Xəbərlər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi seminar keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində Soyqırımı Memorial Kompleksində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti: yeni tapıntılar kontekstində” mövzusunda elmi seminar keçirilib.

Tədbir AMEA Arxeologiya və Antropologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Quba şəhərində Soyqırımı Memorial Kompleksi, Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir iştirakçılarını salamlayan Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova belə tədbirlərin əhəmiyyətindən danışaraq, şimal-şərqi Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından elmi seminarların, birgə arxeoloji tədqiqatların, muzeylərlə təhsil müəssisələri arasında əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. O, bölgədə aparılan arxeoloji qazıntıların Azərbaycanın qədim şəhər mədəniyyətinin tarixinin daha dərindən öyrənilməsinə imkan yaratdığını qeyd edib.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini və İctimai elmlər kafedrasının baş müəllimi Dr. Mürvət Əliyev çıxış edərək, tarixi-mədəni irsin tədqiqi və təbliğində elmi müəssisələrlə ali təhsil ocaqları arasında əməkdaşlığın əhəmiyyətindən, tələbələrin bu prosesə cəlb olunmasının vacibliyindən bəhs edib.

Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva çıxışında bölgənin zəngin arxeoloji irsinin qorunması, tarixi abidələrin tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışaraq, bu sahədə birgə elmi fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Şabran Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov məruzə ilə çıxış edərək Şabran ərazisində aparılan son arxeoloji tədqiqatların nəticələri, yeni aşkar edilmiş yaşayış məskənləri, müdafiə istehkamları və maddi-mədəniyyət nümunələri haqqında məlumat verib. O, yeni tapıntıların bölgədə erkən şəhər mədəniyyətinin inkişaf mərhələlərini daha dəqiq müəyyənləşdirməyə imkan verdiyini diqqətə çatdırıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev “Şimal-şərqi Azərbaycanın erkən şəhər mərkəzlərində aşkar edilmiş maddi-mədəniyyət nümunələri” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin fondlarında qorunan arxeoloji tapıntılar, onların elmi dövriyyəyə cəlb olunması və erkən şəhər mədəniyyətinin formalaşmasında oynadığı rol barədə ətraflı məlumat verib.

Seminar çərçivəsində digər çıxışlarda aparılan elmi-tədqiqat işləri, tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən tədbirlər, həmçinin erkən şəhər mədəniyyətinin öyrənilməsində gənc tədqiqatçıların və tələbələrin rolu müzakirə olunub.
Sonda mövzu ətrafında elmi müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.