Mədinə Məcidli Xəbərlər

Səslərin gizli harmoniyası: 432 hz mifi və reallığı

“Gizli tezlik” kimi təqdim olunan 432 Hz mövzusu son illərdə musiqi həvəskarlarını, həmçinin “enerji”, “vibrasiya” anlayışlarına maraq göstərən insanlar arasında geniş yayılıb. Söhbət musiqidə əsas istinad səsinin – “La” notunun hansı tezlikdə köklənməsindən gedir. Müasir dünyada standart olaraq qəbul edilən sistemdə “La” notu 440 Hz-dir. Beynəlxalq səviyyədə qəbul olunmuş normadır və orkestrdən studiya yazılarına qədər demək olar ki, hər yerdə istifadə olunur. 432 Hz tərəfdarları iddia edirlər ki, əgər eyni musiqi 440 yox, 432 Hz-ə uyğun köklənsə, daha “harmonik”, “təbii” və “insan ruhuna uyğun” səslənir.

Tarixi baxımdan məsələ bir az qarışıqdır. Çünki keçmişdə musiqi üçün vahid standart yox idi və müxtəlif şəhərlərdə, saraylarda hətta eyni dövrdə belə fərqli tezliklərdən istifadə olunurdu. Bəzi yerlərdə 430 Hz-ə yaxın, bəzilərində 450 Hz-ə yaxın səslənmə vardı. XX əsrdə beynəlxalq uyğunluq yaratmaq üçün 440 Hz standart kimi qəbul edildi. Ona görə də “əslində qədimdə hamı 432 Hz istifadə edirdi” fikri bir qədər mifə bənzəyir, çünki tarixdə bu cür universal bir sistem olmayıb.

432 Hz-in tərəfdarları isə daha çox onun “təbiətlə uyğunluğu” ideyasını irəli sürürlər. Onlar deyirlər ki, bu tezlik kainatdakı riyazi harmoniyalarla, hətta planetlərin hərəkəti və “kosmik vibrasiya” ilə əlaqəlidir. Bəziləri bunu su molekulları, insan bədəni və ya ürək ritmi ilə əlaqələndirməyə çalışır. Hətta belə fikirlər də var ki, 432 Hz insanı daha sakitləşdirir, stressi azaldır, daxili tarazlıq yaradır. İddiaların çoxu elmi cəhətdən sübut olunmayıb və daha çox subyektiv hisslərə əsaslanır.

Elmi baxımdan yanaşsaq, 432 Hz ilə 440 Hz arasında fərq çox kiçikdir – təxminən 8 Hz. Qulaq üçün “fərqli dünya” yaradacaq qədər böyük dəyişiklik görünmür, yenə də musiqiçilər üçün incə ton fərqi kimi hiss oluna bilər. Bəzi insanlar həqiqətən 432 Hz-də olan musiqini daha “yumşaq” və “dərin” kimi təsvir edir, digərləri isə heç bir fərq hiss etmir. Bu da onu göstərir ki, məsələ daha çox şəxsi qavrayış və psixoloji təsir ilə bağlıdır.

Maraqlı tərəflərdən biri də odur ki, internetdə tez-tez “440 Hz insanlara zərər verir” və ya “432 Hz gizlədilir” kimi iddialar yayılır. Fikirlərin arxasında bəzən konspirasiya nəzəriyyələri dayanır, ciddi elmi əsas yoxdur. 440 Hz sadəcə praktiklik və uyğunlaşma üçün seçilmiş bir standartdır. Musiqi alətləri, orkestr uyğunluğu və texniki səbəblər bu qərarın əsasını təşkil edib.

432 rəqəmi riyazi baxımdan “bölünməsi asan” bir ədəddir və bu səbəbdən bəzi nəzəriyyəçilər onu “harmonik sistemlərə uyğun” hesab edir. Məsələn, 432 rəqəmi 2, 3, 4, 6, 8, 9 və 12 kimi ədədlərə rahat bölünür. Bu isə qədim musiqi sistemlərində istifadə olunan interval və ritm quruluşları ilə əlaqələndirilir. Hətta bəzi iddialara görə, qədim Misir və Hind musiqisində bu tip harmonik yanaşmalar mövcud olub, amma bunu birbaşa 432 Hz standartı ilə bağlamaq yenə də tam sübut olunmayıb.

Psixoloji tərəfdən baxanda isə burada “gözlənti effekti” deyilən bir anlayış var. İnsan əvvəlcədən inanırsa ki, 432 Hz onu sakitləşdirəcək, bu inancın özü belə real təsir yarada bilər. musiqinin özü ilə yanaşı, insanın ona yüklədiyi məna da hisslərini dəyişir. Bu səbəbdən bəzi insanlar üçün 432 Hz həqiqətən daha rahatladıcı olur, digərləri üçün isə heç bir fərq yaratmır.

Hazırladı: Mədinə Məcidli