Aktual

Rusiyanın Cənubi Qafqazdan getməsi üçün… – Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

“Füyuzat”ın məlumatına görə, Paşinyan müsahibəsi zamanı Rusiyanın Cənubi Qafqazı tərk etməsinə toxunub.

O bildirib ki, müxtəlif səbəblərdən hazırda Rusiya Qafqazı tərk edir: “Biz bilmirik hansı səbəblərdən dolayı, ancaq hazırda Rusiya Cənubi Qafqazı tərk edir. Bir gün oyanıb görə bilərik ki, Rusiya artıq burada deyil. Bu bizi narahat edir”.

Ermənistan baş nazirinin bu açıqlaması maraqla qarşılanıb. Ermənistan dövlətinin Rusiyadan müxtəlif sahələrdə asılı olduğu bir zamanda Paşinyanın sözləri həm Rusiyada, həm də Ermənistandakı rus meyilli qüvvələrdə birmənalı qarşılanmayıb. Açıqlama onun anti-rus düşüncələrinin təzahürü kimi yorumlanıb, Paşinyan iqtidarının Rusiyaya qarşı siyasət izlədiyi istiqamətindəki müzakirələri yenidən canlandırıb.

“Füyuzat” mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib. O bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına verdiyi açıqlamada anti-Rusiya isteriyasını aydın görmək olur:

“Bu onu göstərir ki, Rusiya–Ermənistan münasibətləri son dərəcə gərgindir. N.Paşinyan Rusiyanı Ermənistandan çıxarmağa çalışır. Əlbəttə ki, Qərbdən də bununla bağlı ona bəzi təlimatlar verilib, Ermənistan baş naziri üzərinə öhdəliklər götürüb. Hətta Ermənistan tərəfindən Gümrü hərbi bazasına qarşı hərbi insidentlər təşkil olunur. Artıq bu barədə də məlumatlar var. Paşinyan Rusiyanı öz iqtidarına qarşı təhdid kimi görür və onun Ermənistandan çıxmasını labüd bilir. Məhz Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı da mövqe ortaya qoyacağı gözləniləndir. Düşünürəm ki, Rusiya Ukraynadakı müharibədə məğlub olarsa, Ermənistanda da mövqeləri zəifləyəcək”.

Politoloq bölgədəki separatçıların Rusiyanın maraqları üçün istifadə edildiyini bildirib: “Həmçinin, Rusiya Qarabağ separatçılarını istifadə edərək, Azərbaycan və Ermənistan arasında sülh əldə edilməsini əngəlləməyə çalışır. Əgər Paşinyan həqiqətən də, Rusiyanın regiondan çıxarılmasına çalışırsa, ilk növbədə Azərbaycan–Ermənistan sülh müqaviləsi bağlanmalıdır. Rusiya bütün bunların fərqində olduğu üçün sülhə imkan vermir, insidentlər törədir və müxtəlif təxribatlara əl atır”.

M.Əsədullazadə əlavə edib ki, Paşinyanın dediklərinin reallaşdırılması üçün onun praqmatik addımlar atması lazımdır:

“Nikol Paşinyanın praqmatik siyasətçi olduğunu düşünmürəm. Situasiyaya uyğun olaraq qərarlarını dəyişə bilər. Əgər o praqmatik siyasətçidirsə və Rusiyanı öz ölkəsindən çıxarmaq istəyirsə, əlbəttə ki, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Rusiya isə regiondan getmək istəmir. Ona görə də Ermənistanla Azərbaycan arasında münasibətləri müxtəlif yollarla, həmçinin separatçıların əli ilə gərgin saxlamağa çalışır, çalışacaq”.