə tam bəraət alıb, nəşi vəsiyyətinə uyğun olaraq Baxçasarayda yenidən dəfn olunub.
Qeyd: Rəsulzadənin bu nitqlərinin mətni krımlıların “Emel” dərgisi ilə yanaşı, özünün baş redaktoru olduğu “Qurtuluş” jurnalında da işıq üzü görüb. Məqalədə mətnlər müasir dilimizə uyğunlaşdırılıb.
Qaynaq:
Cezmi Karasu. Yazılarıyla Müstecip Hacı Fazıl (Ülküsal) ve Emel Muhiti (1928–1940). İstanbul, Selenge, 2025
Mustafa S. Kaçalin. “Nûman Çelebi Cihan”. TDV İslâm Ansiklopedisi. Cilt 33. İstanbul, TDV İslâm Araştırmaları Merkezi, 2007
Elif Uzunağaç. “Cafer Seydahmet Kırımer (1889–1960).” Türk Dünyası Ansiklopedisi. 2024
Bülent Tanatar. “Kırım Tatar İstiklâl Mücadelesi Bağlamında Ahmet Özenbaşlı’nın Facialı Ömrü.” Millî Mecmûa: Türk Elleri III – Kırım, no. 37, 2024
“Kurtuluş” jurnalı, Berlin, say 25/26, 1936
“Kurtuluş” jurnalı, Berlin, say 37/38, 1937



