İranın öz ərazisinə edilən hücuma dərhal cavab vermək planı yoxdur.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.
Agentlik bildirib: “Hücumun xarici mənbəyə dair heç bir təsdiqi yoxdur və biz xarici hücuma məruz qalmamışıq. Bunun hücumdan daha çox sızma ilə əlaqəli olduğuna inanırıq”.
İran mediası cümə günü yerli vaxtla təxminən saat 03:00-da (Bakı vaxtı ilə 03:30) İsfahan əyaləti üzərində səmada pilotsuz uçuş aparatlarının aşkarlanması barədə məlumat yayıb. İran dövlət televiziyasının məlumatına görə, İsfahan şəhəri səmasında hava hücumundan müdafiə sistemləri ilə üç pilotsuz təyyarə vurulub. “Tasnim” agentliyinin məlumatına görə, İran ərazisinə heç bir raket zərbəsi endirilməyib. “Press TV” mənbələrinə istinadən xəbər verir ki, İran şəhərləri heç bir dövlət tərəfindən hücuma məruz qalmayıb.
Bundan əvvəl Amerikanın ABC telekanalı ABŞ rəsmisinə istinadən İsrailin İran ərazisindəki obyektə raket zərbəsi endirdiyini bildirib. CNN Amerika rəsmisinə istinadən xəbər verib ki, hücum İsrailin aprelin 13-də İranın hücumuna cavabı olub.