Hürzət Təhməzli Köşə Yazıları

Sağlığında qiymət verin insanlara…

Zaman heç kimin yolunu kəsə bilmədiyi səssiz bir yolçudur. Gah asta, gah da amansızcasına qaçır bizdən. Günlər keçir, illər bir göz qırpımında ötüb gedir. Yaş artır, ömür isə yavaş-yavaş əriyir. Biz isə hələ də boş şeylərin arxasınca sürünür, dəyərli anları ucuz məqamlarla dəyişirik. Sosial şəbəkələrdə sərf etdiyimiz vaxtın yarısını belə sevdiklərimizə ayırmırıq. Onları incidir, bəzən tamamilə unuduruq. Düşünmürük ki, bu gün gördüyümüz bir sima sabah, bəlkə də, olmayacaq. Düşünmürük ki, bir gün hər şey üçün gec olacaq. Cabir Novruzun sözləri ilə desək:

Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.

Bu misralar təkcə bir şeirin sözləri deyil, həyatı dərk etmiş bir qəlbin harayıdır. “Sağlığında” deyilən söz həyatdır, əbədi xatirəyə çevriləcək bir izdir. Bəzən bir “səni çox istəyirəm” demək, bir “səninlə fəxr edirəm” söyləmək qarşı tərəfin dünyasını işıqlandırar, ürəyində sevinc, gözlərində həyat eşqinin qığılcımını yaradar. Amma biz bu sözləri deməyi nədənsə çox görürük, dilimizə ağır gəlir, ya da guya vaxtı deyil… Halbuki elə bu gün, bu saat, bu an hər şey üçün ən uyğun zamandır. Söz varsa ürəyində, de. Kiməsə dəyər verirsənsə, göstər. Gözləmə, “sonra” demə, çünki “sonralar” çox zaman gecikmiş peşmanlıqların ünvanıdır.

Demək istədiyimiz sözü indi deyək, getmək istədiyimiz yerə bu gün gedək. Qoy, sözlər ürəyimizdə boğulmasın, yollar niyyətimizdə ilişib qalmasın. Sevdiklərimizi dinləyək, onların iç səsinə qulaq asaq. Bəlkə də, onların dərmanı nə bir həkimdə, nə bir dərmandadır. Bəlkə də, sadəcə bizim dinləməyimizdə, varlığımızda, göstərdiyimiz sevgi və diqqətdədir. Bəzən bir qucaq, anlayış dolu sükut bir insanın bütün acısını ovuda bilər. İnsanlar sağ olanda sevilmək, dəyərləndirilmək istəyir. Heç kim soyuq bir məzar daşında gecikmiş gül dəstəsinə ehtiyac duymur.

Gəlin sevdiklərimizə zaman ayıraq. Bir az daha şəfqətli, anlayışlı, diqqətli olaq. Sevdiklərimizi yaşadıqları müddətdə sevindirək, dəyər verək, onların varlığını hiss etdirək. Çünki sabahın nə gətirəcəyini heç kim bilmir. Amma bu gün biz buradayıq. Və bu gün etdiklərimiz sabahın peşmanlığı yox, qüruru olsun.