Həşim Səhrablı Köşə Yazıları

Rusiya və Ermənistanı birləşdirən “dəyər” – terror dövlətçiliyi

Sonuncu rus qətliamı, daha doğrusu, bitib tükənmək bilməyən rus terrorunun azərbaycanlılara qarşı sonuncu dalğası – Yekaterinburqdakı qətliam yenidən Rusiyanın əsl üzünü göstərməklə qalmadı, onun Azərbaycan dövləti və xalqına yanaşmasını bütün çılpaqlığı ilə ortaya qoydu.

Son hadisələr isə bizi dünənə, nə də iki gün əvvələ aparmır, hələ I Pyotra qədər gedib çıxırıq. Onun Hindistan sevdası, pravoslav kilsəsinin hamisi kimi İstanbul arzuları Cənubi Qafqazı rus şovinizminin hədəfinə çevirmişdi. Onun dövründən başlayan bu riyakar xislət, işğal ambisiyaları II Yekaterinanın dövründə daha iyrənc hal aldı. Başı papaqlı müsəlman türkü, avarı, ləzgini öz tərəfinə çəkə bilməyən, Qafqazı nəinki əsarəti altına ala bilməyib, əksinə biabrçılıqlarla üzləşən Rus imperiyasının terror təcrübəsi ilə tanışlığı başladı.

Təəssüflər olsun ki, Azərbaycanda hakimiyyət davası, Nadir şahın xaincəsinə qətli ilə həm bugünkü İranda Azərbaycan dövlətçiliyinin süqutu başladı, həm də hakimiyyəti öz aralarında bölə bilməyən nüfuzlu Azərbaycan aristokratiyası Cənubi Qafqazda fərqli şəhər dövlətləri – xanlıqlar qurdular. Məhz bu hadisə əsrlərdir Azərbaycanı əsarət altına ala bilməyən rus şovinizminin Qafqaza gəlişini asanlaşdırdı.

Xanlıqların işğalı ilə ruslar Cənubi Qafqazda öz idarəçiliyini gücləndirmək üçün dini və irqi ayrı-seçkilik siyasətinə başladılar. Ermənilərin bölgəyə köçürülməsi, onların timsalında türk-islam dünyasının ən önəmli sərhədində – qondarma xristian dövlətinin qurulmasına cəhdlər məhz bu riyakarlığın bariz nümunələrinə çevrildi. Bununla bitmədi, zaman-zaman ya birbaşa, ya da ermənilərin əli ilə türk-müsəlman toplumlara qarşı soyqırımı və qətliamlar bəşər tarixinin ilk terror hadisələrindən birinə, ilk dövlət terroruna çevrildi.

Tarixə nəzər salmaqla daha çox rasizm örnəyi tapa bilərik, ancaq günümüzdəki örnəklərlə davam etmək daha məqsədəuyğun olacaqdır. Belə ki, hələ 1918-ci il və əvvəllər yaşanmış mart soyqırımılarının icraçısı ermənilər olsa da, təşkilatçılar və maddi-texniki təminat məhz ruslardan gəlirdi. Elə 30 il əvvəl Qarabağın işğalı zamanı olduğu kimi. Üç-beş erməninin əli ilə Qarabağı işğal etməyin mümkün olmadığını gördükdə, rusların 366-cı alayı Xocalıda və digər Azərbaycan yurdlarında həm soyqırımı, həm qətliamlar törətməklə imperial məqsədlərini bir daha reallaşdırdılar.

Nə yalan deyək, açığı, hər dəfə də uğurlu olurdular. Çünki hərb tarixində misilsiz qələbə qazanmış Azərbaycan dövlətçiliyi minillərdir heç bir qələbəsini terror yolu ilə qazanmamış, bu səbəblə də rusların bu uğurlu manevrlərinə qarşı aciz qalmışdı. O halda ki, müharibə, həqiqətən, düzgün aparılırdı, tarixin heç bir mərhələsində ruslar uğur qaza bilmirdilər. Nə bizə, nə başqalarına qarşı. 1903–1905-ci illərdə yaponların biabır etdiyi “möhtəşəm rus ordusu”ndan danışmırıqmı?!

Sözümüz onda deyil. Bu gün Rusiyanın Azərbaycana qarşı radikal mövqeyi artıq hər kəsə aydındır. Bunun başlıca səbəblərinə toxunsaq, əlbəttə ki, ilk və əsas səbəb olaraq Azərbaycanın müstəqil xarici siyasət kursu həyata keçirməsidir. Rusiya isə Azərbaycanda Belarus, Tacikistan və Koçaryanın, Sarkisyanın idarə etdiyi Ermənistan modeli bir dövlət istəyir. Kreml istəyir ki, Bakı Krımı onun ərazisi kimi tanısın, işğal edilmiş Gürcüstan və Ukraynanın digər bölgələrindəki separatçı rejimləri müstəqil dövlət olaraq qəbul etsin. Hətta istəyir ki, bundan sonra harasa hücum etsə, hansı ölkəni, vilayəti ələ keçirsə, rəsmi Bakı oranı Rusiya kimi tanısın.

Bundan başqa, Rusiya bu gün Azərbaycan ordusuna nəzarət edə bilmir. Bu iki məsələdə özünü büruzə verir: Nəcməddin Sadıkov və onun kimi agenturanın digər şəbəkəsinin çökdürülməsi və Azərbaycan ordusunun maddi-texniki bazasının, əsasən, Türkiyə, İsrail, Belarus və digər dövlətlərdən təmin edilmiş silahlarla zənginləşdirilməsi.

Beləliklə, Rusiya faktiki olaraq Azərbaycan ordusuna nəzarəti həm canlı qüvvə baxımından, həm də maddi-texniki baza olaraq itirməkdədir. Nəzərə almaq lazımdır ki, kəmiyyət olaraq Azərbaycan ordusu Rusiya ordusundan xeyli geridə olsa da, dünyanın ən müasir silahlarını, həm də fərqli ölkələrdən təmin etməklə Azərbaycan ordusunun maddi-texniki bazası keyfiyyət baxımından rus ordusunu üstələyir. Təkcə qitələrarası, hipersonik və nüvə silahlarını nəzərə almaqla rus ordusunun açıq-aşkar üstün olduğu elə ciddi fərqlər yoxdur. Üstəlik Qarabağda işğalın bitməsi ilə Rusiya Azərbaycan və indiki Ermənistan iqtidarına qarşı istifadə etdiyi əsas təzyiq vasitəsini də itirib.

Ancaq bununla da bitmir, Rusiya iqtisadi baxımdan da Azərbaycanın inkişafına və müstəqil xarici addımlarına qısqanclıqla yanaşır. Azərbaycan Rusiyanın Avropanı enerjisi asılılığında saxlamaq siyasətinə boyun əymir. Özü enerji layihələri ilə bağlı qərarlar verir. Rusiya isə istəyərdi ki, Azərbaycan da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Kremlindən “icazə ilə” hərəkət etsin. Ancaq bu, hələ 1998-ci ildə Türkiyə və ondan sonra bəzi Avropa dövlətləri ilə anlaşmalar sayəsində mümkün olmadı.

Qısacası, rusların öz dili ilə desək, “bapbalaca Azərbaycan” Rusiya boyda imperiyanın bütün təzyiq və təqiblərinə baxmayaraq, dünyaya açılır, əlaqələr qurur, Çindən Britaniyaya gedəcək layihələrin işləməsi üçün effektiv addımlar atır, hər kəslə işləyir, dünyanın bütün nöqtələrində əsas məsələlərdə yer alır. Axı Rusiya onu belə təsəvvür etmirdi. Axı Rusiya qapana qısılmış qalmış, Kremlin diqtəsində nəfəs alıb-verən bir Azərbaycan istəyirdi. Olmadı.

Minillərdir dünya siyasətində yeri olan, fərqli dövlətlərlə fərqli zamanlara hökm edən Azərbaycan dövlətçiliyi 200-300 illik müstəmləkənin vurduğu yaraları sağaltmaqdadır, köklərinə qayıtmaqdadır. Köklərinə qayıtdıqca güclənməkdə, şaxələnməkdədir. Qol-budağı genişlənməkdə, təkcə özü üçün deyil, imperializm və faşizm, həmçinin rasizmdən əziyyət çəkən hər kəsi öz kölgəsi altına almaqdadır. Axı ruslar belə təsəvvür etmirdi…

Ona görə də, bu gün Rusiya Azərbaycanı çağdaş sivil yöntəmlərlə “sıradan çıxara bilmədiyini” görür, anlayır. Tarixi yaddaşına qayıdır. Terror dövləti Rusiya yenidən dövlət terroruna əl atır. Bununla da, Azərbaycana gözdağı vemrəyə çalışır. Amma bu gün reallıq başqadır. Bir zamanlar vardı ki, dövlət terrorunu Rusiya öz əli ilə deyil, Ermənistanın əli ilə edirdi.

Məhz bu “dəyər” – terror dövlətçiliyi bu ikilini birləşdirən əsas amildir. Ancaq bu Paşinyan iqtidarı Qərbi seçib, Ermənistanın türk dünyası ilə müharibə şəraitində yaşamasının ermənilərin maraqlarına deyil, tamamilə rusların maraqlarına xidmət etdiyini anlayır. Ona görə də Rusiya bu gün terror siyasətini onların əli ilə etdiyi erməniləri, Ermənistan dövlətini itirib və məcburdur ki, özü etsin. Edir də. Vaxtaşırı azərbaycanlılara, özbəklərə, qazaxlara, qırğızlara və digərlərinə qarşı edilən rasist addımlar bunun sübutudur. Ancaq mütləq həqiqət dəyişmir:

– Bütün imperiyalar çökür. Bundan qaçış yoxdur. Lakin hər hansı bir imperiya çökəndə həmin imperiyanın əsas etnosu məhv olmayıb. Rusiya imperiyasının etdikləri isə rusların milli varlığı baxımından çox təhlükəli yerə doğru gedir. Məsələn, Rusiya bir zaman gələcək, parçalanacaq. O zaman rusları məhvdən Ukrayna adlı qardaş dövlət qoruya bilərdi. Dil eyni, din eyni, irq eyni. Amma Putinin rasist ideologiyası Rusiyanı ən yaxın dövlətlə belə düşmən etdi. İndi elə bir reallıq formalaşıb ki, gedişatı dəyişməsələr, bir gün Rusiya parçalananda, bəlkə də, elə birinci ukraynalılar rusları qıracaq. Azərbaycan, Mərkəzi Asiya, Baltikyanı, bir sözlə, hər yerdə bütün millətlərə qarşı soyqırımı, kütləvi qırğın ediblər. Hər kəs, hər millət bütünlüklə olmasa da, çoxluq etibarilə ruslardan nifrət edir, bir çoxları intiqam gününü gözləyir.

Qeyd etdiyimiz kimi, Putinin hakimiyyətə nəzarəti yeni ideoloji axın yaradıb – rasizm. Bir vaxtlar faşizmlə dünyanı idarə edəcəyini düşünən Hitler Almaniyasının sonu hər kəsə bəllidir. Rusiya isə nəinki (dövrün şərtləri nəzərə alınmaqla) o dövrün Almaniyası qədər güclüdür, heç Ukraynanı ram edə bilməyəcək qədər acizdir. Rasizm zamanla anti-Rusiya dalğasını bütün dünyaya yaya bilər. Etimal ki, zamanla yayacaq…

Biz isə Azərbaycan xalqı, Azərbaycan dövləti olaraq tək bir mövqedən çıxış edib Rusiyanın anti-Azərbaycan addımlarına layiqli cavab verməliyik. Qorxmadan, çəkinmədən milli maraqlarımızı ruslara da, dünyaya da müdafiə etdiyimizi göstərən real addımlar atmalıyıq:

– Rus məktəbləri birmənalı bağlanır;

– Rusiyanı sanksiyalardan xilas edən “Azərbaycan qapısı” bağlanır;

–Oradan qayıdacaq azərbaycanlıların axınına hazırlaşılır: Qarabağdakı potensialı düzgün yönləndirməyin vaxtıdır. Monopolist inkişaf heç kimə lazım deyil. Rusiyadakı soydaşlarımızın vətənimizdə təmsil olunacağı yeni biznes layihələr düşünmək lazımdır. Oradakı mal varlığını hamı götürüb Azərbaycanda əl-ələ verib böyük və güclü Azərbaycan dövlətinin inşasına başlamalıyıq,

– Mədəniyyət, sosial, iqtisadi və hərbi-siyasi bütün sahələrdə Rusiya “ikinci plana”, hətta üç və sonrakı planlara atılır;

– Fransaya qarşı mübarizə paralel şəkildə Rusiyaya qarşı (ən azından Azərbaycana qarşı nakişilik dayanana qədər) təşkil olunur.

Bu barədə bir sonrakı yazıda daha geniş danışılacaqdır.