7-8 il əvvəl Sakarya Universitetinin kitabxanasında adətim üzrə dissertasiya tədqiqatımla məşğul ikən qədim dostum, dövrün gənc tarixçisi Dilqəm Əhməddən şəkilli bir votsap mesajı aldım. Şəkil İstanbul məzarlıqlarının birində baxıma və qayğıya möhtac bir azərbaycanlı mühacirin məzarı idi. Dilqəm insan dostuna gileylənər misalı mənə sərzəniş də edərək “sən isti kitabxanada tədqiqat apararkən mən məzarlıqlar gəzirəm” yazmışdı. Xülasə, Dilqəmin məni İstanbula aparan, bu yazını yazdıran 8-9 illik İstanbul fəaliyyəti məhz bu şəkillə başlamışdı…
Budur! Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunun, xüsusilə baş konsul Nərminə xanım Mustafayevanın diqqət və qayğısı ilə Dilqəm Əhmədin zəhməti, əslində, vətənə xidməti mükafatlandırıldı. Beləliklə, müstəqillik tarixində modern Azərbaycanın, Cümhuriyyətin keçmişinə dair samballı mətnlərdən biri məhz mühacirlərin sığındığı İstanbulda Azərbaycan dilində işıq üzü gördü. Daha doğrusu, bu kitab İstanbulun müxtəlif məzarlıqlarında unudulmağa tərk edilmiş cümhuriyyət keçmişi yazıya köçürülərək kimliyimizin bir parçası olmağa davam etdirildi.
Dilqəm mənə kitabının nəşr olunacağını və İstanbulda təntənəli təqdimat keçiriləcəyini söylədiyində ilk reaksiyam “mütləq mən də iştirak edəcəm” şəklində olmuşdu. Ancaq konsulluqdan dəvətnamə almaq mümkün olacaqmı, dəvət alacağım təqdirdə, bilet tapılacaqmı, heç bir fikrim yox idi. Lakin qərarım belə idi ki, bu, Dilqəm üçün 8-9 illik tədqiqatının nəticəsidir və mən də orada olmalıydım. Sevindirici hal odur ki, tədbirdə iştirak edə biləcək az saylı azərbaycanlılardan biri olaraq dəvəti ala bildik. Bunun üçün, əlbəttə, konsulluğumuza dərin təşəkkür bildirməyi özümə borc bilirəm.
İstanbula gəlməyin yolunu, əslində, Türk Dövlətləri Təşkilatının qurucu sənədi olan Naxçıvan müqaviləsinin 15-ci illiyi münasibətilə dəvət olunduğum beynəlxalq tədbirdə tapdım. Belə ki, İbn Haldun Universiteti Heydər Əliyev Araşdırmalar Mərkəzinin müdiri, əziz dostum – professor Yaşar Sarı məni Manas Forumuna dəvət etdi. Beləliklə, İstanbul bileti doğma Naxçıvanda öz həllinə qovuşdu. Manas Forumunu uğurla başa vurub bitirdən sonra növbəti günü səbrsizliklə gözləməyə başladım.
18 oktyabr günü heç olmadığı qədər erkəndən oyandım, özbək dostum Muradcan Mustafayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının qərargahına bərabər ziyarətə gedəcəyimiz qazax həmkarım Dr. Gabit Zuhatayı erkəndən İstanbulun yollarına çıxmağa vadar etdim. Axı axşam mühüm bir tədbirdə olmalı idim! TDT-da görüşümüz türk qəhvəsinin özünəməxsus qoxusunun müşayiətilə qırx il xətri olacaq şəkildə baş tutdu. Qazax həmkarımı Qazaxıstana getmək üzrə yola saldıqdan sonra Levəndəki kitab təqdimatının baş tutacağı otelə yollandım. Adətim üzrə istər Türkiyədə oxuduğum illərdə, istərsə də səfərlərim əsnasında vapur səfərlərinə (İstanbulda Anadolu hissəsindən Avropa hissəsinə keçmək üçün təşkil olunan dəniz nəqliyyatı) xüsusi diqqət yetirirəm. Ancaq kitab təqdimatında iştirak necə mənə təsir edibsə, təxminən 25 dəqiqəlik vapur səfərindən tək xatırladığım minərkən körpə evladlarını mindirməyə çalışan rus qadına köməyim, bir də vapurda meyvə suyu almaq üçün kiçicik oğlunu dəfələrlə vapurun marketinə göndərən azərbaycanlı qadının cingiltili səsi idi. Bir xeyli hadisəni də xatırlayırammış. İşim yoxdur.
Hadisə yerinə yetişdiyimdə Fətəli Xan Xosykinin qardaşı nəvəsi Kərim Məhəmmədzadə ilə bərabər ilk gələnlərin ikimiz olduğunu gördüm. O, həm ailə üzvlərinin, həmçinin şəxsən tanış olduğu (özünün dediyi kimi, ilk mühaciləri tanıyan, şəxsən təmasda olmuş və həyatda olan son azərbaycanlıdır) mühacir azərbaycanlıların həyatlarına aid kitabı görməyə, mən isə haqqında dissertasiya, kitab, məqalələr yazdığım, dərslər, seminarlar verdiyim modern Azərbaycanın qurulmasında rolu olmuş, ancaq özləri Azərbaycandan ayrı düşmüş mühacirlərimizi görməyə tələsmişdim…
AYB sədri, xalq yazıçısı Anarın irəliləmiş yaşına rəğmən, tədbirə gəldiyini eşidəndə orada olmaq üçün sərf etdiyim əməyin nə dərəcə əhəmiyyətli olduğunu anladım! Yeri gəlmişkən, Anar səfir, keçmiş xarici işlər naziri professor Vilayət Quliyevin “irəliləmiş yaşınıza rəğmən, burada olmağınız böyük hadisədir” mahiyyətində sözünə etiraz edərək yaşına toxunulmasına öz üslubu ilə etiraz etdi. Çıxışında isə belə bir kitabın məhz Rəsulzadə haqqında da yazılmalı olduğunu və 99 yaşında da olsa, mütləq gəlib iştirak edəcəyini bildirdi.
Konsulluğun əməkdaşı, konsul Zaur Allahverdizadədən ilk xahişim kitab oldu. Müəllif salona girən kimi qonaqlar gəldikdən sonra vaxt qalmayacağını bildiyim üçün ilk iş kitabı oğlum üçün imzalatdım. Beləliklə, ötən əsrə aid Azərbaycan izini yeni əsrin insanı olacaq oğluma miras qoymuş oldum. Yavaş-yavaş qonaqlar gəlməyə başladı, ancaq mən əvvəlcə kitabı incələməyə başladım.
Kitab İstanbulun müxtəlif məzarlarında dəfn edilmiş azərbaycanlılardan bəhs edirdi. Təbii olaraq, kitab böyük azərbaycanlı Ağaoğlu və ailəsi ilə başlayırdı. Gözüm dərhal böyük türk Əli bəy Hüseynzadəni axtardı… Qaraca Əhməd məzarlığında dəfn edilmiş Əli bəy və ona aid şəkillər və əsərlərinin bir qismi öz yerini almışdı… Xülasə, kitab İstanbul məzarlığında səssizcə qurulmasında sədaqlətlə əmək sərf etdikləri, həsrət qaldıqları Azərbaycanı gözləyən keçmişimizdən ibarətdir.
Tədbir həm mənim, həmçinin Dilqəmin Türkiyəyə oxumağa getməyində mənəvi rolu, dəstəyi olan Mərmərə Universitetinin professoru Mehdi Gənclənin özünə məxsus moderatorluğunda başladı. Sırasıyla baş konsul – Nərminə xanım Mustafayeva, sonra səfir, keçmiş Xarici İşlər Naziri professor Vilayət Quliyev, AYB sədri, xalq yazıçısı Anar, türkiyəli millət vəkili Şamil Ayrım, Xoyskinin qardaşı nəvəsi Kərim Məhəmmədzadə, böyük Azərbaycanlı Əhməd Ağaoğlunun qardaşı nəvəsi Nigar Axundova və əlbəttə, kitabın müəllifi Dilqəm Əhməd danışdı. Beləliklə, Türkiyə üçün kiçik ancaq biz azərbaycanlılar üçün böyük bir hadisə olan “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı başa çatdı.
Dərslərimdə tələbələrimə vurğuladığım bir fikir var ki, dövlətiniz yoxdursa, xalq olaraq mövcudiyyətinizin elə də bir əhəmiyyəti qalmır. 18 oktyabrda bir zamanlar Azərbaycan xalqı üçün dövlət qurmaq üçün mübarizə aparmış azərbaycanlıların izləri bugünün müzəffər və güclü Azərbaycan dövləti tərəfindən qorunmuş oldu. Əks halda, qədim dostum Dilqəm Əhməd bu çətin və şərəfli vəzifənin öhdəsindən təkbaşına gələ bilməzdi. Bu məqsədlə İstanbulda Azərbaycan dövlətini təmsil edib vətəndaşların qayğısına qalan, məsələləri ilə məşğul olan konsulluğumuza, başda konsul xanım Nərminə Mustafayevaya, Zaur Allahverdizadəyə və digərlərinə təşəkkür etmək lazımdır. Bu möhtəşəm tədbir və kitab Türkiyə cəmiyyətinin sənət, mədəniyyət, iqtisadiyyat beşiyi olan İstanbulda Azərbaycan icmasına olan münasibəti də dəyişəcəkdir. Çünki ancaq kitabı olanlar var olmaq haqqı və imkanı qazanırlar. Bu isə arxada güclü bir dövlətlə mümkün olur.
Əsas olan Azərbaycandır!