“Koreya Milli Demokratik Respublikasının (KXDR) nüvəsizləşdirilməsi konsepsiyası artıq mümkün deyil, Pxenyan ardıcıl olaraq Silahlı Qüvvələrini nüvə silahı ilə gücləndirməyə davam edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə KXDR Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Xarici işlər Nazirliyi həmçinin ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici siyasət idarələrinin rəhbərlərinin bu yaxınlarda Münxendə keçirilən görüşünü sərt tənqid edib. Belə ki, bu görüşdə KXDR-in tam nüvəsizləşdirilməsinə nail olunması tezisi bir daha səsləndirilib.
“ABŞ və onun peyklərindən düşməncə təhdidlər olduğu müddətdə KXDR üçün nüvə silahı sülh və suverenliyin təminatı, habelə konstitusiya ilə təmin edilmiş özünümüdafiə vasitəsidir. Ölkə nüvə silahlı qüvvələrinin gücləndirilməsi ilə bağlı dövlət başçısının yeni kursuna ardıcıl olaraq sadiq qalmağa davam edəcək”, – bəyənatda bildirilib.